18 Oktyabr 2022 11:50
12 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətimizin müstəqilliyini yenidən qazanmağımızdan 31 il ötdü.

18 oktyabr tarixi 28 may günü qədər önəmlidir. 1920-ci ildən mühacirətdə, 1988-ci ildən isə Bakıda başlayan azadlıq hərəkatlarının məntiqi nəticəsidir. 18 oktyabrdan öncə daha vacib bir tarix də var. 30 avqust! Həmin gün “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti
bəyannamə qəbul edib.

Göründüyü kimi bu bəyannamədə müstəqilliyin bərpasından bəhs edilib. Demək ki, ardınca ilk respublika ilə bağlı münasibət də gündəmə gələcəkdi. O şəkildə də oldu. Hələ bu bəyannamədən öncə də bir neçə maraqlı addım atılıb. Məsələn, ASSR prezidenti Ayaz Mütəllibov 21 may 1990-cı ildə 28 May günü ilə bağlı fərman imzalayıb. Hələ ki Sovet İttifaqı rəsmi şəkildə dağılmadığı üçün fərman bu şəkildə idi: “Azərbaycan Demokratik Respublikasının elan olunduğu 28 May günü Azərbaycan dövlət quruluşunun dirçəliş günü elan edilsin”.

Fərmandan sonra 25 may 1990-cı ildə ASSR Elmlər Akademiyasında ilk respublikanın yaradılmasının ildönümü münasibətilə elmi sessiya keçirilib. Prezidentin 1990-cı il 29 noyabr tarixli digər fərmanı ilə “Azərbaycan dövlət quruluşunun dirçəliş günü olan 28 May” istirahət günü elan edilib.

5 fevral 1991-ci ildə “Azərbaycan SSR-in adında dəyişiklik edilməsi haqqında” ASSR Qanununaəsasən Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılıb. Konstitusiya Aktının qəbulundan sonra bu məsələlər daha da sürətlənib.

29 oktyabr 1991-ci ildə “Müstəqil Azərbaycan Respublikasının tanınması haqqında dünya dövlətlər birliyinin üzvü olan dövlətlərin parlamentlərinə və hökumətlərinə Müraciət haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qərarında bildirilib: “Azərbaycan dövlət quruluşunun azad inkişafı, Azərbaycan Respublikasının 1920-ci il aprelin 28-də RSFSR silahlı qüvvələrinin açıq təcavüzü və Azərbaycanı işğal etməsi nəticəsində itirilmiş müstəqilliyi bərpa olunur”.

1992-ci ilin yanvar ayında Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov Ankarada olarkən Məhəmmədəmin Rəsulzadənin məzarını ziyarət edib. 2 aprel 1992-ci ildə İstiqlal günü münasibəti ilə AR Ali Soveti Milli Şurasının qərarında 28 Mayla bağlı bildirilib: “1918-ci il mayın 28-də müstəqil Azərbaycan Respublikası yaradılması ilə Şimali Azərbaycanın təqribən yüz illik müstəmləkə vəziyyətinə son qoyuldu. Milli dövlətdən məhrum edilmiş Azərbaycanın dövlət quruluşu dirçəldildi. İlk dəfə Şimali Azərbaycan ərazisində Bakı şəhəri paytaxt olmaqla vahid mərkəzləşmiş milli dövlət—Azərbaycan Respublikası yarandı, onun ərazisi, dövlət sərhədləri, dövlət rəmzləri müəyyənləşdi, çoxpartiyalı parlamenti təşkil edildi. Xalq bir bayraq altında birləşdi. Azərbaycan Respublikası bütün islam, o cümlədən türk aləmində ilk demokratik dünyəvi dövlət olmuşdur. Azərbaycan Respublikasının yaradılması milli tariximizin ən görkəmli hadisələrindəndir. Xalqımızın taleyində, milli dirçəlişində onun tarixi rolu və misilsiz əhəmiyyəti olmuşdur”. Bu girişin ardınca Milli Şura bu qərarları alıb: “28 May—Azərbaycanın İstiqlal günü ümumxalq dövlət bayramı kimi geniş qeyd olunsun; Bu münasibətlə 1992-ci ilin may ayında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xüsusi iclası keçirilsin. Azərbaycan Respublikasının birinci Milli Şurasının (sədr M. Ə. Rəsulzadə) və ilk hökumətinin (sədr F. Xoyski) ilk dövrdə respublikanın müvəqqəti paytaxtı Gəncə şəhərində fəaliyyət göstərməsini nəzərə alaraq, Milli Şuranın iclası Gəncədə keçirilsin”.

Müstəqillik illərində də Azərbaycan Cümhuriyyəti ilə bağlı önəmli tarixlərlə bağlı fərmanlar imzalanıb. 30 yanvar 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilib.

Birinci respublikanın rəmzləri ilə bağlı tələblər Bakıda aparılsa da, ilk dəfə rəsmi şəkildə Naxçıvan Muxtar Respublikasında qəbul edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edilib. Bununla da 1920-ci ildən sonra mühacirətdə yaşadılan ilk respublikanın bayrağı yenidən Bakıda rəsmiyyət qazanıb. Azərbaycan Respublikası Ali Soveti həmin gün bu qərarı qəbul edib:

“Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağının bir çox onilliklər ərzində Azərbaycan xalqının milli dövlət quruluşunun rəmzi olduğunu, bu bayraq altında xalqın böyük və mürəkkəb təşəkkül və inkişaf yolu keçdiyini nəzərə alaraq, öz tarixinə, əvvəlki nəsillərin keçdiyi yola ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır: Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağı respublikanın milli tarixi sərvəti kimi saxlansın; bu bayraqdan ümumxalq bayramları, mitinqlər və nümayişlər zamanı istifadə edilə bilər”.

1992-ci il mayın 27-də Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib olunmuş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edilib. 1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi qəbul olunub.


Müəllif: Dilqəm Əhməd