5 Noyabr 2021 14:08
8 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis tarixçi Arnold Toynbi “Xatirələr: Təcrübələrim” kitabının I Dünya müharibəsi dövrü ilə bağlı hissəsində savaşın başladığı 1914-cü ilin avqust ayı haqqında bu şəkildə yazıb: “Avqust 1914: Ən azından mənim nəslimə mənsub ingilislər üçün bu tarixin zikr edilməsi belə bizi nə üçün hələ bu qədər mütəəssir edir? Bu gün 1914-cü ilin avqustundan əlli ildən artıq zaman keçdi və bu dövrdə İkinci Dünya müharibəsi də oldu. Nə üçün 1939-cu ilin sentyabr tarixinin yada salınması bizə bu qədər təsir etmir? Zənn edirəm ki, bunun səbəblərindən biri insanın bu sarsıntını bir daha eyni səviyyədə yaşaya bilməməsidir. 1939-da bir dünya müharibəsinin başlaması bizlər üçün artıq yeni bir təcrübə deyildi”.

Ardınca Toynbi Birinci Dünya müharibəsinə qədər İngiltərənin ən azı yüz ildir hər hansı bir ciddi müharibəyə girmədiyini qeyd edir, onlar üçün ən böyük savaşın 18 iyun 1815-ci ildə Vaterloo müharibəsində bitdiyini yazır.

Toynbinin təsbitləri olduqca möhtəşəmdir.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra başlanan Birinci Qarabağ müharibəsi Azərbaycan gəncliyinin həyatında ən dərin sarsıntı idi. Çünki bu müharibəyə qədər azərbaycanlılar axırıncı dəfə o zamanlar Böyük Vətən müharibəsi adlanan II Dünya müharibəsində iştirak etmişdilər. Həmin savaşın iştirakçıları isə artıq yaşlı idilər, xatirələr danışır, medalları ilə fəxr edirdilər. Bu baxımdan I Qarabağ müharibəsi Azərbaycan gəncliyi üçün yenilikdi. Azərbaycan xalqı üçün isə ən ağır sarsıntı.

Buna görədir ki, 1992-ci il müharibəsi qədər 27 sentyabr 2020-ci il günü xalqımızı o qədər dərindən sarsıtmadı. Doğrudur, bu dəfə dövlət artıq güclü idi, peşəkar orduya malikdi, siyasi xaos yoxdu, amma bütün hallarda müharibənin nə ilə nəticələnəcəyini öncədən bilmək olmazdı.

I Qarabağ müharibəsinin sarsıntıları nələrdi?

Qısa zamanda torpaqlar itirildi, gəncliyinin ən gözəl çağında olan vətəndaşlarımız şəhid oldu, 1970-ci illər nəsli üçün faciə yaşandı. İşğalın davam etdiyi günlərdə dövlət idarəetməsindəki xaos vətəndaşları məyus etdi, düzənsizlik, bəzi ordu rəhbərlərinin siyasi hakimiyyətə tabe olmaması, Müdafiə nazirliyi əleyhinə keçirilən mitinqlər, müxalifətin hərbi çevrilişçilərlə əməkdaşlığı, xarici dəstəyin olmaması, qardaş Türkiyənin prosesə minimum müdaxiləsi, ölkə əleyhinə ABŞ-da qəbul edilən qətnamələr, ən əsası xalqın birdəfəlik gözünü qorxutmaq üçün törədilən Xocalı soyqırımı kimi aktlar o dövrün nəslinə ən böyük mənəvi zərbəni vurdu. İrəvan qaçqınlarının ardınca Qarabağ köçkünlərinin gəlişi, çadır şəhərcikləri, oradakı vəziyyət, qıtlıq, çörək növbələri və s. problemlər insanlara əlavə ağır sarsıntılar bəxş etdi. Nəticədə məğlubiyyətlə barışmış, əzik vəziyyətə düşmüş, Qarabağ kimi bölgənin itirilməsini görmüş bir nəsil yetişdi.

Ona görə də Toynbi nəsli üçün 1914-cü ilin avqustu nə idisə, azərbaycanlılar üçün də 1992-ci ildə başlayan müharibə o deməkdi.

O dövrün şəhid məzarlarına gözlərimiz dolmadan baxmaq mümkün deyil. Köhnələrin dili ilə desək, bığ yeri təzə tərləyən, universitet partası arxasında olmalı, sevdiyi xanımla nişanlanmalı olan gənclər bəyaz daş üzərindən ağ-qara fonda bizə baxır, qisaslarının alınmasını gözləyirdilər. Mənim uşaqlığım o illərdə məhəlləyə gələn şəhid cənazələri, övladı itkin, əsir düşən anaların bitməyən ümidləri ilə keçib. Hələ bir uşaq olaraq çox şeyi dərk etmədiyim halda, bunları mən bu günə qədər unutmamışamsa, gəncliyi, cavanlığı o illərə düşən nəsillər üzərindəki təsiri bir ömür bitməyəcəkdir.

Ona görə də o illərdən bəhs edərkən maksimum diqqətli, həssas olmalı, hər kəsin qəlbində qübar bağlayan hadisələrdən ədəbsizcəsinə danışılmamalıdır.

Prezidentin dediyi kimi, biz məğlub olmamışdıq, müharibənin birinci dövrü bitmişdi. Əslində, Qarabağ münaqişəsini ilk respublika dövründən götürsək, biz 8 noyabrda yüz illik müharibəni bitirdik. Bu yüz ildə üç müharibə oldu, birinci və üçüncüdə qalib gəldik.

Yüz ildə Qarabağ uğrunda şəhid olan hər azərbaycanlı bizim üçün dəyərdir, xatirələri əbədi yaşadılmalıdır.

Üç gün sonra birinci ildönümünü qeyd edəcəyimiz Zəfər günü yüz illik mübarizənin yekunudur.


Müəllif: Dilqəm Əhməd