Azərbaycan milləti 27 Sentyabr Anım Gününü qeyd edir.
Hamımız qürurluyuq, hamımız sevincliyik, xəyala sığışdıra bilmədiyimiz hadisələr müzəffər ordumuz tərəfindən gerçəkləşib.
II Qarabağ müharibəsinin başladığı birinci ildönümündə artıq Şuşa bərpa edilib, azad edilən yurd yerlərinə köçkünlərin ilk geri dönüş tarixi müəyyənləşib.
Xirosimaya çevrilmiş bölgələrimiz təmir edilir, Qarabağa yenidən can gəlir, Zəfər yolu Bakı ilə Şuşanı birləşdirib.
Göyçəyə doğru baxan bayrağımız var, Naxçıvanla bizi birləşdirəcək dəhliz üfiqdədir.
Bütün bunlar baş verərkən bir şeyə də diqqət etmək lazımdır.
Gələcək tarixçiyə kömək etmək.
Bir neçə gündür Vətən müharibəsi qaziləri sosial mediada döyüş günləri ilə bağlı yaşadıqlarını qeyd edirlər. Yazdıqları bu gün onlar üçün müharibədən qalan xoş xatirələrdirsə, gələcək tarixçi üçün hər detal, hər bilgi tarixi əhəmiyyət kəsb edəcək.
Bu gün biz Cümhuriyyət dövrü mətbuatından, 1988-1994-cü illər arasındakı qəzet və jurnallardan Qarabağla bağlı hər müsahibəni, hər açıqlamanı, hər xatirəni acgözlüklə oxuyur, əsgərlərimizin yaşadıqlarını hiss edə bilirik. Bu baxımdan əli qələm tutan zabit və əsgərlərimiz xatirələrini yazmalı, yaza bilməyənlərdən jurnalistlərimiz videomüsahibələr götürməlidirlər. Necə ki indiyədək xeyli edilib.
Sosial mediada müharibə ilə bağlı saysız-hesabsız videolar paylaşılır. Əksəriyyəti birbaşa əsgər və zabitlər tərəfindən çəkilib. Həmin videoların da bir onlayn “videoanbar”da saxlanılması gərəkdir. Şübhəsiz ki, döyüş səhnələrinin olduğu, hələ ki göstərilməyən daha peşəkar çəkilişlər var. Zamanı gəldiyində onların hamısı hər halda təqdim ediləcəkdir. Çünki 44 gün ərzində biz ancaq PUA-larla erməni nöqtələrinin havaya uçurulduğu səhnələri izlədik. Hər kəs üçün xüsusilə Şuşanın azad edilməsi görütüləri maraqlıdır. Eləcə də Şuşanın necə alındığına dair rəsmi bilgilər, XTQ zabitlərinin xatirələri əvəzedilməz qaynaq sayılacaqdır.
Bunları qeyd edərkən görülən gözəl işlərdən də bəhs etmək vacibdir. Məsələn, “TeasPress” nəşriyyatından çıxan “44 gün anbaan... Rəsmi xronika” adlı kitabda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 44 gün ərzindəki bütün çıxış, müraciət və müsahibələrinin mətni, sosial şəbəkələr vasitəsilə paylaşdığı məlumatlar toplanaraq xronoloji ardıcıllıqla təqdim edib. Bu kitab gələcək tədqiqatçı üçün əvəzsiz mənbə olacaq. Azərbaycan Beynəlxalq Bankının layihəsi olan yadedirik.az portalı 2823 Şəhidimizin hər birinin xatirəsinin əbədiləşdirilməsi üçün önəmli işdir.
Eləcə də qazilərdən, şəhid ailələrindən edilən reportajların da ümumi bir arxivi yaradılmalıdır.
Əgər iyul hadisələrinə qədər əksəriyyət Polad Həşimov kimi ləyaqətli generalı tanımırdısa, şəhadəti və “Hədəf” nəşriyyatında haqqında çıxan xatirələr kitabı onu təkcə Azərbaycanda deyil, Türkiyədə də tanıtdı.
Bir neçə gün öncə güneyli soydaşlarımızdan Məhsa Mehdilinin Türkiyədə “44 gün Karabağ savaşı süresince Güney Azerbaycan” adlı kitabı işıq üzü gördü. Bu kitab sərhəd boyunca işğal edilən torpaqlarımız azad edilərkən Arazın o tayından “ordumuz” deyə həyəcanla səslənən xalqımızın hisslərinin ifadəsidir.
Şübhəsiz ki, gələcək üçün ən önəmli qaynaqlardan biri də Prezident və XİN rəhbərinin, diplomatların xatirələri olacaq. Bu gün çap olunması mümkün olmayan xatirələrin irəlidəki illərdə yazılması və nəşri vacibdir.
Ümid edirik ki, bu sadaladıqlarımızın bir çoxu həyata keçəcək, Vətən müharibəsinin tarixi gələcək yüzilliklər üçün əbədiləşdiriləcək.