1939-cu il avqustun 23-də Moskvada imzalanmış Molotov-Ribbentrop paktından bir həftə sonra sentyabrın 1-də Almaniya Polşaya hücum etdi. Bundan iki gün sonra İngiltərə və Fransanın Almaniyaya savaş elan etməsi ilə müharibə qaçınılmaz oldu. Sovet-Alman paktının şərtlərinə uyğun olaraq Almaniyanın ardınca sentyabr ayının 17-də Sovet orduları Polşaya daxil oldu və sentyabrın 23-də Polşanın işğalının başa çatdırılması münasibətilə Brest şəhərində birgə sovet-alman paradı keçirildi.
Sentyabrın 28-də SSRİ ilə Almaniya arasında dostluq və sərhədlər haqqında müqavilə imzalandı. SSRİ ilə Almaniya arasında imzalanan bu pakt və gizli protokollar Adolf Hitlerin planlarını sürətli şəkildə həyata keçirməsinə səbəb oldu. İtaliya və Yaponiyanın da savaşa qatılması ilə tarixə İkinci Dünya müharibəsi kimi düşən dünya düzənini yenidən şəkilləndirən hadisələr başlamış oldu.
Dönəmin məşhur türk jurnalistlərindən Əhməd Emin Yalmanın “məcburi izdivac” adlandırdığı SSRİ-Almaniya müqaviləsinin ömrü qısa çəkdi. 1940-cı il dekabrın 5-də Almaniya rəhbərliyi SSRİ-yə hücum planını müzakirə etdi, Hitler 1940-cı il dekabrın 18-də “Barbarossa planı”nı təsdiqlədi. 1941-ci il iyun ayının 22-də isə Almaniyanın SSRİ-yə hücumu gerçəkləşdi. Bununla da Azərbaycan məcburi şəkildə SSRİ-nin tərkibində dünya müharibəsində iştirak etmiş oldu. İkinci Dünya müharibəsi Azərbaycan ərazisindən uzaqda başlasa da, almanların SSRİ-yə hücumu ilə bilavasitə savaşın iştirakçısına çevrildi.
1941-ci ilin iyunundan 1944-cü ilin yanvarına qədər Azərbaycan SSR-dən 553 min 910 nəfər orduya çağırıldı. Onlardan müharibənin başlanğıcından 1943-cü ilin noyabrına qədər Qırmızı Orduya 473 min nəfər göndərildi.
Müharibəyə göndərilənlər arasında Azərbaycanın ali təhsil almış ziyalı insanları, müəllimləri də kifayət qədərdi. Almanlar bu şəxsləri əsir götürdükləri zaman onların potensialından istifadə etməyə başladılar. Nəticədə bəzi tədqiqatçıların “Azərbaycan Legion ədəbiyyatı” kimi ifadə etdikləri müharibə ədəbiyyatı da formalaşdı.
Müharibədə əsir düşən bu insanlar həm müharibə illərində, həm də savaşdan sonra həyatlarına davam etdikləri ölkələrdə ədəbiyyatla, tarixlə məşğul olmağa, əsərlər yazmağa davam etdilər.
Məsələn, müharibə dövründə “Azərbaycan legionunun səyyar kitabxanası” seriyasından bir neçə kitab nəşr olunub. İlk kitab İbrahimoğlu (Cabbar Ərtürk) imzası ilə 1944-cü ildə Berlində çıxan “Azərbaycanın istiqlal mübarizələri” adlı əsərdir. Fətəlibəylinin keçirdiyi qurultaydan sonra “Azərbaycan Milli Birlik Qurultayı. 6 Noyabr 1943” adlı seriyanın 4-cü kitabı nəşr olunub.
Əsirlərdən Ənvər Qazıyev Bakıda verdiyi ifadəsində çap olunmuş əsərlər arasında Nəriman Nərimanovun “Bahadır və Sona”, Ceyhun Hacıbəylinin tərtib etdiyi “Atalar sözləri”, Şyenfeldin “Azərbaycan dilini öyrənmək üzrə təlimat”, Lətif Kərimovun tərtib etdiyi “Azərbaycan şeirləri almanaxı” əsərlərinin adlarını çəkib. Ə.Qazıyev həmçinin Sovet Azərbaycanında qadağan edilmiş yazıçıların əsərlərindən ibarət “Azərbaycan yazıçılarının əsərləri” almanaxından və Cabbar İbrahim oğlu Məmmədovun “Azərbaycanda milli hərəkat” adlı əsərindən bəhs edib.
Müharibə illərində Cəlil İskəndərin redaktorluğu ilə “Gənc yaradıcılar” jurnalı, “Milli birlik” qəzeti dərc edilib.
