Son 2 ildə yaşadığımız inanılmaz hadisələr, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda qazandığımız sarsılmaz ZƏFƏR xalqın öz rəhbəri ilə vahid ideya ətrafında möhkəm birliyinə daha bir möhür vurdu.
Bu, sadə ZƏFƏR deyildi, Azərbaycan xalqının və qəhrəman ordumuzun öz LİDERİ ilə mütəşəkkil, əzəmətli vəhdətinin təcəssümü idi. İnsanlarımız və əsgərlərimiz qətiyyətin, cəsarətin, gücün müşayiətilə, böyük bir entuziazmla həm mənən, həm də fiziki olaraq silahlandılar.
Yeni tarixdə belə mübarizə və müharibəyə nadir hallarda rast gəlinə bilər. Bu isə məhz Azərbaycanda baş verdi: Liderin bir səslənişi, bir çağırışı ilə oğullar ayağa qalxdı, analar xeyir-dua verdi, bütöv bir ölkə haqq işi uğrunda savaşın təntənəsinə qoşuldu.
Azərbaycanın müqəddəratında həlledici amil olan, dünyada onun siyasi mövqeyini möhkəmlədən, hər bir azərbaycanlının özününkü saydığı bir dövlətə, ölkəyə qürur yaşada bilən tarixi bir məqamda "Biz birlikdə güclüyük" devizi hamımızı Ali Baş Komandanın ətrafında birləşdirdi. Tarixi Zəfərin təməli bu birlik hesabına ərsəyə gətirildi.
Gerçəkliyimiz qarşısında dünyanın susduğu bir zamanda Azərbaycanımızı vahid bir mövqeyə gətirməyi yalnız Liderlik fenomeni olan şəxs bacarardı və elə o da bacardı...
Asan olmayan şərtlər daxilində qətiyyətli və prinsipial mövqe sərgiləməklə Azərbaycanımızı tərəqqi və qələbə zirvəsinə yüksəldən Prezident İlham Əliyev 44 günlük müharibənin ən gərgin, ən həlledici zamanlarında haqq işimizə mane olmağa çalışan bəzi dünya dövlətlərinə, liderlərinə, bizə qarşı birləşən şər ittifaqlarına yerini göstərdi.
Cəsarətini tarixdən və həqiqətdən alan Liderimiz xalqın ona bəslədiyi sarsılmaz inam və güvən sayəsində Azərbaycanın şanlı Zəfərinə imza atdı.
Zəfər günündə o tayın-bu tayın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın misralarını çağırış kimi xatırlatmaq yerinə düşər: "Birlik yaradın, söz bir ola biz kişilərdə..."
ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK!