2 Aprel 2023 17:44
18 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seymur Baycan hörmətli və məhsuldar yazıçıdır. Xeyli kitabı var. Əziz naşirimiz Rasim Qaracanın onun mübarizəsini 50 kitaba qədər çoxaldacağına da inanıram.

Seymur müəllimin oxucuları da çoxdur. Baxmayaraq ki, eyni mövzuları fərqli ədviyyatlarla onların oxu menyusuna təqdim edir, amma görünür qariləri bu dadları sevirlər, buna qarışmaq haqqımız yoxdur. Ər-arvadla yanaşı, yazıçı ilə oxucunun arasına da girmək olmaz.

Seymur müəllimin Türkiyə və türk dili haqqında yazdığı fikirlərin doğru olmadığını onu oxuyanlar da başa düşürlər, sadəcə ərk edib deyə bilmirlər. Elə biz də deməyəcəyik, çünki bütün hallarda yazdıqları onun düşüncə həzmindən keçirdikləridir, söz azadlığıdır, istədiyi şeyi yazmaqda sərbəstdir. Bizi narahat etmir, sadəcə azərbaycanlı müəllifin 10-15 il ərzində araşdırmadan, oxumadan eyni fikirləri təkrarlaması ədəbi tariximiz baxımından təəssüfverici haldır. Amma onun yenisabah.az saytında oxuduğum “Qara Qarayevin “türkcə” danışmaqlığı” adlı yazısındakı bir cümlə etiraz bayrağımı qaldırmağıma səbəb oldu. Seymur müəllim məzkur yazısında bu şəkildə yazıb: “Yeri gəlmişkən, Atatürk adını Mustafa Kamala verən şəxs də Akop Martayan olubdur...”.

Seymur müəllimin “azərbaycanca” uydurduğu bu məlumatın yanlış olduğunu izah etməzdən öncə onun verdiyi mesaja diqqət edək. Hörmətli yazıçı demək istəyir ki, baxın, Türkiyənin qurucusuna soyadı bir erməni verib. Əks halda mövzuya dəxli olmadan bu cümləni niyə yazsın ki? Halbuki illərin kosmopoliti olan Seymur Baycan kimi yazıçının bir Türkiyə vətəndaşının, aliminin etnik kimliyini gözə soxması həmrəyləri tərəfindən qınanılmalıdır. Mustafa Kamal paşaya “Atatürk” adını erməni əsilli bir Türkiyə vətəndaşının, elm adamının verməsi də ayıb bir şey olmamalıdır. Mustafa Kamal cümhuriyyət qurmuşdu, demokratik dəyərlər təsis etmişdi. Osmanlıda olduğu kimi Türkiyə Cümhuriyyətində də erməni əsilli vətəndaşlar istədiyi vəzifəyə gələ, işləyə və təkliflər verə bilərdilər. Amma nədənsə həmişə bu məsələlərdə tolerant, dünya vətəndaşı olan Seymur müəllim Türkiyə, türk dili mövzularından yazanda bir alimin etnik kimliyini vurğulamaq zərurəti hiss edir.

İndi isə keçək Seymur Baycanın “azərbaycanca” uydurmaqlığı məsələsinə. Kaş hörmətli yazıçımız Qara Qarayev kimi türkcə danışa, ən azından türkcə quqlda axtarış apara biləydi. O zaman bu yalan məlumatı çoxsaylı oxucularına sırımazdı. Bu məsələ haqqında yüzlərlə material, videolar var. Amma Türkiyə haqqında hər şeyi uydurduğu kimi bu məsələdə də ən rahat yolu seçib.

Tarix 24 noyabr 1934-cü il.

Türkiyə Böyük Millət Məclisinin iclasında Malatyanın millət vəkili İsmət paşa və yoldaşları Mustafa Kamala “Atatürk” soyadının verilməsi ilə bağlı qanun təklifi irəli sürürlər. Bu təklif daxiliyyə əncümənində müzakirə edilir və bu qərar çıxarılır: “Ulu cümhurrəisimizə “Atatürk” adının verilməsi haqqında Malatya məbusu İsmət paşa və yoldaşlarının etdikləri təklif 24.11.1934-cü il tarixli toplantımızda oxundu və müzakirə edildi. Türk millətinə tam tarixi istiqlalını qazandıran və millətə gerçək tarixini və öz dilini göstərən ulu cümhurrəisimizə “Atatürk” isminin verilməsi təklifi qəbul edilməklə ali heyətin xoş məramına təqdim olunmasına qərar verilmişdir”.

Bundan sonra qanun təklifinin müzakirəsi heyəti-ümumiyyəyə təqdim edilib və kürsüyə çıxan İsmət paşa deyib: “Düşündük ki, soyadı qanunu tətbiq olunarkən böyük öndərin daşıyacağı adı təyin etmək Böyük Məclisin borcudur. Bu qanunla “Atatürk” adını təklif edirik”. (Bax, “Cumhuriyet” qəzeti, sayı 3783, 25.11.1934).

Beləliklə, bu soyadı (müəllimin ifadə etdiyi kimi ad yox, soyad) ittifaqla qəbul edilir. Məclis həmçinin bu soyadın yeganəliyini qoruyur, Mustafa Kamalın ailəsi daxil kimsə istifadə edə bilmir.

Təbii ki, Mustafa Kamal paşa kimi bir şəxs TBMM-in belə bir soyad qanunu qəbul edəcəyini bilirdi. Çünki soyad məsələsi bütün hallarda şəxsin özünün razılığı əsasında olmalı idi. Buna görə də Mustafa Kamala çevrəsindəkilər bir neçə soyad da təklif etmişdilər. Amma nəticədə “Atatürk” soyadını bəyənmişdi. Bəs bu soyadı kim təklif etmişdi?

