7 Oktyabr 12:55
804

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin hazırladığı “Müstəqillik Günü haqqında” qanun layihəsi cəmiyyətdə birmənalı qarşılanmadı. 28 Mayın “Cümhuriyyət Günü”, “Respublika Günü” kimi olmasını istəyənlər də, “Müstəqillik Günü” olmasını dəstəkləyənlər də oldu. Hər birinin gətirdikləri arqumentlər dəyərli idi.

Biz daha çox 28 Maya dövrün liderlərinin necə yanaşdıqlarına, nə cür adlandırdıqlarına toxunacağıq.

Yarırəsmi “Azərbaycan” qəzetinin 1919-cu ildə Cümhuriyyətin bir yaşı münasibətilə çap olunan sayındakı məqalələrdə “İstiqlal” kəlməsi daha çox qeyd edilib. Bu ənənə mühacirət mətbuasında da davam edib, “28 May” və “İstiqlal” kəlmələri bərabər şəkildə istifadə olunub.

M.Rəsulzadə İstanbulda çap etdiyi “Odlu yurd” jurnalının 1929-cu il tarixli 3-cü sayındakı “Bu günün ilhamı” adlı məqaləsində 28 Mayı “Hürriyyət və İstiqlal Günü” kimi qeyd edib. Mühacirətdə çap olunan “Bildiriş” qəzetinin 28 may 1931-ci il sayında “Azərbaycanın İstiqlal günü” başlıqlı xəbər yer alıb.

Rəsulzadənin Avropada nəşr etdiyi “İstiqlal” qəzetinin 28 may 1932-ci il tarixli sayının manşetindəki məqalənin adı belədir: “İstiqlal günü”. Məqalənin ilk cümləsi bu şəkildədir: “28 May Azərbaycanın İstiqlal günü münasibətilə “İstiqlal” təhrir heyəti bütün azəriləri, bilxassə Azərbaycanın azərbaycançı, istiqlalçı və cümhuriyyətçi mübariz nəslini candan təbrik edir... Müstəqil Azərbaycan Cümhuriyyəti bütün İslam şərqində və bütün Türk aləmində ilk və yeganə cümhuriyyət idi”.

1933-cü ildə Cümhuriyyətin elanının 15-ci ildönümü münasibətilə vətəndaşlara müraciətində M.Rəsulzadə “İstiqlal” anlayışından istifadə edib. “Qurtuluş” jurnalında yazdığı məqalələrdə də Rəsulzadə “İstiqlal” kəlməsini işlədib. Ümumiyyətlə, bu dövrdə yazılan məqalələr “Yaşasın istiqlal, yaşasın 28 May” sözləri ilə bitib. İldönümlərində də “İstiqlal bayramı” ifadəsindən istifadə olunub.

Rəsulzadənin yaxın silahdaşı Mirzəbala Məhəmmədzadə 1935-ci ildə “Qurtuluş” jurnalında 28 May münasibətilə yazdığı məqaləsini “Dövlət oluş günümüz” adlandırıb. Yenə həmin jurnalın 1936-cı il tarixli 19-cu sayındakı məqaləsinin adını M.Rəsulzadə bu şəkildə adlandırıb: “İstiqlal günümüzdə”. Rəsulzadə 1938-ci ildə Cümhuriyyətin 20-ci ildönümü münasibətilə yazdığı məqaləsində 28 Mayın anlamını bu şəkildə təqdim edib: “28 May demək – Azərbaycan xalqının milli istiqlalına qovuşduğu gün deməkdir!”

M.Məhəmmədzadə 1952-ci ildə “Kafkasya” jurnalında dərc etdiyi “Azərbaycanın İstiqlal günü” adlı məqaləsində belə yazıb: “Tariximizin ən məsud günü olan 28 mayda Azərbaycan milli iradəsi müstəqil bir milli dövlət şəklində təcəlli etmişdir”.

Göründüyü kimi, mühacirətdə 28 May birmənalı şəkildə “İstiqlal Günü” olaraq qəbul edilib, məqalə və çıxışlarda bu ifadə istifadə olunub. Çünki bütün digər hadisələr – cümhuriyyətin qurulması, dövlət atrubutlarının qəbulu, təsisatların yaradılması məhz istiqlal faktına görə mümkün olub. Bu baxımdan Cümhuriyyət xadimləri üçün “İstiqlal” anlayışı hər şeydən əvvəl gəlib.

Amma Cümhuriyyət xadimlərinin yanaşması ilə SSRİ-nin dağılmasından sonra yenidən müstəqil olan Azərbaycan Respublikasının 28 Maya baxışı arasında fərqlərin olması təbii qarşılanmalıdır. Məsələn, ASSR prezidenti Ayaz Mütəllibovun 21 may 1990-cı il tarixli fərmanı belə idi: “Azərbaycan Demokratik Respublikasının elan olunduğu 28 may günü Azərbaycan dövlət quruluşunun dirçəliş günü elan edilsin”. Nəzərə alaq ki, bu sərəncam 30 avqust 1991-ci ildən öncə verilib. Bu baxımdan seçilən ifadələr başadüşüləndir.

Əgər biz 18 oktyabrı (əslində 30 avqust olmalıdır) “Müstəqilliyin Bərpası Günü” olaraq həmişə qəbul etmişiksə, məntiqi olaraq 28 May da “Müstəqillik Günü” sayılmalıdır.

Lakin bir millətin qədərini dəyişdirən tarixi günə yanaşmada məntiqdən daha çox xalqın hafizəsinə, seçiminə, ənənəyə diqqət edilməlidir. Bizə görə 28 May “İstiqlal və Cümhuriyyət” günü və ya “Müstəqillik və Respublika Günü” adlandırılmalıdır.

Tarixi ənənəyə görə birinci variantı daha doğru hesab edirəm.


Müəllif: Dilqəm Əhməd