1 İyun 2023 00:14
17 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycan Cümhuriyyətini işğalından sonra iki Baş nazirimiz (Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski) və parlament sədrinin müavini Həsən bəy Ağayev öldürüldü. Daha sonra daxili işlər naziri Behbud xan Cavanşir də İstanbulda qətlə yetirildi. Fətəli xan, Həsən bəy və Behbud xanın qatillərinin ermənilər olduğu, Nemezis əməliyyatı çərçivəsində həyata keçirildiyi barədə fikirlər ortaqdır. Baxmayaraq ki, icraçılar ermənilər olsa da, bu prosesin arxasında ÇK-nın dayanması da yüksək ehtimaldır.

Tarixçilərimiz Nəsib bəyin öldürülməsi ilə bağlı bir neçə versiya səsləndiriblər. Ən geniş yayılmış fikrə görə qətlin icraçısı Azərbaycan parlamentinin üzvü də olmuş Qarxunlu Əşrəf bəydir.

Professor Ədalət Tahirzadə Nəsib bəy haqqında qələmə aldığı geniş məqalədə bu barədə yazıb: “Qarxunlu Əşrəf Tağıyevin bu hadisədə əlinin olması tamamilə mümkündür, çünki o, “ÇK” ilə, onun sədri Mircəfər Bağırovla birbaşa əlaqədəydi. Sovet hökuməti onu siyasi mühacirlər haqqında məlumat toplamaq üçün hətta Türkiyəyə də göndərmişdi. Ancaq Ə.Tağıyev, bir çox ifadələrdən də göründüyü kimi, bu işdə olsa-olsa xəbərverici və yönəldici rolunda iştirak edib... Nəsib bəyin qətlini birbaşa Sovet hakimiyyəti orqanlarının təşkil etdiyinə əsla şübhəmiz yoxdur”.

Qarxunlu Əşrəfin və ya onun dəstəsindən kiminsə Nəsib bəyi öldürməsi barədə iddialar, təkziblər, ehtimallar və s. çox yazıldığı üçün onları təkrarlamaq istəmirik. Amma Qarxunlu Əşrəf versiyasını gücləndirmək baxımından gözdən qaçan bir mənbəni də nəzərə çatdırırıq.

M.Rəsulzadənin 1937-ci ildə mühacirətdə çap etdiyi “Müsavat bülleteni”nin ikinci sayında “Məzarlıqdan bir səs” başlıqlı yazı dərc olunub. Rəsulzadənin Xəlil bəy Xasməhəmmədov və Şəfi bəy Rüstəmbəyli ilə aralarındakı münaqişəyə həsr olunan yazıda qarşı tərəfə belə bir ittiham irəli sürülüb: “Onlara aid olduğu üçün unutmadıqları hadisəni – Trabzondakı hotelin mühasirəsini və Qarxunlu Əşrəfin xəncərini xatırladarıq”.

Bu cümlədən aydın olur ki, Ədalət bəyin də məqaləsində qaynaq göstərərək yazdığı kimi Qarxunlu Əşrəf mühacirlərin arxasınca Türkiyəyə gedib. 1920-ci illərin əvvəlində bir çox mühacir Gürcüstandan Trabzona keçmişdi. Demək ki, Əşrəf bəy Trabzona da yola düşüb. “Qarxunlu Əşrəfin xəncəri” ifadəsi isə açıq şəkildə bir xəyanətə -fikrimizcə, Nəsib bəyin ölümünə işarədir.

Cümhuriyyət deputatlarından Məhəmmədsadıq Aran da Nəsib bəyi əşqiya dəstələrinin öldürdüyünü yazıb: “Baş nazir Nəsib bəyin Qarabağın Cavanşir qəzasının Yevlax körpüsü yaxınlığındakı Cinli bölgəsində azərbaycanlı qaçaqlar (əşqiyalar) tərəfindən öldürüldüyü təsbit edilmişdir”. Nağı bəy Şeyxzamanlı da oxşar fikri xatirələrində qələmə alıb. Buradan aydın olur ki, Nəsib bəy böyük ehtimal bölgədə hakim olan silahlı bir dəstənin əli ilə öldürülüb.

Şübhəsiz ki, əgər cinayəti Qarxunlu Əşrəf edibsə, bunu pul müqabilində etməyib. Ancaq və ancaq ÇK-dan aldığı təlimatla törədib. Çünki daşıdığı statusa, eləcə də bölgədəki gücünə görə Əşrəf Tağıyevin buna ehtiyacı yoxdu. Amma o da Əliheydər Qarayev və digərləri kimi bolşeviklərlə münasibətləri çərçivəsində bunu həyata keçirə bilərdi. Bütün hallarda Rəsulzadənin jurnalda verdiyi məqalədə işlətdiyi “Qarxunlu Əşrəfin xəncəri” ifadəsinin arxasında bir sirr vardır, bu isə Nəsib bəyin qətli ilə bağlı olacaqdır.


Müəllif: Dilqəm Əhməd