30 Sentyabr 2021 15:35
6 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə müzakirəsi bitməyən bir neçə mövzu var. Onlardan biri İranla olan tarixi-siyasi münasibətlərimiz, digəri isə məktəblərdə rus dilində təhsil məsələsidir. Bu müzakirələrdə, demək olar ki, fikrini dəyişən yoxdur, hər kəs özünə görə həqiqətləri sadalayır.

Övladının rus dilində təhsil almasını istəyənlərin önəmli və ən güclü arqumentləri var: dövlət bizə qanuni seçim təqdim edib, hansını istəsək, seçə bilərik. Təbii ki, dövlət qanun qoymasa da, övladını türk, fransız, ingilis, rus məktəbinə qoymaq istəyənlər olacaq, necə ki var. İndiki dövrdə insan haqlarının ən yüksək şəkildə təmin edilməsi vacib olduğundan kiminsə buna qarışmaq haqqı yoxdur. Amma...

Məsələ elə bu ammalardadır. Çünki fərd olaraq hər kəs övladının həyat yolunu çizə bilər, bəs millət olaraq ölkədəki təhsilin, cəmiyyətin gələcəyini kim müəyyən edəcək? “Azərbaycandilli bölmədə oxuyan daha vətənpərvər olur, rusdilli bölmədə oxuyan daha intellektual olur” kimi arqumentlərin əsası yoxdur. Bunlar hər şagirdə görə dəyişən vəziyyətlərdir. Amma ümumi bir məsələ var ki, bu fərdlər yekunda cəmiyyətin formalaşmasını təşkil edirlər, qarşımızda canlı orqanizm şəklində bir faktla üzləşirik...

Tarixə səyahət edək. Ötən əsrki Azərbaycan mətbuatının önəmli simalarından Məhəmmədəmin Rəsulzadə bir xatirəsində mətbuatdakı ilk məqaləsi ilə bağlı belə yazırdı: ““Şərqi-Rus”a göndərdiyim ilk məktubun mövzusu bu gəzintilərdən birinə aiddi. İçərişəhərin milli hakimiyyət çağlarından qalan köhnə surlarının dibindəki xiyabanı aşağı-yuxarı ayaq sürtərək gəzən kişili-qadınlı seyrçilər arasında yerlilərdən bəzi tanışlarımın, bir sözlə, tanıdığım məktəbli azərbaycanlıların, o zamankı təbirlə müsəlmanların öz aralarında ana dilləri olan türkcə deyil, rusca danışmaları tərəfimdən tənqid olunur, pis ruscalarını daha yaxşı bilmələri gərəkli olan ana dillərinə dəyişmələri eyiblənirdi”.

Rəsulzadənin qaldırdığı bu problem zamanında həll edilə bilinmədiyi üçün Cümhuriyyət illərində universitet qurularkən yenə eyni fakt qarşısında qaldılar. Məktəblər milliləşdirildi, türk dili məcburiyyəti gətirildi, təkcə yuxarı siniflərə rusca təhsillərini davam etməyə icazə verildi. Məktəblərdə kadrlar vardı, amma universitet üçün bu yetərli deyildi. Ona görə də Rəsulzadə ali məktəbdə rus professorların rusca dərs deməsinin problem olmayacağını ifadə edib: “... Darülfünun Azərbaycana xaricdən bir çox alimlər və professorlar cəlb edəcəkdir. Onlardan heç bir surətlə qorxub ehtiyat etmək lazım gəlməz ki, guya o alimlər və professorlar burada bir rus mədəniyyətinin ocağı olub qalacaq da, tələbələr ruslaşacaqdır. ...Madam ki, hökumət bizim əlimizdə, darülfünuna dəvət etdiyimiz adamlar üzərinə hakim olacağıq... Hər kəs bilir ki, rus və ya başqa bir millət mədəniyyəti yoxdur. Ülum və fünun bitərəfdir. Dünyada rus elmi deyil, beynəlmiləl bir elm var. Biz bu beynəlmiləl elmi, hər bir millətin ağzından eşitdiyimiz kimi, rus professorların ağzından öyrənə bilərik. Çünkü bizə elmi və fənni Çində belə olsa, öyrənməyi tövsiyə etmişlər. Vəqtilə bu darülfünun get-gedə milliləşəcək. Bununla bərabər orada türk dili ümumi surətdə məcburi olaraq keçiləcək və öyrədiləcəkdir. Rus və ya əcnəbi bir lisanda təhsil etdiyin bir elmi öz dilində ifadə edə biləcək”.

