6 Yanvar 2015 14:17
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə qınamaq, adamı lap fahişəlikdə suçlayanlar da tapıldı. Və bu suçlama, bəlkə də, günün ən asan söylənən böhtanı sırasında birinci. O isə, çoxluğun tapındığı müqəddəs kitabımızda belə məhz bu günahın - zinakarlığı deyirəm - əməlli-başlı sübuta yetirilməsidi şərt. Kitaba, yazıya, qaydaya görə. Gerçəkdə isə belə deyil.

Azərbaycan reallığı bu ki, boşanan, yolu ayrılan insanlar, dünənəcən can deyib can eşidənlər, 9 ay həsrətlə övlad yolu gözləyənlər elə ki aralandılar, mal-mülk davasından əlavə qarşı tərəflərin bir-birinə tuşladığı çamur da təxminən eyni olur - qadına mütləq "fahişə", kişiyə ən yaxşı halda "narkoman", ən pis halda "şizofren" damğası vururlar. İllərin "sınağından çıxmış" bir təcrübədir, uğurlu ya uğursuz olduğunu kəsdirə bilməyən gerizəkalılar hələ də eyni stereotipləri sındırmaqda aciz. Halbuki hirsi, hikkəni, qəzəbi, nifrəti bir kənara qoya bilsələr, bu iki növcavanın ayrılmaqdan başqa həm də natamam ailədə yaşayacaq körpəni komplekssiz böyütmək missiyası var axı. Və ortada ağır cinayət baş verməyibsə, qan düşməyibsə, hər iki tərəf bir-birindən aralanıb da adam balası kimi yaşaya bilməzmi? Yox, gərək nəsillərin yeddi arxa dönəni "xatırlana", qarşılıqlı ittihamlar, söyüş-qarğış sicilləməsi, məhkəmə çəkişmələri, vəkillərə, hakimlərə verilən rüşvətlər, "dosta zəng"lər, ta kimin əli hara çatanacan... Bəli, bu bizik.. Biz buyuq. Yüksək milli mənəvi dəyərlərdən, guya hamını üstələyən tarixi-bəşəri əxlaqi xüsusiyyətlərimizdən danışıb nahaqdan özümüzü öysək belə, gerçəyin özü əslində bax budur. Ailədaxili dramlar - nə qədər desəz, bədənlə alver edənlər - saysız-hesabsız, ən dəhşətli hal insestdirsə, xub, ondan da varımızdı. Doğrudur, tabular var, ictimai qınaq var, amma faktlar da var, real, konkret faktlar.

***

Konkret faktlardan biri bu ki, paytaxtdan kənarda - Xaçmazda ailəli xanım başqa bir kişiyə qoşulub qaçıb. Məsələnin qəlizliyi isə tək bu qaçmaqlıqla yox, başqa özəlliklərlə bağlı. Əvvəla, xanım beş uşaq anasıdır. Yəni ana beş ciyər-parasını qoyub da gedib. İkincisi, xanımın əri polis işçisidir, yəni kənd yerində sayılan, seçilən, əli silahlı vahiməli bir zad, heç kəsin irad tuta bilmədiyi birisi. Və bu ikinci amil - polis məsələsi - birinci amili - 5 uşaq məsələsini bir növ kölgəyə salmış olur. Rayon yerində xanımı qaçmağa vadar edən şəxs üstəlik polisdirsə, yəni səlahiyyət sahibidirsə, ailə dramının müəyyən görünməyən konturlarını təsəvvür etmək mümkün olur. Amma və lakin bu, təbii ki, bizim işimiz deyil. Bircə deməyək ki, bizdə belə şeylər olmur. Olur əslində. Öz xalası oğluna ərə gedib iki uşaq dünyaya gətirən bir qadın da bir müddət əvvəl uşaqlarını qoyub qaçmışdı. Aydın məsələdir ki, bir qadın bir kişiylə xoşbəxtdirsə, sevgisi, duyğusu varsa, heç vaxt heç kəslə qaçmayacaq, uşaq oldu-olmadı - fərq etməz.

Qarşılıqlı sevgi var olunca insanlar bir olur, birgə olur. Yox, əgər sevgi yoxdursa, üstəlik, qadın həm də bədbəxtdirsə, onda əmin olun ki, uşaq olsa, ya olmasa da, cismən qaçsa, ya qaçmasa da, mənən, ruhən yanınızda olmayacaq. Vurub öldürsəniz də, olmayacaq. Qadınlar xoşbəxt olmadıqları yerdə sadəcə mövcud olurlar. Başqa cür olmur.

***

Qadına qarşı aqressiya daha çox bilirsinizmi nə vaxt olur? Mütəxəssislərin fikrincə, ailə münaqişəsi zamanı öldürülən qadınların 53 faizi öz həyatları ilə bağlı qərar qəbul etdiklərinə görə qətlə yetirilirlər. Maraqlıdır ki, belə faktlar qadınların yox, məhz kişilərin problemi kimi dəyərləndirilir. Yəni ailə içində mütləq hakimiyyətini itirən kişilər zora əl atmaqla səlahiyyətlərini geri almaq istəyirlər. Psixoloqlar bu durumu maskulin böhranı, yəni kişiliyin böhranı adlandırırlar. Bu zaman kişilər ailədəki nüfuzlarını itirdikcə zora, gücə əl atırlar ki, imiclərini bərpa etsinlər. Kişi işləməyəndə də, ailəni saxlamaq funksiyasını belə qadın icra edəndə də vəziyyət məhz bu cür olur. Kişilər maskulin böhranı yaşayır, kişisəl baxımdan iqtidarını itirir və yeganə çıxış yolunu qabalıqda, vəhşilikdə, təhqirdə, zorda, gücdə axtarırlar. Və bu zaman qadınlar sadəcə çevrilib gedirlər - bəzən cismani, bəzən də qeyri-cismani.

***

İçimi ağrıdan həm də konkret hadisəyə münasibətdir. Sosial şəbəkələrdən birində bu xəbərə reaksiya verən insanların böyük əksəriyyəti qadını fahişəlikdə, gözüqızmışlıqda və bu tür "dürlü-dürlü" suçlarda günahlandırdı. Kimsə də soruşmadı - axı niyə? Nə səbəbə gedib? Qadının beş balası - beş əziz canı deməkdi. Beş əziz canından imtina edibsə, bəlkə, tərəzinin o biri gözündəki real əzilən, məhv edilən CANI imiş. Hər halda təfərrüatını bilmədən kimsəni təhqir etmək doğru düşməz. Faktları LİKE, yaxud DİSLİKE eləmək olar. Daha qınamaq niyə?


Müəllif: Afaq Vasifqızı