Azərbaycanlılar Berlindəki ümumtürk mətbu orqanı olan “Türk birliyi” qəzeti ilə də əməkdaşlıq ediblər. 1944-cü ildə Ənvər Qazıyevin redaktorluğunda “Hücum” qəzeti çıxmağa başlayıb. Dövrün ən mühüm orqanı isə latın qrafikası ilə çap olunan “Azərbaycan” qəzeti idi. Berlində çıxan qəzet 6-8 səhifə, 10-20 min arası tirajla çıxıb. Redaksiyada 10 nəfər ştatlı işçi çalışıb. Onlar alman ordusunun hərbi qulluqçuları sayılıb, geyim və əməkhaqqı ilə təmin olunublar.
Ramiz Abutalıbovun yazdığına görə: “162-ci türk diviziyasında “Bizim döyüşümüz” adlı həftəlik bülleten, ikinci legionda isə rusdilli “Azadlıq” (Svoboda) dərc olunurdu. “Svoboda”dan başqa bütün mətbuat Azərbaycan dilində nəşr edilirdi. Legion komandiri fon Nidermanın təşəbbüsü ilə dərc olunan həmin legioner qəzeti 1943-cü ilin axırlarında bağlandı. “Milli səyyar kitabxana” devizi altında ümumi tirajı 300 min olan ona yaxın müxtəlif mövzuda kitab və broşür və Azərbaycanca-almanca 25 min nüsxə lüğət dərc olunmuşdu”.
Müharibədən sonra əsirlərdən Abay Dağlı “Rana” imzası ilə “Onlar türklərdi” əsərini yazıb. Dağlı mühacirət illərində Türkiyənin İstiqlal müharibəsi, Kipr mücadiləsi və Mustafa Kamal Atatürkün həyatı və mübarizəsi, eləcə də Füzuli ilə bağlı müxtəlif pyeslər yazıb. Onun “Əsir ruhlar”, “Okullular”, “Sakaryada 22-ci gün”, “Atamızın gəncliyi”, “Bir may gecəsi”, “Dədə Qorqud”, “Malazgirddən Sakaryaya”, “Füzuli”, “Füzuli həyatının 13 səhnəli hekayəsi” və s. əsərləri mövcuddur. Şair Teymur Atəşli müharibədən sonra “Mücahid”, “Azərbaycan”, “Türk birliyi” kimi jurnallarda şeir və pyeslərini, Türkiyənin “Hürriyyət” qəzetində isə “Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk” adlı maraqlı xatirələrini dərc etdirib. Əsirlərdən Cabbar Ərtürk Türkiyəyə yerləşdikdən sonra “Anayurdda unudulan türklük” (Kayseri, 1956), “Üçüncü dünya hərbinin zəngləri çalınırmı?” (Kayseri, 1957), “Türkiyə türkləri və ana yurddakı türklərin qurtuluşları” (Kayseri, 1957), “Türk milliyyətçiliyi” (Kayseri, 1958), “Atatürkün süfrəsində türk milliyyətçiliyi” (Ankara, 1994) kitabları çap olunub. Vəfatından sonra isə həm öz həyatı, həm də müharibə tarixi üçün olduqca əhəmiyyətli bir kitabı Erol Cihangir tərəfindən “Bir türkün II Dünya Hərbi xatirələri” adı ilə 2005-ci ildə nəşr olunub.
Əsirlərdən Mustafa Haqqı Türkəqul Hüseyn Cavidlə bağlı əsər yazıb, Abay Dağlının qəzəllərini nəşrə hazırlayıb, Qurban Səidin “Əli və Nino” əsərinin nəşri və təbliği ilə bağlı işlər görüb. Eləcə də “Azərbaycan”, “Dergi” jurnallarında Azərbaycanın musiqi tarixi ilə bağlı geniş məqalələr dərc etdirib.
Rəsulzadənin yaxın silahdaşlarından olan əsirlərdən Süleyman Təkinər “Azərbaycan”, “Dergi”, “Kafkasya”, “Birlik” kimi jurnallarda Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı genişhəcmli məqalələr yazıb. Ona yazdığı məktubları qoruyan Təkinərin sayəsində Rəsulzadənin 1950-ci illərdəki fəaliyyəti, xüsusilə Fətəlibəyli ilə olan münasibətlərinə dair yeni bilgilər üzə çıxıb.
Göründüyü kimi II Dünya müharibəsi ilə bağlı azərbaycanlı mühacirlərin “Müharibə ədəbiyyatı” mövcud olub, onların sistemləşdirilməsi istiqamətində tədqiqatçılarımız fəaliyyətlərinə davam etməlidirlər.