Eradan əvvəl birinci minilliyin ikinci yarısı. Hindistan. Dövrün böyük filosoflarından biri - Çanakya Pandit ömrün müdrik çağında geri boylanıb da dünyanın dəyərini göstərən məşhur fikrini söyləyir - “Yer üzündə üç dəyərli nəsnə var - qida, su və xoş söz. Yalnız sarsaq adamlar daşları dəyərli hesab edirlər”.
Bu kəlam manuskriptlərə həkk olunur. Yer Günəş ətrafında durmadan fırlandıqca illər, minillər dəyişir. Gerçək elə əvvəlkidi, Çanakyanın dediyi kimi - Yer üzündə üç dəyərli nəsnə var - qida, su və xoş söz. Yalnız sarsaq adamlar daşları dəyərli hesab edirlər...
***
Məhərrəm ayı bu məmləkətdə toy-nişanı yasaqlayır. Bu, tarixi dəyərlərə hörmətinmi təzahürüdü, şah babamız Xətainin doğru, yaxud səhv qənaətininmi nəticəsidi, pisdimi, yaxşıdımı - deyə bilmərəm. Bu yanaşmada hər kəs sərbəst, hər kəs azad. Və bir vicdan işi kimi həssas məqama bağlı olduğundan mövzuya müdaxilə etmək istəmirəm. Hər kəs öz əməlinin ağası. Amma bu ərəfədə ki toya-nişana ara verilir, insanlar bir qədər nəfəs alıb da növbəti toy mövsümünün tutacağı toya hazırlaşır - bax bu haqda deyəcəklərim var. Hə, demə, bu arada banklardan kredit götürənlərin sayı çoxalır. Niyə belə? Çünki matəm ayı bitən kimi toy edəcək məmmədhəsənlərin anaları mütləq gedib ən bahalı brilyant komplektlər almalıdırlar ki, gəlinlər utanmasın, xeyransaların, bədirnisələrin yanında lovğalanıb sıradan geri qalmadığını göstərsin. Çox da ki məmmədhəsən 2-3 il işləyib bank kreditini qaytarmalıdır. Aydanlar, nərminlər, aylinlər ki forslanıb özlərini göstərə biləcəklər - tək bu şounun adrenalini kifayət edər.
***
Hamımız Tanrıya bir can borcluyuq. Bu, məlum. Vaxtı çatanda verib gedəcəyik. Bir də bu məmləkət əhlinin hamılıqla və daim borclu olduğu başqa bir sistem var - bank sistemi. Dara düşən adamın çətin məqamda əlindən tutan bu sistem nə yaxşı ki var, qapı-qapı düşüb borc axtarmaqdansa, rəsmi qaydada bir yerə ağız açıb müşkül işi yoluna qoymaq olur. Amma “Filankəs şubasını dəyişdi, mən qaldım”, “Dörd ilin maşınını kimdi sürən? Maşını mütləq dəyişim gərək”, “Mənim gəlinim ən bahalı boyunbağı taxmalıdır” - deyib də illərlə banklardan asılı yaşayan, gününü-güzəranını qara gətirənlər də var. “Camaat nə deyər?” kimi mənasız sualın əlində girinc olub qalanlar. Yazıqlar olsun sizə.
***
Niyə bizim yarışlar rusların “Qolos”u, türklərin “O səs Türkiyə”si kimi, yəni səviyyəli, kalitəli ola bilmir? Problem münsif problemidi. Bir ovuc adam arasından ən yaxşıları tapmaq olmur. Biri o biri ilə yola getmir, o biri bu biri ilə eyni məkanı bölüşmək istəmir. Hamısı özündən müştəbeh. Bu halda şou müəllifləri kimi gəldi münsif seçmək məcburiyyəində qalırlar, nəticə də olur - elə-belə, necə gəldi, uğursuz, gülməli, əcaib.
***
Camaat - elə həmin münsiflərdir. Qeyri-professional, qeyri-kompetent, amma söz demək səlahiyyətinə malik olanlar. Birinci halda millətin gerizəkalı qismi özü öz ayağıyla başını keçirir həmin o gözəgörünməz ilgəyə. Camaat nə deyər? Və bu sualın əzabını yaşamamaq üçün dəridən-qabıqdan çıxır, özünü vurur oda-közə, ömrü-günü zülmlə keçir... Ki camaat bir şey deməsin. İkinci halda - söz demək səlahiyyəti münsiflərə verilirsə, iş olur daha da pis. Neyçün ki, bu məmləkətdə peşəkar və qərəzsiz, doğru və mənəvi haqq sahibi olan münsif tapmaq da çox zor. Vay o günə münsif digər çatışmazlıqlardan əlavə, həm də özü qüsurlu ola və ən dəhşətlisi - qüsurlu olduğunu da bilməyə.
***
Bizim teleşouların birində aparıcı seçimidir. Münsiflərdən biri israrla hər iştirakçının “səs tempi”ndən danışır, dediklərini əsaslandırır. Adam, sadəcə, templə tembrin fərqli nəsnələr olduğundan xəbərsiz. Xəbərsiz, mütaliəsiz olmaq mümkün işdir. Amma bu keyfiyyətlə münsif kimi təqdim olunmaq yaramaz. Münsifin ən azı məlumatı olsun gərək.
***
Çanakya Pandit 2500- 3000 il əvvəl yaşayıb bu dünyada. Hələ o zaman deyib ki, yalnız sarsaq adamlar daşları dəyərli hesab edirlər. Yer üzündə cəmi üç dəyərli nəsnə var - qida, su və xoş söz. Xoş söz həm də ağıllı söz, ədalətli fikir mənasındadır. Çanakya deyib deməyinə, dünya isə öz işindədir, yenə daş-qaşa dəyər verən zavallılar, qüsurlu meyarlar, insafsız münsiflər... O vaxtdan bu zamana heç bir şey dəyişməyib.