Modern siyasi nizam Vestfaliyada qoyulan imzalarla Qərb dövlətləri tərəfindən inşa edilib. Bununla da modern dövlətlər və dövlətləri idarə edəcək siyasi iqtidarlar artıq millətlərin təmsilçiləri olacaqdılar.
Vestfaliya sisteminin xaricində qalanlar və ləkələnən ölkələr isə həmin sistemə qoşulmaq üçün mübarizə aparmalı oldular. Buna ən yaxşı nümunə isə Çar Rusiyası və Osmanlı imperiyası idi. Vestfaliya dövlətlər sisteminin inşasından əvvəl mövcud olmaqlarına baxmayaraq sonradan sistemə qoşulmağa - modernləşməyə cəhd göstərdilər.
Modern milli dövlətlər və ya Vestfaliya sistemindən kənarda qalmaq isə ləkələnmək kimi qiymətləndirilə bilər.
XIX və XX əsr modern millətlərin siyasət səhnəsində kütləvi zühur etdiyi - öz müqəddəratını təyin haqqı- bir dövr kimi xarakterizə edilir. Vestfaliya sistemi təsis edildiyində Azərbaycan Səfəvi dövlətinin bir vilayəti idi. Lakin XVIII əsrdə Səfəvi dövlətinin tarix səhnəsindən silinməsi və sonrasında ortaya çıxan xanlıqların mərkəzi dövlətdə birləşə bilməməyi Azərbaycan üçün ləkənin (işğal və sistemdən kənar qalmaq) başlanğıcı kimi qiymətləndirilə bilər.
1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi isə Azərbaycanın iki əsrlik ləkəsini başlatmış oldu. 28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyətini elan edən Milli Şuranın üzvləri Azərbaycanı ləkədən xilas etməyin yolunun öz milli dövlətlərini elan etməkdən keçdiyini idrak etmişdilər. Cümhuriyyət bu müstəvidə atılmış ciddi bir addım idi. Lakin Cümhuriyyət bu günə miras qalacaq dövləti yaratmaqla bərabər ləkədən tamamilə xilas ola bilmədi. Əlimərdan bəy Topçubaşovun rəhbərliyində Parisə yollanan heyət Cümhuriyyətin Vestfaliya sisteminin təsisçiləri tərəfindən tanınmağını təmin edərək ləkədən xilası üçün can siparənə çalışsalar da, müvəffəq ola bilmədilər. Çarın yerini alan Sovetin Qırmızı ordusu Azərbaycan üçün ləkəni davam etdirdi. Beləliklə, Azərbaycan modern sistem tərəfindən tanınmayan bir müstəmləkə əyaləti olaraq qalmağa davam etdi.
Ancaq Sovet sisteminin Vestfaliya sisteminə qarşı məğlub olmağa başlaması Azərbaycana yeni bir başlanğıc üçün qapı aralamış oldu. 70 illik dəmir pərdədən sonra müstəqillik qazanıldı. Lakin müstəqilliklə bərabər torpaqların iyirmi faizə yaxınının işğal edilməsi Azərbaycan üçün XIX əsrdən qalmış ləkədən xilasına maneə yaratdı. Nəticədə Azərbaycan regional və beynəlxalq siyasətdə əsasən işğal altındakı torpaqların azad olunması məsələsi ilə gündəmə gəldi. Belə olduğu halda Azərbaycanın milli dövlətlərdən mütəşəkkil beynəlxalq sistemdə haqqı ilə təmsil olunmağı müşkül hala düşürdü. Belə demək mümkündürsə Azərbaycan xalqının kollektiv yaddaşında özünəməxsus yeri olan Şuşa (Qarabağ) olmadan Azərbaycanın iki əsrlik ləkəsindən xilas olmağını gözləmək doğru olmazdı.
Xülasə Azərbaycanın iki əsrlik ləkəsindən xilas olmaq üçün əvvəlcə işğala son qoymalı, torpaqları azad etməli idi. Torpaqların işğaldan azad olunması Azərbaycana beynəlxalq dövlətlər sistemində daha fərqli bir status qazandıracaqdı. Arxada qalan 30 illik dövrü Azərbaycan tərəfi beynəlxalq hüququn yaratdığı imkanlarla sülh şəraitində məruz qaldığı ləkədən xilas olmaq üçün saysız cəhd göstərdi. Bununla bərabər potensial müharibə üçün iqtisadi, siyasi və hərbi bazasını gücləndirməklə yanaşı beynəlxalq arenada Azərbaycanın mövcud sistemin parçası olmaqda maraqlı olduğu anlayışını yaradan siyasət ortaya qoydu. Ancaq bu siyasəti regional gerçəkliyi nəzərə alaraq aparmaqda təkid etdi və nəticədə Gürcüstan və Ukraynanın düşdüyü siyasi xətaya düşməkdən xilas oldu. Arxada qalan zaman dilimində işğalçı tərəf sülhə yanaşmadığı kimi atəşkəsi də dəfələrlə pozmaqdan geri durmadı.
14 iyul 2020-ci il tarixində münaqişə bölgəsinin xaricində atəşkəsin pozulması Vətən müharibəsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki işğalçı tərəf artıq münaqişə zonasına aidiyyatı olmayan sərhəd bölgələrində sivil və hərbi obyektləri atəşə tutmaqdan çəkinmirdi.
27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri torpaqların azad edilməsi üçün Vətən müharibəsinə başladı. 44 günlük müharibə dövründə Azərbaycan tərəfinin regional və beynəlxalq konteksdə apardığı siyasət Azərbaycanın qarşısında əsas məsələ olan işğalı bitirmək üçün strateji hazırlığını yetkinliklə tamamladığı görünürdü. Nəticə gözlənilən kimi oldu və 8 noyabr modern Azərbaycanın siyasi tarixində zəfərin elanı kimi tarixə qeyd edildi.
8 Noyabr Azərbaycana Moskva ilə eyni masada (online) legitim və qalib bir dövlət kimi oturmaq imkanı yaratmaqla bərabər 28 illik işğal mərhələsinə də son qoydu. Qarabağda Ermənistan orduları üzərində əldə edilən zəfər eyni zamanda erməni tərəfini açıq və dolayı yolla dəstəkləyən qüvvələri də narahat etməyə bilməzdi.
Xülasə zəfərdən sonra Azərbaycanın rəhbər tutacağı siyasət regional və beynəlxalq arenada maraqla gözləndi. Müqayisə üçün İstiqlal müharibəsindən sonra Atatürkün regional və beynəlxalq konteksdə apardığı siyasəti nümunə göstərmək mümkündür. Apardığı siyasətlə Türkiyəni modern dövlətlər sisteminin bir parçası kimi gördüyünü ortaya qoymuşdu.
44 günlük müharibə sonrasında əldə edilən zəfərə baxmayaraq Azərbaycan tərəfi, konkret olaraq Prezident İlham Əliyev regional və beynəlxalq siyasəti nəzərə alaraq konstruktiv siyasət apardı. Bu rasional, konstruktiv siyasət Azərbaycanın qələbəsini legitimləşdirməklə iki əsrlik ləkəsindən xilas olmaq üçün imkan yaradırdı.
Misal üçün “Qarabağ Azərbaycandır!” diskursu regional və beynəlxalq siyasət dairələrində fərqli bir Azərbaycan assosiasiyası yaradır. Unutmamaq lazımdır ki, ləkədən xilas olmağın yeganə yolu ondan xilas olmaqdır.
Vətən müharibəsində əldə edilən Zəfər Azərbaycan dövləti və xalqı üçün bu imkanı yaradıb.
“Qarabağ Azərbaycandır!”