25 Mart 2023 14:30
16 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mühacir şair Almas İldırımın doğum günüdür.

Türk yazıçı, ideoloq Nihal Atsız silahdaşı Necmeddin Sefercioğluna göndərdiyi 30 oktyabr 1956-cı il tarixli məktubunda yazıb: “... Almas İldırım tam bir türkçüdür. Bu mərhum azərbaycanlı şairi mütləq oxumalısınız”.

Azərbaycandan Dağıstana, ardınca Türkmənistana sürgün edilən Almas İldırım ömrünü mühacirətdə tamamlayıb. Türkiyədə həm iş, həm də yaradıcılıq baxımından rəğbət görən şair qardaş ölkənin türkçü camiəsində böyük sevgi və hörmət görüb. Ona görə də vəfat etdiyi zaman dövrün mətbuatı onu bu cümlələrlə yad edib: “Türkiyə miqyasında özünə haqlı bir şöhrət qazanmış qiymətli milliyyətçi şairlərimizdən Kale nahiyə müdiri Almas İldırımı torpağa tapşırdıq. Bütün ömrünü türklük üçün şeirlər yazmaqla keçirən və onun uğrunda min cür məşəqqətə qatlanan, 1944-cü il hadisəsində CHP-nin qəhrinə uğramış mərhuma Ulu Tanrıdan qəni-qəni rəhmət diləməkdən başqa əlimizdən heç bir şey gəlmir”.

Onun dəfnində Malatya şəhərinin valisi Şefik San, vali müavini Orhan Çalıkuşu, jandarma alay komandanı Bürhanettin Sezergil başda olmaqla şəhərin tanınmış şəxsləri iştirak ediblər. Yaxın dostlarından biri onun vəfatı ilə bağlı bu cümlələri yazıb: “Şeirləri daima ülvi və qüdsi bir həyəcanla hörülmüş şair Almas İldırımın aramızdan ayrılması ilə biz heç bir şey itirmədik. Onun üfiqlərdə gəzən ülvi ruhu eyni zamanda aramızda olmaqda və şeirlərində olduğu kimi daima öndər olmaqdadır. Bütün ömrünü bolşevizmə qarşı cəbhə qurmaqla keçirmiş bir şair göstərin deyildiyi zaman mühəqqəq ki şair Almas İldırım buna ən gözəl nümunə olacaqdı. Həqiqətən də, əslən qafqazlı olan və içi daima vətən və millət duyğuları ilə mücəhhəz olan Almas İldırım həyata daima gülən bir şəxsiyyətdi. Həyatın şillələrini, iztirablarını heçə sayar və ən sıxıntılı anlarında belə azacıq da olsun vətən və millət duyğusundan azadə olmazdı. Hər türk mühəqqəq ki milliyyətpərvərdir, hər türk mühəqqəq ki millətini və məmləkətini sevər. Fəqət mən burada içimizdə vətənimizi və millətimizi ən çox sevən kimdir deyərlərsə, mühəqqəq ki Almas İldırım göstərilə bilər deyə iddia edirəm. İyirmi ildir şeir yazan bir şair cəmi bir dəfə, o da 19 yaşında sevdiyi azərbaycanlı qız üçün şeir yazmışdır. Yenə bu şeirində də vətənini sevgilisinə dəyişməməkdədir. Onun ülvi və qüdsi həyəcanlarla mücəhhəz olan ruhu önündə xüşu ilə əyilir, Moskvanın yaxılacağını gənclik adına söz veririk”.

Vəfatı ilə bağlı Türkiyə mətbuatında dərc edilmiş nekroloqların birində tərcümeyi-halı verilib: “Almas İldırım 1323-cü ildə Bakıda doğulub, təhsilini orada tamamlayıb. Rus zülmü altında yaşaya bilməyəcəyini anlayaraq Türkiyəyə qaçmışdır. Elazığda məskunlaşan Almas İldırım 1934-1935-ci dərs ilində Palu ilşəsinin Karaçar bucağının ibtidai məktəbində müəllim vəkili olmuş və 1936-cı ildə Elazığ iskan məmurluğunda 1939-a qədər, Keban və Palu təhrirat katibliklərində, 1951-ci ilə qədər də ardıcıllıqla Karabegan, Ağın, Hankendi, Balibey və Muşan bucaq müdirliklərində, 1951-ci ilin yeddinci ayından etibarən Tuncelinin İresi bucağı müdiri olub və bir ay əvvəl Malatyanın Kale bucağı müdirliyinə təyin olunub. Bu son vəzifəsində ikən 14 yanvar 1952-ci il, bazar ertəsi günü haqqın rəhmətinə qovuşmuşdur. Mərhum evli idi, 1933-cü il doğumlu Azər, 1937-ci il doğumlu Aras, 1944-cü il doğumlu Odkan və 1950-ci il doğumlu Bakuhan adında dörd oğlu vardır. Almas İldırım “Çınaraltı”, “Gökbörü”, “Orkun”, “Özleyiş”, “Komünizmle mücadele” kimi türkçü məcmuələrdə milli şeirlər nəşr etmiş və şeirlərini “Boğulmayan səs” adlı kitabında toplamışdır. “Azərbaycan maniləri” adlı bir etüdü da vardır. Azərbaycan Kültür Dərnəyi gəliri ailəsini vermək üzərə əsərlərini nəşr etmək qərarını almışdır”.

Məhəmmədəmin Rəsulzadənin fəxri sədri olduğu Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan “Azerbaycan” jurnalının 1 aprel 1952-ci il tarixli ilk sayında “Mərhum şair Almas İldırım” başlıqlı məqalə dərc edilib. Məqalədə şairin həyatı geniş şəkildə verilib. Azərbaycan Milli Birlik Məclisinin orqanı olan və Münxendə nəşr olunan “Azerbaycan” jurnalının iyul 1952-ci il tarixli 3-cü sayında “Şairimiz Almas İldırım” adlı yazı dərc edilib.

Beləliklə, ömrü cəfalarda keçən mühacir şair həm millətçi türk mətbuatında, həm də mühacirətdə çıxan nəşrlərdə sevgi ilə xatırlanıb...


Müəllif: Dilqəm Əhməd