Türkiyədə çıxan məşhur “İslam Ensiklopediyası”na görə bu adı Saffet Arıkan verib. “Atatürk Ensiklopediyası”na görə türk xalqlarında hökmdarlara və ya onların övladlarına tərbiyə verilən şəxslərə Atabəy deyilirdi, bu söz üzərindən Atatürk soyadı təklif edildi və Mustafa Kamal paşa da bunu qəbul etdi.

Saffet Arıkan Türkiyənin millət vəkili olub, təhsil naziri, milli müdafiə naziri kimi önəmli vəzifələr daşıyıb. Həmçinin CXP-nin baş katibi olub. 1947-ci ildə İstanbulda vəfat edib.

Saffet bəy 1935-1938-ci illərdə o zamankı adı ilə Türk Dili Tədqiq Cəmiyyətinin sədri olub. Mustafa Kamalla bağlı “Atatürk” ifadəsini də ilk dəfə o işlədib. Hələ rəsmi təklifdən öncə 26 sentyabr 1934-cü ildə Dil Bayramı münasibətilə oxuduğu konfrans mətninin girişində “böyük öndərimiz Atatürk...” ifadəsini işlədib (Bax, “Hakimiyeti Milliye” qəzeti, sayı 4735, 27 sentyabr 1934).

Buna görədir ki, Saffet bəyin vəfatının ikinci ildönümü münasibətilə qardaşı Baha Arıkan mətbuatda ““Atatürk soyadı və Arıkan” başlıqlı xatirə xarakterli məqalə yazıb. Məqalədə Baha bəy qardaşının ona danışdığı bu xatirəyə yer verib: “Təhsil naziri olmazdan əvvəl, 1934-cü ildəki dil qurultayında Dil Tədqiq Cəmiyyətinin sədrliyinə təyin olundum. Qurultaydan bir müddət sonra 26 sentyabr tarixində Dil Bayramı idi. Buna görə də bir nitq hazırlamalı idim. Bu nitqim “Ulu öndərimiz Atatürk” deyə başlayırdı. Atatürk o tarixə qədər soyad qanunu çıxsa da, hələ ki özünə soyad götürməmişdi. Nitqimin mətnini ona göstərdim. “Atatürk” kəlməsini görən kimi dayandı, bir neçə dəfə bu kəlməni təkrarladı. “Çox gözəl tapıntıdır, amma çox da iddialıdır” dedi. Ancaq qaralamaları düzəltdiyi halda “Atatürk”ə toxunmadı. Qaralamanın sonlarında bir də Türk Atası deyə bir tərkib də istifadə etmişdim. Bunu da çox iddialı hesab etdi, “Atatürk” kimi düzəltməyimi əmr etdi. Başqa bir şey demədi. Mən nitqimin mətnini verdikdən xeyli sonra Qazi Mustafa Kamal “Atatürk” soyadını qəbul etdi”. (Bax, “Ulus” qəzeti, sayı 10202, 26 noyabr 1949).

Təbii ki, qardaşının da anlatdığı kimi Saffet bəyin məqsədi Mustafa Kamala soyad axtarmaq olmayıb. Hazırladığı mətndə bu ifadəni işlədib və paşa da bəyənib. Bu hadisəni dövrün məşhur tarixçisi, Atatürkün mənəvi qızı Afet İnan da qəzetdə təsdiqləyib.

Konyanın millət vəkili, türk dili mütəxəssisi Naim Hazım Onat da xatirəsində “Atatürk” adının dostu Saffet bəyin tapıntısı olduğunu bildirib. O, ““Atatürk soyadı üzərinə bir neçə xatirə” başlıqlı məqaləsində yazıb: “Bir axşam Atatürkün süfrəsində yan-yana oturmuşduq. Atatürkün soyadı ilə bağlı müzakirə aparılırdı. Bunun çox gözəl tapıntı olduğundan bəhs edilərkən böyük öndər Arıkanı göstərərək “bəy əfəndinin ərməğanlarıdır” dedi. O əsnada özündən soruşmaq üçün Arıkana “bunu siz tapdınız?” deyə soruşdum, gülərək “iltifat edir” dedi”. (Bax, “Ulus” qəzeti, sayı 10209, 3 dekabr 1949).

Beləliklə, göründüyü kimi həm Saffet bəyin qardaşı, həm tarixçi Afet İnan, həm də dilşünas alim Naim Hazım Onat bu faktı təsdiqləyiblər. Bu faktlardan o da aydın olub ki, Mustafa Kamal bu soyaddan TBMM-in qərarından əvvəl də istifadə edib. Görünür, Arıkanın təklifini bəyənən Mustafa Kamal bu soyadın qanun təklifi kimi təqdim edilməsini ən yaxın silahdaşı İsmət paşadan istəyib.

Agop Dilaçar vəfatınadək (1979) heç bir yerdə “Atatürk” adını özünün təklif etməsi ilə bağlı fikir səsləndirməyib. İlk dəfə onun vəfatından iki il sonra – 1981-ci ildə bu saxta iddia ortalığa atılıb və bu gün Seymur Baycan onu təkrarlayıb.

Görünür, Seymur müəllim Türkiyə haqqındakı bütün fikirlərində olduğu kimi daşlaşmış tabularından hərəkət edib...


Müəllif: Dilqəm Əhməd