27 Yanvar 2023 16:05
15 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu baş verdi. Bir nəfər mühafizəçimiz şəhid oldu, iki nəfər yaralandı.

Hadisənin baş verdiyi tarix əbəs seçilməmişdi. Düz 50 il öncə - 27 yanvar 1973-cü ildə erməni terror təşkilatı Asala Los Ancelesdə iki türk diplomatı qətlə yetirmişdi. Bununla da yeni terror dalğasına start verilmişdi.

Ərzurumda doğulan Gourgen Mıgırdıç Yanıkyan adlı bir erməni Rusiya, İran kimi ölkələrdə yaşadıqdan sonra Amerikaya köçmüşdü. Qardaşının türklərin öldürdüyünü iddia edirdi. Kaliforniyada yaşayan bu erməni türk diplomat Baydara zəng edərək əlində çox dəyərli rəsm əsəri olduğunu bildirir, Türkiyəni çox sevdiyini və hədiyyə edəcəyini deyir.

Erməninin iddiasına görə bu rəsm tablosu Sultan Əbdülhəmidin sarayından oğurlanmışdı, ona görə də onu sahiblərinə qaytarmaq istəyirdi. Bu məqsədlə diplomatları Santa-Barbara şəhərinə dəvət edir, burada bir ziyafət təşkil edərək xatirə olaraq təqdim edəcəyini bildirirdi.

Baş konsul Mehmet Baydar və konsul Bahadır Demir həmin şəhərə yola düşür, Biltmore hotelinə yerləşirlər. Onları müsafirlər üçün ayrılan yemək masasına dəvət edirlər. Şahid qarsonların danışdığına görə, yemək süfrəsində münaqişə yaranır, Yanıkyan silahını çıxararaq hər iki diplomatı vurur. Ardınca polisə zəng edərək, iki nəfəri öldürdüyünü deyir. Hotel müdirinə isə “türklər və ruslar ailəmdən 26 nəfəri öldürüb, onların intiqamını aldım” deyir.

Xəstəxanaya aparılan Mehmet Baydar yolda vəfat edir, 30 yaşlı Bahadır Demir isə St. Fransis xəstəxanasında gözlərini yumur.

Şəhid diplomat Mehmed Baydar 1924-cü ildə İstanbulda doğulmuşdu. Ailənin tək övladı idi. İki qızı vardı. İstanbul Hüquq fakultəsindən və Paris Universitetinin Siyasi Elmlər İnstitutundan məzun olmuşdu.

Bahadır Demir 1942-ci ildə İstanbulda doğulmuşdu. Ankara Universitetinin Siyasi Elmlər Fakultəsindən məzun olmuşdu. 20 ay idi ki evli idi, xanımı hamilə idi.

Qatil isə 1896-cı ildə Ərzurumda doğulmuşdu, 77 yaşı vardı. 1948-ci ildə Amerika vətəndaşı olmuşdu. Məhkəmə onu ömürlük həbsə məhkum etsə də, 1981-ci ildə xəstəxanaya göndərilir, 1984-cü ildə isə azad edilir... Eynilə Behbud xan Cavanşirin qatili kimi. Həmin il ölən qatilin nəşi 2019-cu ildə Ermənistana gətirilir...

Bu hadisədən sonra 1975-1984-cü illər arasında 27 türk diplomat da öldürülür.

Bu gün Asalanın həyata keçirdiyi ilk qətlin 50-ci ildönümü idi. Tehranda Azərbaycan səfirliyinə hücum edildi, bir vətəndaşımız şəhid oldu.

Bu yaxınlarda qardaşlaşan Ermənistan və İranın ildönümünü birlikdə qeyd etdikləri görünür.


Müəllif: Dilqəm Əhməd