Rəsulzadə universitetin tədricən milliləşəcəyini düşünürdü, necə ki zamanla Azərbaycan türkcəsində dərslərə də başlanıldı.

İstər rus dilində təhsilin, istərsə də İranla problemlərimizin kökü məhz Türkmənçay müqaviləsinə dayanır. Türkmənçay Şimali Azərbaycanı millətləşmə dönəmində fərqli məcradan yola çıxardı, İrandakı azərbaycanlıları isə daha fərqli ictimai-siyasi həyata hazırladı. Şimali Azərbaycandakı ənənəvi tədris üsulunun (mollaxana, mədrəsə) rus-tatar məktəbləri ilə əvəzlənməsi o dövr üçün çağdaş görünsə də, bunun da təhlükəli olacağını sezən ziyalılar vardı. Fars-ərəb dilində təhsilin rus dili ilə əvəzlənməsi başqa problemlərə səbəb olacaqdı ki, necə ki bugünkü müzakirələrin bir çoxunun kökü o zamana dayanır.

Rus məktəblərinin təhlükəsini sezənlərdən ən önəmli şəxs Həsən bəy Zərdabi olub. Mirzəbala Məhəmmədzadə 1942-ci ildə Həsən bəy haqqında qələmə aldığı bir məqaləsində haqlı olaraq yazırdı: “Rus məktəblərindən çıxan kübar çocuqlar rus kültürünün dəstəkçisi olmuşdular. Fars kültürünün hakimiyyəti yerinə rus dili və kültürü yerləşirdi. “Mollaxana” deyilən mədrəsənin yerini rusun “şkola”sı, molla və müdərrisin yerini də rusun “uçitel”i işğala başlayırdı. “Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Həsən bəyin bir millətin mövcudiyyətinin qorunması üçün elmin ana dilində alınmasını istəyən və “elm türkcə olduğu zaman faydalı olur” tərzində formulə edilə bilinəcək mütəlaası hər iki cəbhəyə qarşı qoyulmuş milli bir türk tezisi idi. Bu tezis XX əsrin başlarına doğru müvəffəq dəxi olurdu”.

Rus dilində təhsil məsələsi müzakirəsi o zaman bitəcək ki, dövlət məktəblərində rus bölmələri ləğv edilsin. Ondan sonra yeni mərhələ başlayacaq, “övladımı rus dilində özəl məktəbə, yoxsa ingilis, fransız dilində özəl məktəbə qoymalıyam” deyə başqa müzakirə ortaya çıxacaq.

Bu məsələdə mənim şəxsi fikrim yoxdur. Çünki dövlətin qanuni şəkildə təqdim etdiyi seçimə görə kiməsə irad bildirmək doğru deyil. Amma fərdlərlə yanaşı millətimizin gələcəyi baxımından Azərbaycan türkcəsinin inkişafı, müasir elmi tələbləri tərcümələrlə qarşılaya bilməsi də vacibdir.

Əgər biz hər şeyin yaxşısı varkən özümüzünkündən vaz keçəcəyiksə, ABŞ-ın və ya Rusiyanın əyalətinə çevrilib, bizdən inkişafda olan xalqların himayəsində assimiliyası olunmağı da gərək seçək. Nə fərqi var, əsas olan fərdi inkişaf deyilmi?

Şübhəsiz ki, belə düşünmək nadanlıq və xəyanət olar. Ona görə də hökumətimiz ana dilində təhsilin inkişafı, ana dilində elmi ədəbiyyatın çoxalması üçün xüsusi proqramlar qəbul etməlidir.

Türkmənçayın yadigarı olan digər problem haqqında növbəti yazımızda.


Müəllif: Dilqəm Əhməd