1 il əvvəl Azərbaycan paytaxtının baş meydanında keçirilən Zəfər Paradı Qarabağda aparılan qalibiyyətli Vətən müharibəsi ilə tariximizə yazılan Zəfər salnaməsinin son cümləsininə qoyulan nida işarəsinə bənzədi. Bu Parad elə Prezident İlham Əliyevin düşmən ölkə rəhbərinin təxribatına cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır” ifadəsinin sonundakı nida işarəsi idi.
Yaşadığımız zəfər təntənəsi, təəssüf ki, müharibələrlə bağlı göynəkli düşüncələr də yaşadır. Tarixdə çox müharibələr olub. Haqlı-haqsız, ədalətli və ya ədalətsiz. Bütün müharibələrin hər iki tərəf üçün ümumi olan və tarix boyu dəyişməyən cəhətləri var – itkilər, məhrumiyyətlər və onlardan doğan nifrət. İnsan itkisi, torpaq itkisi, sərvət itkisi və s. düşmənə nifrəti gücləndirir və bir müharibə başa çatmamış insanları yeni müharibəyə körükləyirdi. Qazananlar qənimətlərini əllərində saxlamaq, məğlublar isə itirdiklərini bərpa etmək üçün yenidən savaşmalı olurdular. Bugünkü müharibələrin məqsədi, qaydaları və nəticələri çox fərqlidir. Amma ibtidai dünyanın müharibələrini müşaiyət edən və hər iki tərəfin nəsibi olan ölüm, məhrumiyyət və itkilər müasir müharibələrin də ayrılmaz atributları olaraq qalmaqdadır.
Lakin yeganə bir fərq var– tərəflərdən yalnız birinə nəsib olan Zəfər xoşbəxtliyi. Ermənistanın Azərbaycana hərbi təcavüzündən 30 il sonra bu sevincin və xoşbəxtliyin sahibi Azərbaycan xalqı oldu. Bir il əvvəl ölkənin baş meydanında keçirilən Zəfər paradı qalib ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin möhtəşəm təntənəsi oldu. Bu Zəfər paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgisinin təzahürü idi.
İtkilərimiz olsa belə, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı möhtəşəm Zəfər xalqı nifrətə yox, qurub-yaratmağa, xoşbəxt və firavan həyata səslədi. Zəfər paradında hərbçilərimizin torpağı möhürləyən sərrast addımları yalnız zəfərlərlə davam edəcək yeni həyatın başlanğıc addımları kimi səsləndi. Bu addımlar xalqımızı və dövlətimizi yeni və daha parlaq zəfərlər yoluna çıxartdı.