25 Mart 2022 12:23
8 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

1934-cü il iyulun 14-ü. Rəsmiyyətdə Varşava, sənəddə Brüssel. Mühacirətdə toplanan Azərbaycan, Gürcüstan və Şimali Qafqaz liderləri 1920-ci illərdən etibarən başlayan müzakirələrin yekunu olan Qafqaz Konfederasiyası Paktını imzalayırlar. Azərbaycan adına imzanı Məhəmmədəmin Rəsulzadə və Əlimərdan bəy Topçubaşov atır.

Bu, o zaman idi ki, dünyada baş verəcək köklü dəyişikliklərə hazırlıqlar başlamışdı. Almaniyada nasional-sosialistlər hakimiyyətə gəlmiş, Fransa ilə SSRİ arasında hücum etməməklə bağlı pakt imzalanmış, SSRİ-nin Millətlər Cəmiyyətinə daxil olması yolunda əngəl qalmamışdı. Tək müstəqil Türk dövləti olan Türkiyə də SSRİ ilə anlaşmalar imzalamış, nəticədə mühacirlər ölkədən çıxarılmış, mühacir mətbu orqanlar qapadılmışdı. Belə bir vəziyyətdə 1920-ci illərdən başlayan Qafqaz birliyi ideyası 1930-cu illərdə artıq əməli fəaliyyət mərhələsinə keçmişdi.

1933-cü ildə formalaşan bu yeni düzən Qafqaz millətlərinin təkbaşına mübarizə aparmasını imkansız edirdi. Belə ortamda vahid güc sərgiləmək, azalan diqqəti yenidən bərpa etmək, həyata keçiriləcək planların qarşısına bir alternativ olaraq çıxmaq üçün Qafqaz Konfederasiyası ideyası dövrünə görə ən mühüm addım olacaqdı.

Qafqazın azad ediləcəyindən sonra qurulacaq bu birliklə bağlı paktda mühüm bəndlər mövcuddu:

- Qafqaz Konfederasiyası daxili münasibətlərdə respublikalardan hər birinin milli xarakteri və suverenliyinə tam zəmanət verərək, xarici siyasət sahəsində bütün respublikaların adından yüksək dərəcəli Beynəlxalq birlik kimi hərəkət edəcəkdir. Konfederasiya ümumi siyasi və gömrük sərhədinə malik olacaqdır;

- Konfederasiyanın xarici siyasətinə konfederativ respublikaların səlahiyyətli orqanları rəhbərlik edəcəkdir;

- Konfederasiyanın sərhədlərinin müdafiə olunması konfederativ respublikaların ordularından ibarət vahid komandanlıq altında və konfederasiyanın rəhbər orqanlarına tabe olan konfederasiya ordusuna həvalə ediləcəkdir;

- Konfederativ respublikalar arasında yarana biləcək və birbaşa danışıqlar yolu ilə tənzimlənməyən bütün mübahisələr konfederasiyanın mütləq arbitrajına və ya ali məhkəməsinə təqdim edilməlidir. Konfederativ respublikalar onların bütün qərarlarını məhdudiyyətsiz qəbul və icra etməyi öhdəsinə götürür.

Bu paktın müzakirələrinin aparıldığı dövrdə Rəsulzadə “İstiqlal” qəzetini çıxarırdı və bu qəzetdə Qafqaz Konfederasiyasının hədəfləri haqqında məqalələr təqdim edirdi. Onun bu birliyə imza atması müxalifi olan digər azərbaycanlı qrupların qarşı çıxmasına səbəb olsa da, Rəsulzadə nəinki Azərbaycan mühacirəti arasında, ümumQafqaz mühacirətində də önəmli söz sahibi idi. Buna görə də onun görüşləri mühacirəti dəstəkləyən qrupların da marağında idi.

Əlimərdan bəyin geniş və uzun siyasi fəaliyyətinin sonuncu addımı olan bu pakt bu gün uzaq keçmişdə qalsa da, ara-sıra aktuallığını qoruyur. Xüsusən də, Rusiyanın indi də davam edən təcavüzkar siyasətinə qarşı zaman-zaman Qafqaz Evi ideyası gündəmə gəlir. Amma bu məsələ 1934-cü ildə pakta qoşulmayan Ermənistanın dağıdıcı fəaliyyəti nəticəsində mümkünsüz görünür. Amma bütün hallarda ortaq düşmənə qarşı 1934-cü ildə imzalanmış bu pakt Azərbaycan tarixi üçün də maraqlı bir hadisədir.

