Ölkəmizdə Bayraq Günüdür.
9 noyabr 1918-ci ildə qəbul edilən üçrəngli bayraq 104 il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində dalğalandı. Argentinadan ABŞ-a, Almaniyadan Türkiyəyə qədər mühacirlərin səpələndiyi ölkələrdə həmişə bayrağımız ucaldıldı. Gün gəldi, Gülmirzə Bağırın timsalında mühacirətdə toxunan bayraqlar sinəyə sarılaraq Vətənə gətirildi. Gün gəldi ,müstəqil olduq, Gültəkin Ananın timsalında müstəqillik uğrunda mübarizə aparan Meydan üçün bayraqlar toxunuldu.
Bayraq Günü həm də Gültəkin Ana deməkdir.
Onu görmək mənə qismət olmayıb. Amma oxuduqlarım, eşitdiklərim, ən əsası isə müqəddəs işi bu qadın haqqında ancaq xoş xatirələr yaradır.
Gültəkin Həsənova 21 may 2014-cü ildə 86 yaşında vəfat edib. Təəssüf ki, internetdə həyat hekayəsi geniş olmasa da, biz keçmiş mətbuatın səhifələrindən onun maraqlı bir müsahibəsinə təsadüf etdik.
Gültəkin Ana bayraq tikməsi məsələsi haqqında bunları deyib:
“Atam Həsən Səfərli Hüseyn Cavidin tələbəsi idi. Naxçıvanda teatrın yaradıcılarından biri olub. Üzeyir bəy teatrın bir illik yubileyində ona qızıl lira bağışlayıb. Atam müsavatçı idi. Həmişə mənə keçmişdən, mübarizələrindən danışardı, o bayrağı təsvir edərdi: mavi, qırmızı, yaşıl... 1988-ci ildə mitinqlər başlayanda meydana mən də gəlirdim. Onda meydanda bir bayraq gördüm. Bayrağın yuxarı hissəsi göy idi. Mən yaddaşıma həkk olan bayrağı tikmək qərarına gəldim. Əvvəlcə oğlum Azər (rəssamdır) mənə bir qədər kömək etdi. Tikirdim, gətirib meydanda paylayırdım. Bir dəfə gördüm ki, tribunada bayraq yoxdur. Eyni cür iki ədəd bayraq tikdim, saçaqlar düzdüm, ötürdüm tribunaya. Heç vaxt da adımı bildirməmişəm. Elə sevinirdim ki, meydanda bayraq çox olanda, başımız üzərində dalğalananda. Nə qədər nəfəsim var, tikəcəyəm ki, hər yerdə bayrağımızı görə bilək. Mənim dövlətim bunlardır”.
Gültəkin Ana meydanla bağlı maraqlı bir xatirəsindən də bəhs edib: “1989-cu ilin mitinqlərində meydana qonaqlar da gəlirdi. Bir dəfə bir neçə bayraq tikdim, belə bir məktubla tribunaya ötürdüm: “Əbülfəz bəy, mən varlı deyiləm, bu bayraqları öz istəyimlə tikirəm. Xahiş edirəm qonaqlara paylayın”. Bir ara ipəklər qıt düşmüşdü. Heç yerdən yaşıl rəng ipək tapa bilmirdim. Rəfiqəm qızı üçün yaşıl rəngli cehizlik balınc üzü tutmuşdu. Başqa rəngli balınc üzləri alıb verdim, yaşılı götürdüm”.
Gültəkin Anadan bu müsahibə 1990-cı ilin avqustunda götürülüb. Hələ Azərbaycan müstəqil deyildi. Hər kəs sovet vətəndaşı idi. SSRİ-nin dağılmadığı bu dövrdə Gültəkin Ana nə qədər bayraq tikmişdi iki il ərzində? Özü belə cavab verib: “Təkcə mayın 28-də yüzə qədər olardı. Bir ədəd iri bayraq Mirzə Xəzərə yollamışam. 50 ədədini də Türk qardaşlarımıza yollamışam. Gördüyüm iş xalqım üçün çox kiçik işdir. Amma bu kiçik işi can-başla görməyə çalışmışam... Bircə xalqımın azad gününü görə bilsəydim”.
Gültəkin Ananın böyük oğlu Müsəvvər bəy jurnalistə anası haqqında belə deyib: “Mənə elə gəlir ki, anam bayrağımızı nəinki sevir, ona səcdə edir. Bu sevgi bizim hamımızın, körpələrin də qəlbinə hopubdur. Anam təqaüdünü alan kimi parça axtarmağa yollanır. Yüz metrlərlə parça alır, heç birimizdən də bir qəpik götürmür. İstəyir hər şey halallıqla olsun”.
İndi hər dövlət idarəsindən tutmuş evlərə qədər ucalan bayrağımızı gördüyümüzdə dumanlı 1988-1990-cı illər insana nağıl kimi görünür. O nağılın qəhrəmanlarından biri idi Gültəkin Ana...
Bayraq Günündə məzarının ziyarətə çevrilməsi arzusu ilə...