"Siz çörəyə and içirsiniz. Çörək müqəddəs ha deyil. Nemətdi, Allah ruzisidi, bərəkətdi, amma çörəyin nə gücü var ki, ona and içib nəsə gözləyirsiniz də".
Bunu kinayəylə söyləyən türk dostuma anlatmağa çalışsam da ki bəs biz çörəyə and içərkən bu ərzaqdan heç bir zad gözləmirik, faydası olmadı. Çörəyə and içən əcdadmız sadəcə, inanıb ki, bu dünyada hər şeyin ruhu var - buğdanın, ağacın da, günəşin, çörəyin də. Çörəyə and içmək çörəkdən imdad gözləmək deyil əsla. Bu andla insanlar çörək tanrısını dediklərinə şahid gətiriblər, "yalan deyirəmsə - çörək tanrısı mənə qənim olsun" deyimilə həqiqəti söylədiklərinə inandırıblar qarşılarındakını. Bu, sadəcə, keçmişdən, təkallahlılıqdan əvvəlki çoxallahlılıq dövründən qalan hafizə qatının bəsit elementidir - günümüzə də gəlib çıxıb. İndi şəhərdə yaşayan xanımların əksəriyyəti çörəklə haqq-hesabı azaltmaq üzrə - kimi artıq kilolardan əziyyət çəkir deyə, kimi, sadəcə, dəb xatirinə ya qara çörəyə üstünlük verir, ya lavaşa. Yox, lavaş haqqında danışmayacam. Hərçənd bugünkü köşəmin da YUNESKO-ya bir balaca aidiyyəti var.
***
Kim desə ömründə falçı yanına getməyib, ya karta-filana baxdırmayıb, bilin ki, səmimi deyil, yalan danışır. İllah da kişilər. Fal açanların etirafına görə, bu məmləkətdə fal-tas-tabaq işlərinə inananlar arasında güclü cinsin nümayəndələri də az deyil. Hərçənd guya beynin sol yarımkürəsini işlədibən də bizdən ağıllı və yüksək intellektli hesab edirlər özlərini. Amma və lakin işləri bir balaca çətinə düşdümü özlərini verirlər cadugər yanına, bir vəzifə-filan sahibi olanların da özləri yox, arvadları, yaxud sevgililəri falçı qapısını kəsdirir, bəzənsə lap ikisi də birdən, hətta ikisi də bir yerdə. Belə də olur. Falçı qapılarını nişan verən kimdi bəs? Elə bizim elan saytları.
***
"Dağ yəhudisiyəm. TARO kartlarında, noxudla fala baxıram. Cadunu, gözdəyməsini təmizləyirəm". "Mənə vergi verilib. Anam kimi mən də ağ və qara magiya ilə məşğul oluram. Hər cadunu götürürəm. İşimə 100 faizlik zəmanət verirəm". "Qədim fars magiyasını bilirəm. Keçmişi və gələcəyi görürəm. Ruzi duası yazıram. Qiymət razılaşma yolu ilə". "YUNESKO yanında beynəlxalq assosiasiyanın magistri uzun illər Almaniyada işləyib. Misir, Hindistan və Afrika magiyası ilə məşğul olur. Qiymətim baha deyil". Bu, bizim rəsmi saytlardakı elanların yüzündən biridir. Elan verib adam aldatmaqla pul qazanmaq istəyənlər çox, aldadılıb da pul xərcləmək istəyənlərsə onlardan qat-qat artıqdır. Təklif varsa, reklama pul xərclənirsə, demək, tələb də var, istək də. Bugün - 21-ci əsrdə insanlar yenə Parisi partlatmaq istəyində. Allah sənə rəhmət eləsin, Mirzə Fətəli!
***
Təklif olunan başqa bir üsulsa daha "əlverişlidir". Sizə, sadəcə, bir banka maya verirlər, xəmir mayası, üstündə də bir namə, yəni guya instruktaj, əslində isə fırıldaq, oyunbazlıq, yalan. Bu təlimat rus dilində yazılıb, xristian müqəddəslərindən sayılan Matronanın çörək reseptidir. Həmin xəmir mayasına bir gün yumurta, bir gün şəkər və s. qatmaqla 7 günə xəmiri düzəldib üç evə paylamalı, yerdə qalanından çörək bişirməlisiniz. Ki, həmin çörəyi yeyən kimi tüm arzularınız reallaşsın. Bir şərtlə ki, pul arzulamaq olmaz. Və hər kəs ömründə bircə dəfə bu sehrli çörəyi bişirib arzusunu çin edə bilər. Daha bir şərt. Bu çörəyə bıçaq vurmaq olmaz. Yalnız əllə kəsmək lazım. Başqasına vermək də olmaz. Bu təamı yalnız öz ailə üzvləriniz yesin gərək. Və son şərt. Bu zaman meymunu yada salmayın. Anladınız yəqin? Məşhur komediyanəvisin personajının sözüdü. Bu haradan düşdü yadıma? Çünki əsrlər dəyişsə də, mahiyyət yenə həmən-həmən.
***
Əlimdə həmin o Matronanın şərəfinə tikilən monastrın rəsmi müraciəti var - "Bu bir fırıldaqdı, biz o çörəyə görə məsuliyyət daşımırıq, inanmayın". Budur rəsmi mənbənin açıqlaması.
***
İnsanoğlu isə həmişə bunu arzuayıb - əziyyət çəkmədən pul qazanmağı. Ələddinin sehrli çırağından çıxan cin də, qocanın tutduğu qızıl balıq da nağıl qəhrəmanlarını arzuya tez çatdırıb. O nağıllarla böyüyən çağdaş "qəhrəmanlar"sa, səd heyf, belə elanları kəsib saxlayır, çətinə düşəndə onlara pənah aparır - dağ yəhudilərinə, cadu çıxaranlara, sehrli çörək paylayanlara, YUNESKO magistri olan şarlatanlara. Vəziyət hələ də belədir. Mirzə Fətəli, Allah sənə rəhmət eləsin!