27 Aprel 2022 15:41
8 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 aprel 1920-ci ildə Rusiya ilk Azərbaycan Cümhuriyyətini işğal etdi. Dövlət xadimləri mübarizəni xaricdə davam etdirmək üçün mühacirətə getdilər. Onların bəziləri işğalın ilk aylarında qətlə yetirildilər, digərləri isə ömürlərinin axırınadək istiqlal uğrunda mücadilə apardılar. Həmin xadimlər mühacir mətbuatında xatirələrini də yazdılar.

27 aprel işğalı ilə bağlı bir xatirə də şəhid Baş nazir Nəsib bəy Yusifbəylinin oğlu Niyazi nəyə aiddir.

Həmin xatirə belədir:

“1920-ci ilin aprel ayı ilıq hava, parlaq günəşlə başlamış, sıxıntılı, amma bizim üçün məsud qış günlərini arxada qoymuşdu. Bakı şəhəri o günlərdə məşum hadisələr ərəfəsində idi, hərəkətli dönəmlərdən keçirdi. Küçələr insanlarla dolu idi, hər kəsdə tələskənlik, həyəcan vardı. Gedib-gələn elçilər, parlamentimizin uzun davam edən iclasları böyüklərimizi görmək, onları qucaqlamaq zövqündən bizi məhrum edirdi.

Bu təlaşlı və həyəcanlı günlərdə zavallı bizlər ordan-oraya qaçır, heç kimdən qanedici cavab almırdıq. Bununla yanaşı qorxunc bir şeyin hazırlandığını hiss edir, Krımda olduğu kimi təkrar yoxsulluq, səfalət və mühacirətin yaxınlaşdığını ürəyimiz yanaraq hiss edirdik.

Nəhayət, məşum an gəlib çatdı. O axşam doktor Həsən bəy Ağayevgildə idik. Söhbət zamanı insafsız işğalçının sərhədimizi keçdiyi söylənilir. Onlara qarşı bizi müdafiə edəcək ordumuz haradadır, görəsən? Axı bu ordunu neçə dəfə gözlərimiz yaşararaq, sinəmiz iftixarla dolaraq Bakı və Gəncədəki rəsmi keçidlərdə seyr etmiş, dünyaya bədəl olduğu qənaətinə varmışdıq. Halbuki qəhrəmanlarımız bu kritik anlarda vətənin uzaq bir köşəsində erməni hərəkatını yatırtmaqla məşğuldu. Yetişmələrinə də imkan yoxdu. Biz kiçiklər mavi, qara və bəyaz başlıqlı süvarilərimizi boynubükük, gözlərimiz yaşlı gözləyərkən o gecə Gəncəyə köçməyin gərəkliliyini müzakirə edirdilər. Axşamüstü qarmaqarışıq olan evə qayıtdıq. Təcili yeyilən yeməkdən sonra zəruri ehtiyaclar üçün vacib olan əşyalar alınarkən son dəfə baş vəkalət maşınına mindik. Boş və səssiz küçələrdən sürətlə keçərək qələbəlik vağzal binasına gəldik. Qatar hazır vəziyyətdə idi. Kompartmanlara yerləşdik. İntizar başladı. Bu əsnada gələn son xəbərlər belə idi: Hökumət istefa vermiş, sərgüzəştçilərdən ibarət bir qrup iqtidarı axırda bolşeviklərə təslim etmək üçün müvəqqəti olaraq ələ keçirmişdi. Saatlar keçir, qatar heç cür hərəkət etmirdi. Hamımız qərarsızlıq içində vurnuxarkən saat da doqquza yaxınlaşmışdı. Nə oldusa o anda oldu. Bir tapança səsi, peronda danışıq və panika.

Bu uğursuz tapançadan çıxan qurşun əziz cümhuriyyət və istiqlalımızın canını almışdı. Acı həqiqət bütün çılpaqlığı ilə ortaya çıxdı. Azərbaycan hökumətsiz, ordusuz qalmış, məchul və silahlı kimsələr meydanda idilər. Onlar kim idilər? Məqsədləri nə idi? Onları kim idarə edirdi? Beynimizi qurcalayacaq suallar... Bu silahlı adamlar qatara doldular, kompartmanları təftiş etməyə başladılar. Bütün vaqonları yoxladıqdan sonra təxliyyə etdilər. Qatarda ancaq biz qalmışdıq. Qapımızda duran növbətçi çıxmağımıza mane olur, buna görə əmr aldığını söyləyirdi. Bu əsnada Eyyub əmimiz apoletləri çıxarılmış halda pəncərəmizin altına gəldi. Siması üzüntü və ağrı ilə qarışıqdı. Qədərə boyun əyərək gözləməkdən başqa edəcəyimiz bir şey yoxdu.

Bir-iki saatlıq intizardan sonra, nəhayət, azad edildik. Vağzaldan ayrılaraq piyada şəhərin uzaq bir yerinə doğru yola düşdük. Bu yürüyüş mühacirətin ilk addımları, səfalətin, yoxsulluğun, iztirabın başlanğıcı idi. Bu başlanğıc eyni zamanda hər şeyin sonu deməkdi. Necə ki, həmin il əziz böyüklərimiz Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoylunu, Həsən bəy Ağayevi və minlərlə vətəndaşımızı əbədiyyən itirdik.

Bir neçə gün sonra qırmızı istilaçı ordu sel kimi Bakı küçələrinə axışdılar. Bu, hər şeyin sonu idi. Bu parlaq bahar günü bizə matəm günü olmuşdu...”


Müəllif: Dilqəm Əhməd