10 Noyabr 2021 14:17
8 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

1938-ci il dekabr ayının 11-də Azərbaycan Cümhuriyyətinin sabiq Daxili İşlər naziri Mustafa Vəkiloğlu adaşı, Türküstan liderlərindən Mustafa Çokayoğluna növbəti məktubunu göndərir.

Mustafadan Mustafaya göndərilən məktub Mustafa Kamal haqqında idi...

Paşa bir ay idi ki vəfat etmişdi, amma bu ölümün əks-sədası mühacir türk liderlərini dərindən sarsıtmış, hələ də onun kədərini yaşayırdılar.

Vəkiloğlu məktubunda yazırdı:

“Siz, əlbəttə ki, Atatürkün vəfatının bütün türk dünyasına da böyük sarsıntı yaşatdığını bilir və hiss edirsiniz. Buradakı ümumxalq hüznü və kədərinin bu dəhşətli mənzərəsini sözlərlə ifadə etmək çətindir. Sözün hərfi mənasında kiçikdən böyüyə hər kəs, bütün xalq öz Böyük Rəhbərinin və Xilaskarının yasını tutur. Mərhum Atatürkün xalq arasında böyük nüfuz qazanması hamıya məlum idi, amma ona olan ümumxalq məhəbbətinin və sədaqətinin nə qədər dərin və səmimi olması ölümündən sonra üzə çıxdı. Onun, həqiqətən də, qeyri-adi dəfn mərasimini öz gözlərinizlə görməliydiniz: gənclərin hıçqırtıları, qadın və uşaqların ürəkdağlayan hönkürtüləri, sükut içərisində olan zabitlərin, əsgərlərin dayanmaq bilməyən göz yaşları… Çətin ki tarixdə öz milli qəhrəmanını bu cür kədərlə, bu cür səmimi şəkildə son mənzilə yola salan başqa bir xalq tapıla. Bu ümumxalq hüznü və kədəri ilə dolu ağır günlərdə türk xalqı öz şanlı tarixində bir daha qəti birliyini, böyük vətənpərvərliyini, həqiqi dövlətçilik hisslərini və əsl müdrikliyini nümayiş etdirdi. Bu müdrikliyin və həmrəyliyin nəticəsi özünü göstərdi – İsmət İnönü Respublika prezidenti seçildi. Türkiyədə Atatürkün ondan layiq davamçısı yoxdur! Bu ümummili hüzndə bizim – azərbaycanlıların da gücümüz çatan qədər iştirak etdiyimizi göstərmək üçün Sizə iki qəzetdən kəsilmiş hissələri göndərirəm....”.

Mustafa bəy cənazə mərasimi ilə bağlı yazdıqlarını qəzetlərdən oxumamışdı. Bilavasitə Xosrov bəy Sultanzadə, Xəlil bəy Xasməhəmməd ilə birlikdə həmin dəfn mərasimində iştirak etmiş və İsmət İnönüyə bu teleqramı göndərmişdi: “Ekselans İsmət İnönü. Türkiyə Rəisicümhuru. Ankara Böyük Türk övladı Atatürkümüzü qeyb etdik. Bütün Türklərin bu böyük matəm günlərində biz bədbəxt Azərbaycan türklərinin də qəlbləri qan ağlayır. Böyük milli matəmimiz dolayısı ilə səmimi təəssürlə dərin təziyyələrimizin qəbul buyurulmasını rica edər, yaralı qəlbimdən axan göz yaşları ilə əllərinizdən öpürəm. Mustafa Vəkilli. Sabiq Azərbaycan Daxiliyyə vəkili”.

İllər sonra isə bu xatirəsini “Mücahid” jurnalında “Böyük Atatürk” yazısı ilə geniş şəkildə təqdim etmişdi. Həmin məqaləsində Mustafa bəy məktubunda yazdığı anları bu şəkildə xatırlayırdı: “Sabahın çox erkən saatlarında Dolmabaxçanın önünə gəldik, kortejdəki yerimizi aldıq. İstanbul Universitetindən iki azərbaycanlı gəncimiz “Yaralı azərbaycanlılar” kordelalı çələngimizi daşıyırdılar, arxalarından əski vəkillərimizdən rəhmətlik doktor Xosrov bəylə mən yürüyürdük. Ertəsi günkü İstanbul qəzetlərindən biri: “Canlılığı və gözəlliyi gözə çarpan çələnglərdən biri də azərbaycanlıların çələngi idi” deyə yazmışdı.

O gün bütün İstanbul ağlayırdı. Mən vaxtilə Parisdə marşal Foşun cənazə kortejini gördüm, fəqət İstanbulun Atasına etdiyi cənazə törəni Parisinkindən çox möhtəşəm, çox daha başqa idi. Heç unuda bilmərəm, cənazə alayı Gülxanə parkının içindən keçərkən orada güzərgah boyunca sıralanmış əsgəri hissələrin birinin başında dayanan gənc bir zabitin tabutu qılınc əlində salamlayarkən gözlərindən dayanmadan yaş axırdı, Atasına ağlayırdı...”.

... Bu gün Mustafa Kamal Atatürkün anım günüdür.

Mustafa Kamal paşa həm hərbi dühası, həm də inqilabçılığı, yenilikçiliyi ilə təkcə türk millətinə deyil, bütün Şərq millətlərinə nümunə olmuş, Qərb millətləri tərəfindən xatirəsi həmişə yüksək şəkildə anılmışdır...

P.S. Mustafa Vəkiloğlunun məktubunu rus dilindən Rəbiqə Nazimqızı tərcümə edib.


Müəllif: Dilqəm Əhməd