9 mart 1920-ci il. Azərbaycan Parlamentinin gündəmində Qarsdır. Ermənistanın Qarsa olan iddiası Baş nazirin iştirakı ilə müzakirə edilir. Müsavat firqəsinin rəisi Məhəmmədəmin bəy çıxışında bu gün üçün də önəmi olan bir cümlə işlədir: “Avropa əfkarı-ümumiyyəsi öylə bir cərəyan almış ki, Zaqafqaziyada bir Qaybalı köyü dağılarsa, bütün dünya hərəkətə gəlir, hərgah Qars kimi böyük bir müsəlman kütləsi qırılırsa, qonşu məmləkətlər belə ondan məlumat ala bilməz. Məəttəəssüf dünyanın quruluşu öylədir ki, müsəlmanlar üzərində olan bu əməliyyati-cərrahiyyənin cəzası uzaqlara qədər getməyə məcbur olamır. İştə bu gün Azərbaycan milləti Azərbaycan Məclisi-Məbusanı millət və hökuməti ilə bərabər qardaşlarının başına gələn müsibəti bizə qarşı laqeyd qalmış Avropa və dünyaya eşitirməli və zalimin zülmünü meydana çıxarmalıdır”.
(Qaybalı kəndində ermənilər yaşayırdı)
Rəsulzadənin 1920-ci ildə təsbit etdiyi bu halı biz 1988-1993-cü illərdə yenidən yaşadıq. Azərbaycan torpaqları işğal edildi, Xocalı soyqırımı törədildi, nəticədə ABŞ Azərbaycana qarşı addım atdı. Otuz ildə Qarabağ talan edildi, ətrafındakı torpaqlar Xirosimaya çevrildi. Nəinki torpağın üstünü, altını da taladılar, qəbirləri dağıdıb, sümükləri oğurladılar. Dünya əfkarı-ümumiyyəsi qəbul etdiyi qətnamələri də həyata keçirmədi.
Heç utanmadılar.
Biz buna alışdıq. Ötən əsrdə də görmüşdük. Avropa ölkələri yanvar ayında tanıdıqları dövlətin cəmi üç ay sonra işğal edilməsinə göz yumdu. Milyonlarla insan qətli üzərində qurulmuş imperiyanı tanıdılar, azadlıqlarını itirmiş xalqları görmədilər.
27 sentyabr 2020-ci ildə tarix üzünü biz tərəfə çevirdi. Azərbaycan ordusu işğalı sonlandırmaq üçün bütün istiqamətlərdə hərəkətə keçdi. 44 gün nələr yaşadıq anbaan xatirimizdədir. Bu savaşdan öncə və sonra nələr deyilmədi ki? Avropanı kənara qoyaq, “özümüzünkülər” nə hədyanlar söylədilər.
“Azərbaycan ordusu gücsüzdür” dedilər. “Azərbaycan Kəlbəcər və Laçınını ala bilməyəcək” dedilər. “Azərbaycan Hadruta girməməlidir” dedilər.
Fikirləri və arzuları ürəklərində qaldı. Çıxıb üzr istədilərmi? Əsla.
Heç utanmadılar.
Yenə Rəsulzadəyə qayıdaq. Həmin çıxışında Rəsulzadə azlıqlar məsələsi ilə bağlı bu gün də əhəmiyyətini qoruyan fikirlər söyləyir: “Biz bu nəzərdəyik ki, hər hansı hökumət olursa və millət neçə millət olursa olsun, onların içində olan, əqəliyyətdə qalan millətlər qalıblar və qalacaqlar da. Nə cür, hökumət qurularsa-qurulsun, içində əqliyyətdə qalan millətlər olacaq. Bu olacaq, bizdə də ermənilər var. Ermənistanda da müsəlmanlar var və olmalıdır”.
Azərbaycan ermənilər daxil bütün azlıqlara yurd yeri olub. Azərbaycan qan tökülməsin deyə ən yüksək erməni muxtariyyətinə razı olub. Azərbaycan indi də Xankəndində yaşayan ermənilərə vətəndaşlıq verməyə, onların sosial, hüquqi təhlükəsizliyini qorumağa hazırdır. Amma Ermənistan Qərbi Zəngəzura, İrəvana azərbaycanlıların qayıtmasına hazırdırlarmı? Və ya bu gün Ermənistanda nə qədər azərbaycanlı var?
Azərbaycanın bugünkü vətəndaşları ilə gələcək vətəndaşları arasında sülh yaratmağa xidmət etməli olan rus ordusu bu gün Laçın yolunu bağlayıb, qanunsuz istismara göz yumur. Azərbaycan öz torpaqlarının sömürülməsinin qarşısını almaq üçün öz torpağında monitorinq keçirmək istəyir. Amma qarşımızda sömürgəçiləri və onları himayə edən ordunu görürük. Buna görə də iki gündür vətəndaşlarımız etiraz aksiyası keçirir.
Buna cavab olaraq bir tərəfdən ermənilər “Azərbaycan bizi qırır” ittihamı ilə hay-həşir salır, içimizdəki havadarları onlara dirijorluq edirlər. Bu halı da biz ötən əsrdə yaşamışdıq. Böyük Üzeyir bəy ona görə yazırdı ki, “Denikinlə bacarmaq asandır, çətin olan içimizdəki denikinlərdir”.
İddia etdikləri hər şey puç oldu. Azərbaycan Laçını da, Kəlbəcəri də qaytardı. Xankəndini və digər əraziləri də qaytaracaq. Onlar isə utanacaqlarmı?
Əsla.
Bu soyuqda erməni və rus fitnəsinə qarşı tonqal ətrafında mücadilə aparan, əziz vətəndaş!
Tonqalınız sönməsin. Hələ çox yurdlara işıq olacağıq.
Ömər Faiq demiş, işığımız sönməyəcək!