13 May 2014 09:49
2 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təsirli diskurs ixtiralarının rolu

Prof. Rəhman Bədəlov, - mənim əski dostum, təkcə ağıllı, bilikli adam deyil. Onun həm də ağıllı nəsnələri diri, təpərli deyimlərə, diskurslara çevirmək bacarığı var. Alimə, yazara, natiqə ifadəli, yəni tez, aydın, təsirli bildirən deyimlərlə oynamaq hava ilə su kimi lazımdır. Ruhla, şüurla ilgili min anladıcı sözlər demək olar. Min söz olacaq, ancaq hamısı da bir-birinə dolaşıb bir-birini dolaşdıracaq. Di gəl, F.Losev adında ünlü rus filosofu görün, onları hansı yığcam deyimdə açmışdı: odunu doğramaq olar, odun anlayışını isə yox. Sonradan bu diskursdan istifadə edəndə Nəsiminin şeirindən bizə bəlli olan "laməkan" yadıma düşdü. Tələbələrə anlatdım ki, laməkan məkansızlıqdır, yəni eni, uzunu, hündürlüyü olmamaqdır. Ruhun, şüurun laməkanlığı odur ki, hissələri (enə, uzuna bölünmələri) yoxdur. Ona görə də ruha, quta aid olan anlayışlar hissələrə bölünmürlər ki, doğransınlar.

Alimlər və intellektuallar

Bir dəfə bilik, araşdırma ilə bağlı söhbətləşəndə Rəhman mənə təsirli bir diskurs söyləmişdi: biz alim deyilik, intellektualıq. Söz məni bərk tutmuşdu: axı, Rəhmanı da, özümü də həmişə alim saymışdım. Bəs nə deməkdir ki, biz alim deyilik? Rəhman "alim" anlayışında hansısa yöndə (və ya yönlərdə) ixtisaslaşıb akademik mühitin "oyun qaydalarında" araşdırmalar aparan kəsləri gözə alırdı. Tutalım, dissertasiya yazanları və ya sosioloji araşdırmalar aparanları. Biz isə çoxdan bu yoldan çıxıb, bilik üçün haralara getməmişdik?! Peyğəmbər demişkən, Hində də getmişdik, Sində də. Bəndəniz psixologiyadan tutmuş, mifologiyayacan, fəlsəfə tarixindən tutmuş din tarixinəcən, puldan tutmuş mənəvi dəyərlərəcən hər şeydən yazmışdı. Onların heç birisində mütəxəssis deyildim. Ancaq hər biri ilə bağlı, umarım var ki, nəsə yeni söz deyə bilmişdim.

Din alimləri

İslam alimləri İlahiyyatçılardır, yəni bütün araşdırmaları möminlik, ibadət qaydaları çərçivəsində gedir. Bu alimlər araşdırmalarında möminliyə kölgə salan deyimlərdən çəkinirlər, çıxışa, kitaba başlayanda "bismillahi-r-rəhmanii-r-rəhim" deyirlər. Onlar Quranda Allahın sifətləri mövzusunu yazanda səliqə-səhmanla uyğun ayələri sitat gətirib, onlar haqqında başqa ilahiyyatçıların düşüncələrini sadalayırlar. Bu cür İslamçı alimlərdən İslam intellektuallığını ayırmaq üçün öncə alimlərlə intellektualın fərqinə baxaq. Rəhman Bədəlovun söylədiyi intellektuallar elmin ayrı-ayrı problemlərini dərindən araşdırmırlar. Yəni bioqrafiyalarını dönəm-dönəm türlü problemlərə həsr etmirlər. Tutalım, filosof kimi öncə Antik fəlsəfəni detallı öyrənmirlər ki, sonra Ortaçağ fəlsəfəsinə çıxsınlar.Onlar üçün başlıca amac istedadlarını dillərdə gəzən pianist barmaqlarına çevirməkdir. Necə ki pianoçu klaviaturada gəzərək türlü havalar alır, eləcə də dediyimiz intellektual ağlının, düşüncəsinin çevikliyindən istifadə edərək mədəniyyətin "dillərində" gəzib melodilər alır. O, xərçəng xəstəliyinin səbəbələrini dərindən öyrənməyə vaxt sərf etmir. Bəzi səbəbləri mənimsəyəndən sonra xərçəng xəstəliyini metaforaya çevirərək toplumun xəstəliyini açır. Ya da mədəniyyətdə gedən proseslərdən metafora kimi istifadə edərək xərçəngin səbəbləri ilə bağlı fərziyyə irəli sürür.

