Lenin peyğəmbər olsaydı, yəqin ki, "film Hindistanda da olsa, izlə" deyərdi.
Amma Leninin ardıcılı olmayan ardıcılları imperiyanı qapadıqları üçün tamaşaçı gedə bilməsə də, Hindistan filmləri uzaq kənd və qəsəbələrin klublarınadək gəlib çatırdı.
İnsanlar bəzənir, sözləşir, əsrarəngiz ölkənin sehrbaz qəhrəmanlarının döyüş və eşq macəralarını izləmək üçün stul arxasına keçirdilər.
Həmin filmlər bu gün gülməli görünsə də, insanların sosiallaşması, müəyyən bilgilərə sahib olması baxımından önəmli idi.
Yaş etibarilə həmin filmlərin qürub çağına yetişsəm də, öncəki nəsillərdən xoş xatirələr dinləmişəm.
*
Ötən həftənin şənbə günü həmin klublardan birinin önündə idim.
Arxeologiya ilə bağlı sənədli filmlərdə tapılan qədim şəhərlərin qalıqları bir zamanlar burada bir mədəniyyətin olduğunu göstərdiyi kimi, üzərində kiril qrafikası ilə "klub" və "muzey" yazılmış tikili də bu mahiyyətdə idi.
Sanki əraziyə xarici qüvvə hücum edib və ya meteorit düşüb, bir andaca tamaşaçı qarışıq hər şey məhv olub.
Geridə isə ancaq xatirələr və təəssüflər qalıb.
*
Gördüyüm mənzərə Daşkəsənin Kobalt qəsəbəsində idi.
Sovet dövründəki bir çox kənd və qəsəbələr kimi burada da bir zamanlar kənd klubu, kənd muzeyi, basketbol və voleybol meydançası, Bakıdan təcrübə keçməyə gələn tələbə və mütəxəssislər üçün tikilmiş bina olub.
Hər tərəfi meşəyə baxan bu mədəni bölgədə uşaqlığı və gəncliyi o illərə düşən qəsəbə sakinlərinin xoş xətirələri var.
Bir zamanlar məktəbdən çıxan uşaqlar basketbol, voleybol oynayar, ardınca görmədikləri filmi izləmək üçün kluba yığışardılar.
Əlbəttə, klubda təkcə film deyil, asudə vaxtın təşkili üçün bir çox fəaliyyət sahələri olub...
İndi isə uçulmuş bu daş divarlara baxanda xatirələrin də uçduğunu görürük.
Sanki bu klubda film göstərilməsinin özü də bir film imiş.
*
Yəqin ki, bütün kənd və qəsəbələrdə vəziyyət bu şəkildədir.
Kənddə və qəsəbədə doğulmaq seçim olmasa da, kəndlərin bu vəziyyətdə olması oranı idarə edən məmurların seçimləridir.
Məsələn, sabah hansısa film şirkəti Şuşanın azad olunması ilə bağlı film çəksə, qəsəbə sakinləri Gəncəyə və ya Bakıyamı getməlidirlər?
Niyə axı həmin keçmiş klublar bərpa edilmir, idman sahələri abadlaşdırılmır, kənd uşaqlarının sosial fəallıqları üçün addımlar atılmır?
Leninin ardıcılı olmayan ardıcılları belə bunu düşünmüşdülərsə, müstəqil ölkədə niyə düşünülmür?
Ölkə Bakı və Gəncədən ibarət deyil axı!
Açığı məni ən çox duyğulandıran klubun "muzey" yazılan hissəsi oldu.
2021-ci ildə topladığım kolleksiya materillarından ibarət muzey aça bilmədiyim halda vaxtilə Daşkəsənin bir qəsəbəsində muzey fəaliyyət göstərib.
İçində nə olub-olmaması önəmli deyil.
Əsas odur ki, qəsəbə, kənd uşağı muzey anlayışına sahib olub...
Sonda unudulmuş, itirilmiş mədəniyyətin şəkillərinə baxaraq bir daha düşünməyimizi istəyirəm.