18 İyun 2022 18:27
13 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçının marketinqə cəlb olunması, piştaxta arxasına qoyulması və bununla müəllif-oxucu münasibətinə yeni dizayn verilməsi tamamilə yanlışdır. Fikrimcə, bu, təkcə klassik müəllif obrazının darmadağın olunması deyil; bu, müəllifin kitabda, mətndə "əridlməsi" də deyil, bu, sadəcə müəllifin dükandara, özü də bir çox hallarda qazancsız, şəriksiz, "faizsiz" dükandara çevrilməsidir. Belədə yazıçı oxucusunun qarşısına həm də ədalətsiz ticarətin subyekti kimi çıxır. Müəllif - mətnin yox, poliqrafik məhsulun satıcısı olur.

Məsələni ümumkitabdirçəlişi (...) və ya mütaliəmədəniyyətinətöhfə (...) kimi anlayışlarla da izahlamaq yetərli sayılmır. Bəlkə də mütaliəçi nəsə qazanır (dırnaqsız), müəllifsə itirir. Təkcə nüfuzunu və məzmununu yox, həm də istiqamətini! Mən belə düşünürəm.

Halbuki yazıçı daha yaxşı satmağı yox, daha yaxşı yazmağı məqsəd seçməlidir. O, kitabının satışını piştaxta arxasında həll etməyə can ata bilməz, o bunu uzaqbaşı masa arxasında düşünməli və çözməlidir.
Mənə elə gəlir, yazıçının marketinq elementinə çevrilməsi onu əlahiddə fəaliyyət növündən - daha yaxşı yazmaq işindən uzaqlaşdırıb daha yaxşı satmaq işinə yönəldir.

Mənə görə, Azərbaycan yazıçısının bir çatışmazlığı, bir minusu da öz mövzusuna tənbəl münasibətidir - o, ya masa arxasından ayrılmadan yaza biləcəyi xəyal ürününü özünə mövzu seçir, ya da seçdiyi mövzunu, temanı araşdırmadan fantaziyasına bel bağlayır; bir sözlə, Azərbayan yazıçısı oxunmayan əsərini satış probleminin şərtləriylə əlaqələndirir və beləcə, daha asan yol tapır, özünü isə, əlbəttə, məsuliyyətdən kənar tutur. Onu piştaxta arxasına gətirən səbəb-nəticə əlaqəsi budur. Yəni marketinq oxucunun diqqətini cəlb eləməyən əsərin yeganə xilas resepti ola bilməz.

O ki qaldı Məhəmməd Hadidən Bəşir Kəsərliyə qədər müəllifin öz şeirlərini satması faktlarına istinad - bu kimi hallar XÜSUSİ hallardır. Mətnin yox, müəllifin faciəsidir və bu faciə hər yazan şəxsdə ayrıca şərtlər daxilində təzahür edir.

Özümü naşir qəzəbindən sığortalamaq xətrinə yox, həm də ədalətli mövqeyin tamlığı naminə bir qeydi də əlavə etmək istərdim: Azərbaycan kitabına və kitabçılığına müəllif/yazıçı/ziyalı qatqısının faydasını nəinki istisna və inkar edirəm, əksinə bunu vacib sayan mövqeyi bölüşürəm də... Amma bu, əlahəzrət yazıçının əsas işindən, əsas iş yerindən - yazı masasından kənarlaşması hesabına başa gəlməli deyil.


Müəllif: Qurban Yaquboğlu