21 Dekabr 2021 18:23
7 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqilliyimizin 30-cu ildönümündə müəllim-valideyn münasibətləri, məktəblərdə pulların yığılması, hədiyyələrin verilməsi kimi məsələlərin müzakirəsi qəribədir.

Şübhəsiz ki, bu məsələlərdə ilk ağla gələn müəllimlərin maaşı və insan xarakteridir. Sosial mediada yazılanlardan aydın olur ki, valideynlər məktəblərdə öz övladlarının daha çox sevilməsi, diqqət-qayğı görməsi məqsədilə bilərəkdən müəllimlərə hədiyyələr verirlər. Hətta bu işləri müxtəlif əlaqə vasitələri üzərindən həyata keçirən, sinifdəki uşaqların bütün valideynlərini təşkilatlandıran “lider valideynlər” də olurmuş. Nəticədə bu hədiyyələr müqabilində sinifdə ön sırada əyləşmək kimi müəyyən üstünlüklər də əldə edilirmiş.

Şübhəsiz ki, ailələrlə məktəblər arasında sıx əlaqə olduğu üçün hansı məktəbdə vəziyyətin nə cür olması hər kəsə əyandır. Xüsusilə şayiələrin, görüntülərin, “skrin”lərin bir dəqiqədə yüzlərlə insana çatdığı bu dövrdə nəyinsə gizli qaldığını düşünmək sadəlövhlük olardı.

Bizim nəsil orta məktəblərdə rüşvət və “hörmət” məsələlərinə nadirən rast gəlsə də, ali məktəblərdə bunu çox eşitmişik. Hər müəllimin qiymətləndirmə üzrə müəyyən tələbləri vardı, tələbə də kisəsinə uyğun bunlardan birini seçirdi. Şübhəsiz ki, bunu universitetlərin rəhbərliyi də bilirdi, amma nədənsə heç bir şəkildə qarşısı alınmırdı. Hətta imkanlı tələbələrin təhsil aldığı bəzi ixtisaslarda avtoritar “müəllim”lərə maşın hədiyyəsinin də verildiyi iddia olunurdu. Katibəsi vasitəsilə pul yığanlar, birbaşa tələb edənlər və s. formada rüşvəti qəbul edənlər haqqında çox eşidirdik. Hətta rüşvət aldığı isbat edildiyi təqdirdə işdən qovulanların da olduğu söylənilirdi.

O zaman bizi həmişə bir məsələ düşündürürdü. Necə olur ki, eyni universitetdə dərs deyən, demək olar ki, əməkhaqqıları eyni olan müəllimlərdən bəziləri rüşvət tələb edir, bəziləri isə əlini harama uzatmır? Rüşvət almağın kasıblıqla əlaqəsinin hər zaman olduğunu düşünmürük. Çünki bu, həm də xarakter məsələsidir. Kasıblığa qalsa, ölkəmizdə kifayət qədər var, demək ki, hər kəs bunu bəhanə edib rüşvət ala bilər. Halbuki min bir əziyyətlə halal yolla ailəsini dolandıran saysız-hesabsız ailələr var.

Bizi ən çox düşündürən bir məsələ də rüşvət verənlə alan arasındakı münasibətlərdi. Rüşvət verən tərəf açıq şəkildə “müəllim”in müəllimliyini əlindən aldığı üçün ona saymazyana münasibət göstərir, onsuz da növbəti imtahanda eyni şəkildə həll edəcəyəm təlqinini edirdi.

Müəllimin maaşı məsələsinə gəldikdə.

Əlbəttə ki, hamımızın ətrafında halal maaşı ilə ayı başa vuran nə qədər müəllim var. Təbii ki, onlar maaşlarından gileylidirlər, amma xarakterləri, peşələrinin müqəddəsliyinə xələl gətirmək istəməmələri onları haram yoldan uzaqlaşdırır. Ona görə də cəmiyyətin bəzi kəsimlərində “maaşı az olan müəllim məcbur rüşvət alır” fikrini müdafiə etmək yanlışdır.

Müəllim təkcə təhsil verən deyil, ibtidai və orta siniflərdə o həm də uşaqların idealı olur. 7-18 yaş arası uşaqlarda bu ideal nə qədər mənfi olarsa, onların təhsili də, həyata baxışı da o qədər pis olacaq. Klassiklərimizdən Əhməd bəy Ağaoğlu 1933-cü ildə yazdığı “Hər şeydən əvvəl müəllim” adlı məqaləsində maraqlı nümunə verib: “Bismark Sedan zəfərindən sonra Reyxstaqda söylədiyi nitqində alman millətini yaradan və zəfəri qazandıran amilin ibtidai məktəb müəllimləri olduqlarını söyləyərək olduqca əsaslı bir həqiqətə tərcüman olmuşdur. Bizim millətimizi də formalaşdıracaq amil eynidir. Yəni ilk məktəb müəlliminin uşaqlarımıza təlqin edəcəkləri yüksək hisslər, əsalətli duyğular və qüvvətli iman olacaqdır!”.

Ağaoğlu məqaləsinin davamında haqlı olaraq yazıb ki, müəllimlərin bu ali hissləri davamlı təlqin etmələri üçün onların özlərinin də hərtərəfli təmin olunmaları gərəkdir: “Əlbəttə ki, vilayətlərdə büdcə az və sıxıntılı vəziyyətdədir. Geniş imkanlara meydan vermir. Fəqət nə olur-olsun müəllimlərin maaşları ön və ilk sırada düşünülməlidir. Bir yolun təmiri, bir küçənin açılması nə qədər mühüm olsa da, müəllimlərimizin ehtiyaclarından qiymətli ola bilməz!”.

Əlbəttə ki, yaxşı maaşın yaxşı əmək demək olduğunu hər kəs bilir. Ağaoğlu yeni bir şey kəşf etməyib. Amma Əhməd bəy haqlı olaraq qeyd edib ki, büdcədən pullar xərclənərkən milləti formalaşdıracaq müəllimlərin rifahı ön sırada gəlməlidir.

Bu baxımdan dövlət yetkililəri müəllimlərimizin yaxşı şərtlər altında yaşayıb insan yetişdirmələri üçün onların uyğun maaşla təmininə çalışmalıdırlar.


Müəllif: Dilqəm Əhməd