İslam intellektualı

Bu adam İlahiyyatçı alim və ya ruhani olmadığı üçün dinlə bağlı düşüncələrini dinçilərə tərəf hürkək-hürkək boylanaraq söyləmir. O, Allahla bağlı ürəkli, küfr kimi səslənən düşüncələri söyləyəndə "əstəğfirullah" (İlahi, bağışla məni) deməyi artıq sayır. Çünki əmindir ki, Allahla bağlı nə söyləyirsə, Allahın özünə aid deyil, onun bilinclərdəki görüntülərinə aiddi və o görüntüləri Allahın özü saymaq Ona şərik qoşmaqdır, yəni şırkdır. Mənim kiçik oğlum uşlaqkən soruşmuşdu: Allah hər şeyi bacarandırsa, istəsə, başqa bir Allah yarada bilər? Din alimlərinin möminliyi belə soruları verməyə qoymur. Ancaq İslam intellektualı bu sorunu qoyub cavabını axtara bilər. Nəinki axtara bilər, hətta deyə bilər ki, cavabsız sorudur. Ancaq cavabsızdırsa, - İslam intellektualının yeni sualı, - nədən bu cavabsızlığı ateizmin xeyrinə çıxmaq olmaz? Axı dinə inanmaq, din yolunu tutmaq elə-belə seçim deyil. Bu yolu tutan mənəviyyatını fundamental dəyişəndə mömin olur, namaz qılmaqla yox. Əsl mömin İslam uğrunda malından, canından keçməlidir. Əsl möminlik din uğrunda bütün çətinliklərə dözməkdir. Bunun üçünsə aydın inam olmalıdır. Halbuki İlahi ilə bağlı cavabsız suallar inamın aydınlığını azaldır.

Sufilərin deyimi var: əsl möminlik küfrlə yan-yana gedir. Dinçi alimlər bu diskursdan uzaq gəzirlər, çünki çayı üfürə-üfürə içirlər. Dini intellektualın inamı isə küfrlə ülgüc üstündə gəzir. O Allahın varlığına, Quranın İlahi kitab olmasına quşqu, şübhə doğuran suallara gəlib çıxır. Sonra bu sualların cavabını tapır. Tapan kimi də həmin cavab yeni sorular törədir. Dini intellektualın Allah haqqında düşüncələri "lehinə-əleyinə" sübutların "boğuşmasıdır". Dini intellektualda "əstəğfirulah" yalvarışı olmur. Çünki o bilir ki, dini mədəniyyəti və psixolojini zənginləşdirən biliklər imanla küfrün çaxmaq daşı kmi toqquşdurulmasından qığılcımlanır.

Söhbətimizin amacı

Bütün bu məsələləri onun üçün söyləyirəm ki, İslamı sevən gənclər İlahiyyatçı və ruhanilərin fonunda İslam intellektuallarına sayğı ilə yanaşsınlar. Bilsinlər ki, bu axırıncıların dini sərbəstliyi, yəni azadlığı İslam düşüncəsinin zənginliyinə qulluq edir. Hərçənd yazıqlar olsun ki, İslamda konservativ adamların çoxluğuna görə İslam intellektuallarının sayı hələ də xeyli. Halbuki onların azadlığı və cürəti olmasa, dünya intellektual yarışında İslam geridə qalar.

Ancaq doğrudan da, Allah-Təala istəsə, başqa Allah yarada bilər? