26 Oktyabr 2022 17:55
12 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə İngiltərə tarixində maraqlı hadisə yaşandı. Ölkənin keçmiş maliyyə naziri Rişi Sunak hakim Mühafizəkarlar Partiyasının yeni lideri seçildi. Ardınca 42 yaşlı bu şəxs dünyanın ən güclü dövlətlərindən birinin baş naziri oldu.

İngiltərə tarixində son 200 ilin ən gənc Baş naziri olan Sunak Hindistan əsillidir, 1980-ci ildə Böyük Britaniyada doğulub. O, sabiq Baş nazir Tereza Meyin dövründə nazir müavini, Boris Consonun dövründə isə maliyyə naziri işləyib.

Baş nazir kimi fəaliyyətə başlayan Sunak artıq Rusiyanın Ukrayna ərazilərini işğal etməsi ilə bağlı Zelenski və Baydenlə müzakirələr aparıb. Sunak ölkəsinin Ukraynaya tam şəkildə dəstəyini davam etdirəcəyini açıqlayıb.
Rişi Sunakın Baş nazir olması onun etnik kimliyini də gündəmə gətirdi.

“Azadlıq radisou”nun məlumatına görə, onun hindli valideynləri Britaniyaya şərqi Afrikadan 1960-cı illərdə mühacirət ediblər. Sunak əvvəlcə nüfuzlu özəl orta məktəbdə təhsil alıb, sonra təhsilini Oksford və Stenford universitetlərində davam etdirib. Gələcək həyat yoldaşı, Hindistan milyarderinin qızı Akşata Murti ilə də tələbəlik illərində tanış olub. Sunak təhsilini başa vurduqdan sonra Goldman Sachs investisiya bankında işləyib. Hazırda cütlük Britaniya zənginlərinin siyahısında 222-cidir. Sunak 2015-ci ildə İcmalar Palatasına deputat seçilib, 2017 və 2019-cu illərdə yenidən etimad qazanıb. 2016-cı ildə Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. Sunak 2019-cu ildə Tereza Meyin istefasından sonra Boris Consonun baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib. Consonun qələbəsindən sonra Sunak Britaniya xəzinədarlığının baş katibi, 2020-ci ildə isə maliyyə naziri təyin olunub.

Şübhəsiz ki, Sunakın ailəsi Asiyanın başqa bir ölkəsindən olsaydı, onun şəcərəsi gündəmə gəlməzdi. Uzun illər İngiltərənin işğalında olan Hindistana məxsus bir ailənin üzvünün indi böyük ölkəni idarə etməsi maraqla qarşılanıb. Təbii ki, Sunak Baş nazir kimi, eləcə də vətəndaş kimi ingilisdir. Sadəcə bu məsələlər hər zaman kütlənin marağında olub. Eləcə də Hindistan-İngiltərə əlaqələri baxımından yüz il əvvəl baş vermiş hadisə də Cümhuriyyət dövründə Bakıda qəzetdə öz əksini tapıb.

Elə bu ərəfələrdə ADA Universitetinin nəşr etdiyi “Azərbaycan” qəzetinin (hazırlayanlar Mehdi Gəncəli və Azad Ağaoğlu) 4-cü cildini nəzərdən keçirərkən “İngiltərədə yeni hökumət” başlıqlı xəbərə rast gəldim. Xəbərdə diqqət çəkən məqam ilk dəfə olaraq bir hindistanlının vəzifəyə gəlməsi idi: “İngiltərədə Vüzəra [Nazirlər] Kabinəsi təzələnib, yeni kabinə əksəriyyən əski nazirlərdən təşəkkül edərək, ser Sinha Hindistan işlərinə baxan vəzir müavini olmaq üzrə ilk dəfə olaraq İngiltərə Kabinəsinə hindulardan da nazir təyini nagəhani [gözlǝnilmǝz] olmuşdur. Çünki heç böylə şey gözlənməyirmiş, ser Sinhaya İngiltərə peri ləqəbi veriləcəyi gözlənir. Yeni kabinə, Lloyd Corc Rəisi-vükəla [Baş nazir] olmaq üzrə 30 ittihadçı (unionist), 25 liberal, 5 fəhlə firqəsi nümayəsindən ibarət olaraq 60 nəfərdən mütəşəkkildir”.

Qəzeti hazırlayanların verdiyi qeydə görə, per sistemi Böyük Britaniyada zadǝgan titulları sistemidir. Bu sistemdǝ hersoq, markiz, qraf, vikont vǝ baron kimi beş dǝrǝcǝ var. Sinhaya baron titulu verilmişdi.

Beləliklə, Sinha Satyendra Prasanna (1863-1928) Böyük Britaniyanın Hindistan İşlǝri naziri Monteqyonun müavini (1919-1920) olub.

Monteqyo Edvin Semuel (1879-1924) 1917-1922-ci illǝrdǝ Hindistan İşlǝri naziri idi.

Sinhadan Sunaka gedən yol uzun müddət populyar tarixin marağında olacaqdır.


Müəllif: Dilqəm Əhməd