Rəsulzadə bu pakt barədə çox yazıb. Amma krımlı mühacir Müstəcib Ülküsala paktın əhəmiyyəti barədə söylədiyi fikirlər Rəsulzadənin geniş dünyagörüşə sahib olduğunu bir daha təsdiqləyir. Müstəcib bəyin xatirələrinə görə, Rəsulzadə Qafqaz Konfederasiyası ideyasının Türkiyənin mənfəətlərinə iki yöndən xidmət edəcəyini söyləyib: 1) 15 milyonluq kütlədən təşəkkül edən bu Konfederasiya Rusiya təhlükəsinin Türkiyəni birbaşa təhdid etməsinə əngəl olacaq; 2) Bu konfederasiya müstəqil olduğu təqdirdə yaxın (qonşu) və uzaq olan böyük dövlətlərdən heç birinin onun üzərində bir haqq və hakimiyyət iddiasına səbəb olmayacaq. Bundan ən çox yararlanan ölkə Türkiyə olacaq. Çünki Qafqazda çoxluğu təşkil edənlər türklər və müsəlmanlardır. Onların Türkiyənin mədəni, siyasi və iqtisadi təsirləri altında qalması olduqca təbiidir.

Rəsulzadəyə görə, Qafqaz Konfederasiyasının müstəqil olaraq yaşaması Qafqaz millətləri arasında qarşılıqlı əmniyyət və etimadı doğruldacaq, nəticədə bölgədə asayiş olacaq.

Rəsulzadə Ülküsala Konfederasiyanın ən mühüm faydasını isə bu şəkildə açıqlayıb: “Qafqaz Konfederasiyasına Türküstanı daxil etmək mümkün ola bilər. Onsuz da aramızdakı Xəzər dənizi müştərək hüdud işini görməkdədir. Bu surətlə Türkiyə böyük bir Türk və müsəlman dövlətlər, millətlər kütləsinin ortasında və başında dayanaraq Sovetlərin cənuba enməsinə və İslam dünyasına girməsinə mane olacaq, eyni zamanda Avropa imperializminin Şərqə yayılmasına sədd təşkil edə biləcəkdir”.

Göründüyü kimi əgər Qafqaz Paktında əsas hədəflər Qafqazın işğaldan qurtarılması, daha sonra konfederasiyanın qurulmasıdırsa, Rəsulzadənin nəzərində bu konfederasiyanın nail olacağı hədəflər daha qlobal mahiyyətlidir. Bu da Rəsulzadəyə qarşı olan müxaliflərin iddia etdikləri “Rəsulzadə türk dünyası ilə deyil, xristianlarla, qeyri-türklərlə ittifaq bağlayır” tezisinin olduqca anlamsız və sırf şəxsi hədəf alan düşüncələr olduğunu göstərir. Müstəcib bəyin xatirələrindən çıxardığımız nəticələrə görə Rəsulzadənin planları bu şəkildə imiş:

- Qafqaz Konfederasiyasında əhali baxımından türklər və müsəlmanlar çox olacağına görə söz sahibi Azərbaycan olacaq. Çünki unutmayaq ki pakta imza atan Şimali Qafqaz hələ cümhuriyyətlər dövründə də Azərbaycana birləşmək düşüncəsinə sahib olub;

- Qafqaz Konfederasiyası daima Türkiyəyə torpaq tələbi olan Rusiya ilə bu ölkə arasında sədd rolunu oynayacaq, bu baxımdan güclü Konfederasiyanın olması və yaşaması birbaşa Türkiyənin maraqları çərçivəsində olacaq;

- Türküstanın da bu birliyə daxil olması nəticəsində Türkiyənin nüfuzu bu birlikdə daha da güclənəcək, həm bolşevizm, həm də Avropa imperializmi Qafqazı, Türküstanı aşıb müsəlman dövlətlərinə nüfuz edə bilməyəcək;

Şübhəsiz ki, bütün bunlar Qafqaz azad edildikdən sonra baş tutacaq məsələlər idi. Ona görə də bu azadlığın daha tez həyata keçirilməsi üçün dövlətlərin təkbaşına deyil, birgə mübarizəsi şərt idi. Həm yurdda sülh, həm də cahanda sülh üçün Qafqaz Paktı 1934-cü ildə atılmış ən doğru addımdı.


Müəllif: Dilqəm Əhməd