14 Fevral 2023 12:04
16 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

1921-ci ildə Malta adasındakı əsirlik həyatından qurtulan Əhməd bəy Ağaoğlu yeni Türkiyənin paytaxtı Ankara şəhərinə gəlir. Lakin ömrü təlatümlərdə keçmiş Ağaoğlu Qurtuluş savaşına dəstək olmaq üçün yola düşür. Samsuna çıxır. Qara dəniz bölgələrini gəzərək xalqa mühazirələr oxuyur. Onun bu irşad fəaliyyətini hökumət dəstəkləyir, səyahəti üçün gərəkli vəsaitlə təmin edir. 4 sentyabr 1921-ci ildə o, Trabzona gəlir. 12 sentyabrda Trabzon meydanında xalqa Paris Sülh Konfransından, Vilson prinsiplərindən, Qurtuluş savaşından, cəbhədə gördüklərindən danışır.

Ağaoğlu cəbhə bölgələrini gəzdiyi zaman Türk İstiqlal müharibəsi davam edirdi. Bütün xalq böyükdən kiçiyə, kişili-qadınlı səfərbər olmuşdu. Osmanlı müharibələrindən fərqli olaraq budəfəki savaş varlıq məsələsi idi. Ona görə də türk ziyalısından sadə kəndlisinədək hər kəs mücadiləyə qoşulmuşdu. Xüsusilə də, Anadolu qadını. O qadın ki, Əhməd bəy onu Azərbaycan qadınından da üstün tutub. Trabzondakı meydandakı çıxışında bildirib:

“Anadolunu bəzən piyada, bəzən araba ilə gəzdim. Cəbhədə türk kəndlisini çalışarkən, cəbhə arxasında da türk kəndli qadınını savaşarkən gördüm. İman etdim, bu millət yaşayacaqdır... Axşam yaxın bir kəndə getdim, çılpaq deyiləcək qədər paltarsız bir neçə şəhid və qazi yavrusu yolun bir tərəfində oynayırdılar. Bu əsnada dəyənəyinə yaslanaraq yanıma bir kəndli qadın yaxınlaşdı. “Oğlum”, dedi. “Ortaqlıda nə var, nə yox”. “Yaxşılıqdır, ana” dedim. Cəbhədə üç oğlu şəhid, biri qazi olan bu ixtiyar kəndli qadının, vətənin səadəti və səlaməti uğrunda övladının qeybini heç görən bu ananın qarşısında özümü çox kiçik hiss etdim. Dünyanın hər tərəfində oldum. Almaniyada, İngiltərədə, İtaliyada, Fransada. Fəqət heç bir zaman Anadolu qadınının bənzərini görmədim. Hətta türk olduqları halda bizim Azərbaycan qadınları belə bu dərəcədə fədakarlıq göstərə bilməzlər. Anadolunun kənd qadını uşaqlarını bəsləyir, heyvanlarını idarə edir, tarlasını becərir. Digər tərəfdən də cəbhəyə cəbbəxana daşıyır. Bu gün Anadoluda böyük bir fədakarlıq cəbhəsi təşkil edən Anadolu qadınıdır... İstiqlalımız hələ ki kağızlara yazılmamışsa da, bəşərin vicdanına yazılmışdır. Bütün bəşəriyyət artıq türkün udulacaq bir loxma olmadığına qənaət hasil etmişdir”.

Türkiyə ən ağır günlərdən yenidən dirilərək çıxıb. Hazırda 30 mindən çox insanını itirən Türkiyə bu ağrı-acıya sinə gərməyə çalışır. Türk dünyası, İslam dünyası, Çindən İsrailə qədər xeyli dövlət, millətlər ona dəstək olur. Əlbəttə ki, bu fəlakətdən qurtulacağıq. Əhməd bəy həmin konfransının sonunda deyirdi: “Bizim qalibiyyətimizi bütün bəşəriyyət arzu edir. Müzəffəriyyətimiz üçün dua edən üç yüz əlli milyon müsəlman vardır. Almanlar divarlara asdıqları bəyannamələrdə “məhəbbəti türkdən öyrən” deyirlər”.

Bu ağır fəlakətdən sonra yada salmalı olduğumuz məsələlər var.

Bilməliyik ki, dövlət adlı qurum hər şeydən öncə vətəndaşına xidmət üçün var. Vətənin dövlətləşməsi mərhələsi keçmişdə qalıb. Vətən üçün, onun üzərində qurulan dövlət üçün saysız-hesabsız qan axıdılıb. Nə üçün? Yer kürəsinin bir səmtində təhlükəsiz, sevgi, qarşılıqlı hörmət içərisində yaşamaq üçün. Ona görə də dövlətin borcudur ki, onun həyati təhlükəsi riskini maksimum sıfırlasın. Türkiyə dövlətini idarə edən hökumətlərin əksəriyyəti tikinti sahəsində fəlakətə səbəb olan qərarlar veriblər. Nəticədə keyfiyyətsiz binalar tikilib, zəlzələ zamanı domino effekti kimi çöküb. Problemli tikintiləri sökmək əvəzinə əfv fərmanı verilib. Hatay və Malatya bölgəsində dəfələrlə zəlzələ təhlükəsi olduğu elmi məqalələrdə yazılsa da, televiziyada, sosial mediada alimlər bildirsə də, qulaqardına vurulub. Nəticədə bu gün sayı daha da yüksələcək ölümə səbəb olub.
Bu dəqiqə gələcək həyatını daha yaxşı qurmaq istəyən azərbaycanlı tələbələr dağıntının altında qalıblar. Minlərlə insanın arzuları binalar kimi yerlə yeksan olub. Zəlzələ bölgəsində yerləşdiyi üçün Türkiyə bu məsələləri həll etməlidir. Yaponiya kimi ölkələrin təcrübəsindən faydalanılmalıdır. Ölüm qədərdir, amma elmsizlik seçimdir.

İnanırıq ki, Türkiyəni idarə edənlər bu dəfə bu ağır fəlakətdən dərs çıxarıb, tikinti sektorundakı cinayətləri aradan qaldıracaqdır.

Bütün fəlakətlərə rəğmən bu millət yaşayacaqdır!


Müəllif: Dilqəm Əhməd