25 Fevral 2022 12:20
11 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qısa köşəni yazmağım üçün bir neçə dəqiqəlik xəbər axınından çıxmağım lazımdı. Ukraynada döyüşlər davam edir, rus tankları irəliləyir, müstəqil, suveren bir dövlətin paytaxtı - Kiyevin düşmən təhlükəsi altında olduğu xəbərləri gəlir.

Lütfən, bir dəqiqə! Qurbandan danışaq.

Dünən axşamkı "Qarabağ"-"Marsel" oyunundan, Qurban Qurbanov olayından bir neçə kəlmə yazmasam, elə bil, ürəyimdə, içimdə həmişəlik bir zədə gəzdirəcəm.

Qurban düzmü etdi?

Konfrans Liqasının pley-off mərhələsinin mühüm bir oyununda, Bakıda, doğma divarlar arasında, çılğın azarkeşlər qarşısında artıq hakimin hesaba aldığı qola sakitcə seyrçi qala bilərdimi?

Xatırladıram: "Marsel"-"Qarabağ" oyununun 34-cü dəqiqəsində nadir bir situasiya yaşandı. "Qarabağ"ın seneqallı hücumçusu İbrahima Vadji hava ötürməsindən qol vurdu, hakim qolu saydı, hesab bərabərləşdi - 1:1. Amma efirdə təkrar nümayişdə də açıq-aydın görünürdü ki, Vadji qolu əliylə vurub.

Qol əllə vurulmuşdu, amma hakim qolu qeydə almışdı! "Marsel"in oyunçuları ciddi narazılığa başladılar, amma əllə vurulan qol sayılmışdı. Hakim etiraz edənləri sarı vərəqəylə cəzalandırırdı, belə görünürdü ki, geriyə yol yoxdu.

Bu məqamda Qurban Qurbanov Vadjini yanına çağırdı. Qolun məhz əllə vurulduğunu (topun ələ toxunub qapıya girdiyini yox!) biləndə futbolçudan bunu hakimə etiraf etməsini istədi və qol hesabdan silindi.

Narazılıq da bundan başladı. Feysbuka Qurbanı qınayan çoxsaylı statuslar, şərhlər bundan sonra ayaq açdı.

Qurbanın düz olmasını istəmədilər!

Qurbanın dürüstlüyünü süngüylə qarşıladılar!

Başını aşağı salıb işə qarışmamasını arzuladılar, çünki bu, kifayətidi. Hesabda qabağa düşməkdən, bəli, QABAĞA DÜŞMƏKDƏN, 0-dan çıxıb 1 olmaqdan ötəri susmaq, kənarda dayanmaq, VƏZİYYƏTİ görməzliyə vurmaq bəsidi.

Nədi, yoxsa düz olmaq olmaz?!

Adam içində "sosioloji ağrı" duyur: doğrudanmı, kütləvi şüur artıq dürüst olmağın əleyhinə işləyir, doğrudanmı, hamının beynində faydaçı-utilitar düşüncə yuva qurub? Doğrudanmı, bu qədər korlanmışıq - düzlük əks-reaksiya yaradır?..

Saxtakarlığa kütləvi "hə" deməyin, tərəfdar çıxmağın adı nədi, görəsən?

Mənsə belə düşünürəm: Qurban düz elədi, düz qərar verdi. Dürüst bir cəmiyyətin qurulmasında iştirakçısansa, başqa cür hərəkət eləməyə sadəcə ixtiyarın yoxdu.

...Dəqiqə bitdi, bütün dünyada oyun davam edir.

Ukrayna səmasında rus raketləri, amansız qırıclar hədəfə doğru şütüyür, bütün dünyanın gözü qarşısında qədim Kiyev şəhərində tək qalmış liderin həyəcan keçirdiyi uzaqdan da duyulur, hamının içində şər quşu qanad çalmağa fürsət gəzir və hamı biri-birinə "öz xeyrini düşünmək lazımdı, güzəştə getmək ən yaxşısıdı" deyə təlqin edir.


Müəllif: Qurban Yaquboğlu