27 Sentyabr 2022 14:00
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 Sentyabr Anım Gününə ithaf

Ötənlərdə İstanbulda bir hərracdan Azərbaycanla bağlı açıqca əldə etdim. Hacızadə soyadlı şəxsin göndərdiyi bu açıqcada Qarabağda və Zəngəzurda yaşayan ermənilərin qiyamından, hərbi vali Xosrov bəy Sultanovun əsir alınması xəbərindən, qürbətdə belə bir hadisəni eşitməyin ağrı-acısından bəhs edilirdi.

Əski əlifbada yazılmış bu açıqcanın mətnini türkoloq, tərcüməçi Azad Ağaoğlu və professor Ədalət Tahirzadədən oxumalarını xahiş etdim. Nəticədə mətn tam şəkildə oxunuldu. Hər iki dəyərli alimimizə təşəkkür edirəm.

***
Əziz qardaşım!

Napoldan yazdığın məktubu aldım. Allah yeni məkanını şad etsin. Əzizim, dünən qəzetədə bir pis xəbər oxudum: “24 mart Zəngizur və Qarabağ erməniləri üsyan etmişlər. Azərbaycan əsgərlərini qovub kəndilərini boyunduruqdan qurtarmışlar. Şuşada ceneral-qubernator Sultanofu əsir etmişlər”.

Bu xəbəri okuduqdan sonra başımı itirmişəm. Bilməyirəm nə edəm. Bütün günü fikir ediyoram. Görəsən, nə olmuş? Yenə qanlar saçılır? Nələr olur? Vətənimizdən, yurdumuzdan uzaq olduğumuz halda böylə yürəgi dağlayan bir xəbəri okuduqda insan nə etsin!

Yaz görüm evdən məktubun varmı?

Mən Parisə yoldaşlara məktub yazdım. Bəlkə onlar bir şey bilələr.

Sənin pulunu 529 frank bizə buraya göndərmişlər. Əlli sıkıyoram. Bir xəbər bilsən mənə tezliklə yaz. Knyazdan Ştutqartdan bir məktub almışdım. Bəhram ilə Turing adlı bir köydə yaşayorlar.

Abdullaya salam.

Arka[da]ş.

Məcid


***
Ə.Tahirzadənin fikrincə, bu məktubu İtaliyanın Perucia şəhərində oxuyan Məcid Hacızadə Neapolda oxuyan qardaşı Mirzə Hacızadəyə göndərib.

Cümhuriyyət tələbəsi Mirzə Göygöl haqqında geniş məlumata sahibik. Amma onun qardaşı Məcid Hacızadə haqqında yenə Ədalət Tahirzadə ilə Misir Mərdanovun həmmüəllif olduqları “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” əsərinin 3-cü cildindən məlumat əldə etmək mümkündür.

Müəlliflərin yazdıqlarına görə, Məcid bəy 1899-cu ildə Gəncədə doğulub. Onun da Cümhuriyyət tələbələri siyahısından xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulsa da, sonradan iki qardaşa birdən təqaüd ayırmaq mümkün olmayıb, bu səbəbdən yalnız Mirzə bəy dövlət hesabına oxuyub, Məcid bəy isə öz vəsaiti ilə təhsil almağa məcbur olub. Beləliklə, hər iki qardaş eyni zamanda İtaliyaya gedərək orada təhsil almağa başlayıb. Sonradan Mirzə bəy Almaniyaya keçdiyinə görə qardaşların təhsil yolu ayrılıb. Məcid bəy Kral Eksperimental İpək Stansiyasında tətbiqi ipəkçilik biologiyası ixtisası üzrə oxuyub, 1927-ci ildə imtahan verərək diploma layiq görülüb. 1927-1928-ci dərs ilində isə Milan şəhərində təhsilini aspiranturada davam etdirib. 1928-ci ildə Azərbaycana dönən Hacızadə Gəncə İpəkçilik Stansiyasına müdir təyin edilib, ancaq burada uzun müddət işləyə bilməyib – 1930-cu ildə həbs edilərək Özbəkistana sürgünə göndərilib. 1930-cu ildə orada vəfat edib.

Azərbaycan Cümhuriyyəti tələbələrindən Mirzə Hacızadə (Göygöl) 1897-ci ildə Gəncədə doğulub. 1906-cı ildə Gəncə kişi gimnaziyasına daxil olub, 1915-ci ildə oranı bitirib. Ardınca Lüblin quberniyasında (Xarkovda) Novo-Aleksandr Kənd Təsərrüfatı və Meşəçilik İnstitutuna qəbul olaraq orada oxuyub. Lakin Çar Rusiyasında baş verən inqilablar bir çox azərbaycanlı tələbə kimi Hacızadənin də təhsilini tamamlamasına mane olub. 1920-ci ilin yanvarında Azərbaycan Cümhuriyyəti hökuməti dövlət hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilib.

Hacızadə öncə İtaliyada oxuyub, ardınca Berlin Ali Ziraət Məktəbində təhsilini davam etdirib, 1924-cü ildə diplomunu alıb. Türkiyə hökumətinin dəvəti ilə 1926-cı ildə bu ölkəyə gəlib, Yeşilköy Zirai Araşdırma İnstitutunda 35 il müdir işləyib.

Mirzə Göygöl 1969-cu ildə həyat yoldaşı Zöhrə xanımla birlikdə Bakıya gəlib. 1981-ci ildə İstanbulda vəfat edib.


***
Açıqcadakı möhürlərdən aydın olur ki, məktub 21 aprel 1920-ci ildə göndərilib, 24 apreldə ünvana çatıb. Mətndə bəhs edilən mövzu ermənilərin 1920-ci ilin martında rusların dəstəyi ilə qaldırdıqları üsyanla bağlıdır. Amma Xosrov bəy qiyamçılara əsir düşməyib. Şübhəsiz ki, Vətəndən uzaqda bu xəbəri eşitmək azərbaycanlı tələbələri qayğılandırıb, əllərindən bir şey gəlməmələri onları kədərləndirib.

Həmin tələbələrin yaşadığı o hissi 1992-ci ildən etibarən 30 ilə yaxın biz də yaşadıq. Nə xoşbəxtik ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bu qayğılarımıza birdəfəlik son qoydu.


Müəllif: Dilqəm Əhməd