8 May 2014 09:35
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı” klubu haqqında çıxan bu söz-söhbətlər boş-boşuna ola bilməz. Komandadakı maliyyə problemləri, oyunçuların maaşının vaxtlı-vaxtında ödənməməsi barədə dolaşan xəbərlərdən bəhs edirəm.

Əgər bu söhbətlər belə yüksək səslə danışılırsa, deməli, heç kim klubda baş verənləri asanlıqla dana bilməz. El məsəli var, deyir, alov olmayan yerdən tüstü çıxmaz.

Bu durumda oyunçuların komanda daxilində qiyam qaldırdıqları, pullarının verilməyəcəyi təqdirdə “Qəbələ” ilə səfər oyununa yollanmaqdan imtina edəcəkləri ilə bağlı deyilənlər də həqiqətə oxşayır.
Ancaq o da istisna deyil ki, yaranan problemlər tezliklə aradan qaldırılsın. Çünki əldə olunan son məlumatlara görə, komanda Qəbələ səfərinə tam heyətlə yollanıb. (Yazı “Qəbələ” - “Bakı” oyunundan qabaq yazılıb.)

Bəs bu qədər qərarlı olan futbolçuları fikrindən nə döndərdi? Nə dəyişdi bu qısa müddətdə? Bu yerdə iki məqama diqqət yetirmək lazımdır.

1.Klubun rəhbəri Hafiz Məmmədovun maddi vəziyyəti hər kəsə məlumdur. Deyilənə görə, sözü gedən gecikmələr də çox yox 3 ayın toplanıb qalan pullarıdır. Bu qədər pulu “Bakı” klubu kimi maddi cəhətdən təmin olunmuş və Hafiz Məmmədov kimi səxavətli bir prezidentin ödəməsi təəccüblü deyil.
Üstəlik, nəzərə alaq ki, ortada nüfuz məsələsi də var. Təsəvvür edirsinizmi, hansısa klub prezidenti həmkarı, eyni zamanda rəqibi Hafiz Məmmədova yaşanan olayla bağlı rişxənd eləyir. Təbii ki, bu, yolverilməzdir.

Yaxşı, əgər pulu bu qədər qısa zamanda ödəmək imkanı vardısa, niyə yığılıb qalmışdı və bu həddə çatdırılmışdı?

Ancaq bütün bunlar sadəcə fərziyyələrdi, oyunçuların pulları hələ ki, ödənməmiş də ola bilər.
Belə olan halda ikinci məqam daha çox önə çıxır. Hansısa yolla oyunçular razı salınıb, yola gətirilib və səfərə çıxmağa razılıq verilib. Burada da müxtəlif variantlar var. Ağıllı oyunçu, istər əcnəbi, istərsə də yerli olsun fərq eləməz, bu durumda bir az səbrli davranardı. Çünki gec-tez haqqını alacağını, üstəlik, bunu artıqlaması ilə əldə edəcəyini bilir.

Klubdaxili toplantıda oyunçulardan bir az da səbrli olmaları istənilib və razılıq əldə olunub.
Heç şübhəsiz, bu işdə yerli oyunçuların əməyini danmaq da olmaz. Çünki hələ qiyam xəbərlərinin gündəmdə var-gəl elədiyi bir zamanda danışlırdı ki, yerli oyunçuların bəziləri əcnəbilərdən fərqli olaraq boykota qoşulmaq istəmirlər və istənilən halda komandya yardım edəcəklər.

Görünür, yerlilərin belə ürəkli davranışı əcnəbiləri də fikrindən döndərə bilib.

Bu işdə xüsusi olaraq komandanın liderləri Elvin Məmmədov, Əfran İsmayılov və Rauf Əliyevin fəallığı qeyd olunur.

Maraqlı məqam isə rəhbərliyin bu məsələni tamamilə, heç nə olmamış kimi danmasıdır. Əlbəttə, heç bir klubdan gözləmək olmaz ki, daxilində baş verənləri açıq-aşkar şəkildə ictimaiyyətə açıqlasın.
Ancaq hadisələrin başqa məcraya yönləndirilməsi də qəribədir. “Bakı” rəhbərliyinin açıqlamalarından belə çıxır ki, bu xəbərlərin “Qəbələ” ilə oyun ərəfəsində yayılması komandaya qarşı xüsusi hazırlanmış bir plandır.

Deyəsən, klubun icraçı direktoru Yaşar Seyidov unudur ki, mətbuat bir ay bundan qabaqdan başlayıb həyəcan təbili çalmağa ki, “Bakı”da maliyyə problemləri var. Sadəcə iş indi bu qədər ortalığa çıxası oldu.

Cidanı çuvalda gizlətmək olmaz, Yaşar müəllim.


Müəllif: Zaur Xudiyev