9 Fevral 2022 22:13
8 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səlcuq Bayraqdarın Bakıya gəlməsi, müxtəlif tədbirlərə qatılması Azərbaycan xalqı arasında böyük maraq doğurdu. Daşıdığı ictimai nüfuzdan asılı olmayaraq hər kəs bu tarixi şəxsiyyətlə fotoşəkil çəkdirdi, onunla bağlı xoş sözlər söylədi.

Səlcuq bəy bundan sonra da çox uğurlu işlərə imza atacaq, başqa türk yurdlarının da taleyində önəmli rol oynayacaq, amma Qarabağdan başlayan bu yol hər zaman əvəzedilməz olacaq.

Məşhur şeiri improvizə etsək, Azərbaycan xalqına görə Bayraktarı bayrak yapan Qarabağın azadlığıdır.

Bayraqdarın gəlişi və xalqımızın ona olan sevgi və hörməti məni yüz il əvvəlki hadisələri bir daha xatırlatmağa vadar etdi.

1918-ci il sentyabrın 15-də Bakı Türk ordusu tərəfindən azad edilmiş, müzəffər əsgərlər şəhərə daxil olmuşdular. Bir gün sonra isə Nuri və Xəlil paşaların, Əli ağa Şıxlınskinin, Həbib bəy Səlimovun iştirakı ilə rəsmi keçid qəbul edilmiş, xalq küçədə əsgərləri salamlamışdı.

O günlərin şahidi Əhməd Həmdi bəy belə yazırdı: “İslam ordusu komandanı Nuri paşa həzrətləri sevimli siması ilə Bakıya girərkən minlərlə xalq ona qəlbdən və vicdani-millidən qopan hörmətlə baş əyir, digər tərəfdən vüqarlı və ciddi duruşu dərin bir etimad təlqin edən gözləriylə Mürsəl paşa da sürəkli alqışlarla qarşılanır, böyük fədakar və qəhrəman vətənpərvər şəhid Nazim bəy də əl üstündə gəzdirilir, bütün türk ordusu xalqın minlərlə alqış tufanıyla türk oğlu türk vətənini, Bakını ziyarət edirdi”.

Şübhəsiz ki, bu qələbənin əsas memarlarından biri də Ənvər paşa idi. 1920-ci ilin sentyabrında Ənvər paşa Bakıya gəldiyi zaman Cümhuriyyət işğal edilsə, bolşeviklər iş başında olsalar da, xalq cəmi iki il əvvəl baş verən xilas gününü unutmamışdı.

Ənvər paşa Bakıda böyük coşqu ilə qarşılanmışdı. Paşanın xalqı salamlama mərasimində onunla görüşən, o günlərin şahidi Əziz Alpoud yazırdı: “Hörmətlə əlini sıxdım, təşəkkür edərək ayrıldım. Arxamda xeyli həmyerlilərimiz yığışmışdı.

Mən maşından aralanarkən ağ saqqallı, yaşlı bir qoca iki əli ilə sağ əlimdən yapışdı və mən onun nə istədiyini anlayıncaya qədər əlimdən öpdü... Çünki bu əlim Ənvər paşanın əlinə toxunmuşdu...”

Ənvər paşa xalqla görüşür, görüş o qədər gurultulu keçir ki, Əziz Alpoudun yazdığına görə, o anda Ənvər paşa “Ruslara hücum edin! Qovun bu düşmənləri!” əmrini vermiş olsaydı, millətimiz tərəddüdsüz, kişili-qadınlı həmin an hücuma keçərdi...”

Ənvər və Nuri paşaların ordusunun əsas gücü silahla yanaşı, inam və qətiyyət idisə, Qarabağ müharibəsində əsas güclərimizdən biri Səlcuq Bayraqdarın zəkasının məhsulları idi.

Etiraf edək. Azərbaycanda Türkiyə rəsmiləri də bu qədər sevinclə indiyədək qarşılanmamışdı. Bayraqdara olan sevgini monitor arxasından bizlər də hiss edə bilirdik.

Qarabağ zəfəri bir dönəm Türkiyə ilə Azərbaycan arasında yaradılan bütün böhranları unutdurdu. Ermənistanla gündəmə gətirilən protokollar, futbol krizisi kimi hadisələr artıq tarixin sonsuz dərinliklərində itib-batmaqdadır. Bu zəfər iki dövlət, həm də millət arasında yeni üfiqlər açdı.

Qafqaz İslam Ordusu ilə birgə o illərdə Bakıya gələn Rüşdü bəy xatirələrində yazırdı: “Eyni soya mənsub bu iki millət arasındakı rabitə və münasibət axıdılan qanlarla bir qat da həsrət yaratmışdır. Anadolu türklərinin Azərbaycanın istiqlal və istiqbalı uğrunda çətin, qanlı döyüşləri və mübarizələri əminəm ki, nəsildən-nəsilə keçən unudulmaz dastanlara çevriləcəkdir”.

Azərbaycan əsgəri Türkiyənin də mənəvi dəstəyi ilə yeni bir dastan yazdı. Artıq fərqli bir Azərbaycan, fərqli bir Türkiyə vardır.

Bakıda coşqu ilə qarşılanan üç böyük türk bu yolda böyük addım atdılar...


Müəllif: Dilqəm Əhməd