Aqil Lətifov
15 dekabr 2009-cu il. Artıq bir neçə dəqiqədir ki, axşam düşüb. Həyətdə heç vaxt görmədiyim və alışıq olmadığım müəyyən xırda-para işlərlə məşğulam. İşə həvəslə başlasam da, nədənsə çox narahatam və əlimdə olan işi bir an öncə qurtarmaq istəyirəm. Elə təzəcə işə başlamışdım ki, mobil telefonuma bir mesaj gəldi. Lakin vaxt itirməyim və işi tez başa vurum deyə mesajın kim tərəfindən göndərildiyinə və nədən bəhs etdiyinə baxmadım.
Bir neçə dəqiqə keçdikdən sonra telefonun SMS melodiyası yenidən səs saldı. Yenə də telefonu açmadım, amma işimi qurtarmaq üçün daha sürətlə çalışmağa başladım. SMS-lərin ard-arda gəlməsi, onların mətni ilə tanış olmamağım məni daha da təlaşlandırır və ürəyimin döyüntüsü sanki qulaqlarımı deşirdi. Pis xəbər eşidəcəyimdən çəkinərək telefona cavab vermək, mesajlarla tanış olmaq istəmirdim. Ancaq beynimdə qarma-qarışıq fikirlər dolaşsa da, mesajların mətni ilə tanış olmaq məcburiyyətindəyəm. Nəhayət, işimi qurtardıqdan sonra telefonu açdım və mesajların böyük bacımdan gəldiyini gördüm. Ondan mənə, sadəcə, boş mesajlar gəlib. Bacımın nömrəsini yığmaq istəyirəm, lakin barmaqlarım beynimlə ürəyimin fərqli istəkləri qarşısında sanki seçim edə bilmir. Bacıma telefon açaraq, nə baş verdiyini öyrənmək istəyirəm, ürəyim isə bunu yerinə yetirməyə tərəddüd edir. Nömrəni yığmaq istəsəm də, sanki barmaqlarım mənim yox, hansısa ilahi qüvvənin diqtəsi altında idi. Gücsüz barmaqlarımla birtəhər nömrəni yığaraq bacıma zəng etdim. Bacımın telefonu açaraq, ağladığını eşitdim, onsuz da narahat olan ürəyim bu səsi eşitcək yerindən çıxacaqmış kimi çırpınmağa başladı. Bacım ağlayaraq, titrək səslə: “Aqil, anamgil qəzaya düşüblər. Avtomobil dərəyə yuvarlanıb. Deyirlər, maşında olan bir gəlinin vəziyyəti çox ağırdır”, dedi. “Sən nə danışırsan? Ola bilməz. Zarafat edirsən? Nə qəza? Anamgil harada idi ki? Harada olub? Gəlin kimdi? De, ki, zarafat edirəm”. Qeyri-ixtiyari olaraq, birnəfəsə ona bu sözləri söylədim. Bacımın dediklərinə heç cür inanmaq istəmirdim. Ancaq onun ağlaması qəzanın, həqiqətən, baş verməsindən xəbər verirdi. Bir tərəfdən Allah-Təalaya dualar edirəm, digər tərəfdən isə kiminsə bunun gerçək deyil, yalan olduğunu söyləməsini gözləyirəm. Bütün bunların pis yuxu olmasını istəyirəm. Lakin atama açdığım telefon mənim bütün ümidlərimi puç edir. O, bu hadisənin həqiqət olduğunu bildirir və başqa heç nə demədən telefonu söndürərək, sonrakı zənglərimə cavab vermir. Mən bundan sonra sözlə anladılması mümkünsüz olan təlaş, təşviş içərsində olduğumdan nə edəcəyimi bilmirəm.
Telefon açdığım şəxslərdən doğru-dürüst bir məlumat əldə edə bilmədiyimdən onların məndən nəsə gizlətdiyini düşünürəm. Lakin fikirləşdiyimin doğru olmamasını arzulayıram. Onu bilirəm ki, özüm getməyənə qədər kimsə mənə dəqiq bir söz deməyəcək. Gecə ilə Bakıdan yola düşürəm. Yardımlıya qədər olan bu dörd saatlıq yol mənə bir insan ömrü qədər uzun gəlir. Yol qurtarmaq bilmir, mən isə xəyallardan ayrıla bilmirəm. Yaş damcılayan gözlərimin önündə ancaq o var: onun gülümsəməsi, danışığı, bir neçə ay öncə gəlinlik libasında evdən yola salmağımız... O, bir an belə gözümün önündən getmir. Yalnız onu fikirləşir, onunla bağlı ən xoş xatirələr məni qanadlarına alıb uzaqlara aparır. Sanki yol boyu o, mənimlədir.
