28 Avqust 2021 22:17
5 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, 1901-ci ildə İstanbulda dünyaya gəlib.

İbtidai sinfi bitirdikdən sonra Mercan edadisində, ardınca müəllim olmaq həvəsi ilə İstanbul Müəllim Məktəbində təhsil alıb.

Eyni zamanda Zəki Üngördən skripka dərsləri alıb.

Müəllim məktəbini tamamladıqdan sonra Mercan sultanisinə müəllim təyin edilib. İstanbulda bu illərdə fleyta yarışmalarında iştirak edib, ən çətin ifaları edib.

Daha sonra Qalatasaray, Feyzi-Ati qız və oğlan, Kuleli və Halıcıoğlu hərbi liseylərində musiqi müəllimi kimi çalışıb.

Musiqi sevgisinin tarixi də maraqlıdır. Özünün danışdığına görə, məktəbli ikən İstanbulun Şahzadəbaşı ərazisindəki saz dükanlarındakı sazlara heyrətlə baxar, oradakı udları, skripkaları, şeypurları seyr edərdi.
Məktəbdə növbəti sinfə keçərkən qardaşı ilə birgə anasından hədiyyə olaraq şeypur istəyib. Lakin anası bu alətin onların səhhətinə uyğun olub-olmamasını yoxlamaq üçün həkim müayinəsinə aparıb. Həkim şeypur ifa etmək üçün zəif olduqlarını bildirdikləri zaman musiqi eşqi ilə yanan Nurullah bəy “fleyta da olmazmı?” deyə sual edib.

Cavab müsbət olub.

Türkiyənin ilk və ən güclü bariton səsə malik Nurullah Taşkıranın musiqi həyatı belə başlayıb.
1928-ci ildə pedaqoji musiqi təhsili almaq üçün Berlinə gedib. Berlində xüsusi səs dərsləri alıb, Berlin Stern Konservatoriyasının oynadığı operalarda rol alıb, bir müsabiqə nəticəsində heç bir xarici tələbənin əldə edə bilmədiyi bir medalı qazanıb.

İlk səs konsertini də 27-28 yaşlarında Berlində Bethoven salonunda həm piano, həm də orkestrin müşayiəti ilə verib. Bu uğuruna görə Berlin radiosu ona konsertlərdə iştirak etmək üçün daimi vəsiqə verib. İkinci böyük şəxsi konsertini Berlin Türk Klubunda verib.

1934-cü ildə məzun olub.

Təhsilini bitirib İstanbula qayıtdıqdan sonra ilk konsertini Cemal Reşit Rey orkestrinin müşayiəti ilə Saray sinemasında verib.

Vətənə qayıtdıqdan sonra ən mühüm işi Türk operasının yaranmasında iştirakıdır. Bu barədə özü belə deyib:
“Avropada təhsil alarkən görüb seyr etdiyimiz operalar mənə daima yurdumuzu düşündürmüş, bir gün bizdə də onlara yaxın operalar seyr edə bilmək arzusunu oyandırmışdı”.

Onun arzusu ilə Atatürk inqilabları üst-üstə düşdüyü üçün qısa zamanda Təhsil nazirliyi bu işə əl atır və Türk operası doğmağa başlayıb.

19 iyun 1934-cü ildə İran şahı Rza şahın şərəfinə təşkil edilən ilk türk operası olan “Özsoy” operasında bariton olub.

Özünün ən çox sevdiyi opera sənətçisi isə Şalyapindi.

Professor Karl Ebertin ilk dəfə 1943-cü ildə səhnələşdirdiyi çex operası “Satılmış nişanlı”dakı Ketsal rolunu Nurullahın böyük məharətlə oynaması Londondakı o zamankı müvəqqəti Çex hökumətinin rəhbəri Dr. Beneşi həyəcanlandırıb, Türkiyə hökumətinə məktub göndərərək minnətdarlıq edib.

Türk operasında belə mühüm əsərin qoyulması məhz Taşkıranın yüksək qabiliyyətinə görə idi. Onun sayəsində türk operası xaricdə tanınmağa başlamışdı.

Türkiyədə ilk opera sənətçiləri nəslini yetişdirən Taşkıran 1949-cu ildə dövlət teatrı və dövlət operasının qurulmasında birbaşa iştirak edib.

Təəssüf ki, xəstəlik onun Türk musiqisinin inkişafındakı rolunu tamamlamağa imkan verməyib.
1952-ci ilin 15 avqustundan 16-na keçən gecə Taşkıran vəfat edib.

Nurullah Taşkıran mühacirətdəki azərbaycanlı bir ailənin də yaxını idi...
Onun qardaşı həkim Nimet Taşkıran Əhməd bəy Ağaoğlunun qızı Tezer xanımla evlənmişdi..


Müəllif: Dilqəm Əhməd