9 Yanvar 2015 10:15
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Millət vəkili Qənirə Paşayevadan kiçik bir yazı)

Mətbuat səhifələrində və sosial şəbəkələrdə bəzi dostların gənc nəsillərin kitaba meyilli olmaması, bunun zərərləri barədə fikir və mülahizələrini oxuyuram. Orta məktəbdə və universitetdə oxuduğum illəri xatırlayıram. Kitab nə qədər dəyərli, nə qədər qiymətli idi. Bəzən bir kitabı oxuya bilmək üçün günlərlə növbə gözləyərdik. Amma indi kitab bol olsa da onu oxuyanların sayı getdikcə azalır və bu bizi ciddi narahat etməli bir məsələdir. Kitaba meyilliyi artırmanın yolları isə məncə;

1. Ailələrdən başlamalıdır. Bu gün nə qədər ailə, ata-ana öz körpə övladına axşamlar kitab oxuyur, onunla birlikdə nəyisə oxuyub müzakirə edir? Nə qədər ailə övladlarının doğum günün-də və ya bayramlarda ona məhz “ən qiymətli hədiyyə” deyə kitab alır? Bu gün nə qədər ailə övladları ilə mağazaları gəzdiyi zama-nın ən azı bir hissəsini kitab dükkanına ayırır? Bu gün getdiyimiz nə qədər evdə kiçik də olsa kitab rəfləri görə bilirik?

2. Kitab mağazalarının sayı artmalı, bu sahənin inkişafı üçün dövlət tərəfindən daha stimullaşdırıcı addımlar atılmalıdır. Xüsusilə bölgələrdə kitab dükanlarının açılmasına, saylarının artmasına böyük ehtiyac var.

3. Yazarlar və şairlərin bölgələrə səfərləri, oxucularla görüşləri daha da genişlənməlidir. Yerli qurumlar da bunda maraqlı olmalı və bu istiqamətdə səy və dəstəklərini artırmalıdırlar.

4. Kitaba, kitab nəşrinə dəstək göstərən qurum və şirkətlərin sayı artmalıdır. Şirkətlərimiz dəyərli bir kitabın nəşrində dəstəkçi olmalarından fəxr etməli və bunu nə qədər önəmli olduğunu daha geniş anlamalıdırlar.

5. Mətbuat və mediyanın, vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyəti və səylərinin daha da artmasına ciddi ehtiyac var.

Kitabla bağlı bu kiçik, amma mənaca çox böyük hekayəni çox sevirəm: Harun Rəşid taxta çıxan zamanında Bağdadda vəziyyət pis idi. O, taxta çıxınca Bağdad İntibahını gerçəkləşdirmək üçün bilgiyə önəm verməyin şərt olduğunu görür. Vəzirinə “hansı alim sənə bir kitab gətirsə, onu al, tərəzinin bir gözünə qoy. Digər gözünə də qızıl qoy və o qızılları kitabla bərabərləşdirdikdən sonra alimə ver”, - demişdi.

Bilgilərinin qızıl ilə çəkildiyini duyan alimlər gəlib kitablarını vəzirə verməyə başlamışlar. Tarixdə məhşur Bağdad kitabxanası belə meydana gəlmişdi. Vəzir bir gün Harun Rəşidə “Bu alimlər lap ağ ediblər. Çoxları ağır gəlsin deyə, daha çox

qızıl alsın deyə, ceyran dərisi ilə cildlənmiş kitablar gətirməyə başlayıb. Bu qərarınızı istəyirsinizsə, bir daha nəzərdən keçirin”, - demişdir. Harun Rəşid “Eyb etməz. İçindəki bilginin dəyəri qızıl qiymətində olduqca, sən qızılla ölçməyə davam et”, - cavabını vermişdi.

Bir çoxlarımız isə əyləncə üçün, yeyib-içmək məclisləri üçün xərclədiyi, bahalı geyimlərə sərf etdiyi pulun kiçik bir hissəsini kitab almağa, oxumağa sərf etmək istəmir. Əsas problem də burdadır... Bir çoxlarımız hələ də kitabın nə qədər dəyərli olduğunu, oxumanın, öyrənmənin, bilginin nə qədər önəmli olduğunu, on-larsız insan kimi zənginləşmənin mümkün olmasığını anlamır...

Kitaba dəyəri, sevgini və diqqəti artırmalıyıq.

Unutmamalıyıq ki, sadəcə, oxuyan toplumlar davamlı inkişafa nail ola bilər!

Unutmamalıyıq ki, bir insan oxumaqla inkişaf edə bilər!

Unutmamalıyıq ki, bir insan gerçək zənginliyə sadəcə oxumaqla nail ola bilər!


Müəllif: Qənirə Paşayeva