Sürücü bir neçə dəfə “qəza burada baş verib” dedikdən sonra məni xoş xəyallardan ayıra bilir. O, qəzanın baş verdiyi ərazini mənə göstərir. Şəhərdən gələn bəzi tanışların da burada olduğunu, onların ağladığını görürəm. Artıq kiminsə dünyasını dəyişdiyini bilsəm də, həmin insanın kimliyini soruşmağa cəsarət etmirəm. Təxminən 20-30 metr dərinlikdəki dərəyə yuvarlanan avtomobilin vəziyyətini gördükdən sonra buradan hansısa insanın sağ çıxmasınının mümkünsüz olduğu ehtimalı artmağa başlayır. Ətrafda qalın meşə və yerdə ərimiş qarın yaratdığı palçıqdan başqa bir şey yoxdur. Tərəddüdlər məni ağuşuna alır: burada baş verən qəzanı kim görüb, görəsən? Qəzanın yoldan xeyli aralıda, dərənin dibində, ağacların arxasında, yaşayış yerlərindən uzaqda, özü də gecə saatlarında olması onu kiminsə görməsini qeyri-mümkün edirdi. Onlar bu səssiz, qaranlıq, soyuq, kimsəsiz meşədə, yaralı vəziyyətdə necə kömək çağırıblar? Buradan necə çıxıblar? Bu və hətta düşünülməsi belə sarsıdıcı olan sualların cavabını tapa bilməsəm də, rayona doğru istiqamət alırıq. Artıq dəhşətli qəzanın necə baş verməsini təsəvvür etsəm də, bu qorxunc faciədə olan hər kəsi canlı görmək istəyirəm. Rayonun mərkəzi xəstəxanasına çatırıq. Anam buradadır, lakin vəziyyətinin ağır olduğu bildirilən o şəxsi burada görmürəm. Anamı sağ-salamat görmək mənə bir az ümid verir. Ancaq burada olan yaxınların hamısı görən kimi mənə sarılır, mənsə donub qalmışam. Anamın üzərində hər hansı bir yara izi olmasa da, əslində, onun üzündən nəyin baş verdiyini anlamaq elə də çətin deyil. Susqun anamın simasında, kədərli gözlərində qəzanın bütün dəhşətli anları sanki dəqiqəbədəqiqə bütün çılpaqlığı ilə əks olunub. Yataqda olan anam məni görən kimi titrək və gücsüz əlləri ilə bərk-bərk qucaqlayır: “Aqil, başın sağ olsun, möhkəm ol”, - deyir. Bu zaman yol boyu boş yerə ümidləndiyimi, dualarımın gecikmiş olduğunu başa düşür və yaşanmasına üsyan edəcəyim hadisənin artıq baş verdiyin anlayıram. Ancaq buna inanmaq istəmirəm: axı bu hadisə bizim ailədə necə baş verə bilər? Belə bir şey mümkündürmü?
Nəhayət, hüzr yerinə çatıram. Atamı heç vaxt belə gücsüz, çarəsiz görməmişəm. Onun bu vəziyyəti qəlbimi param-parça edir. Atam məni görcək titrək, əslində, çox şey ifadə edən bir səslə: «Hardasan? Niyə indi gəlirsən? Artıq o, burada deyil, behiştdədir», deyir və...
Onu bir neçə ay öncə görmüş və bu faciədən iki gün əvvəl telefonla danışmışdım. Ondan mənə qalan son xatirə, sadəcə, ağa bürünmüş ruhsuz bədəni oldu. Üzərindən beş il keçsə də, mənim üçün hələ də 2009-cu il 15 dekabrdır. Bir an belə unudulmayan həmin günü acı bir yuxu zənn edirəm və nə vaxtsa bu yuxudan ayılacağım günün yetişəcəyini gözləyirəm. Bu, mümkünsüz olsa da, hələ də ümidliyəm...
O, mənim yenicə ailə qurmuş 20 yaşlı bacım idi.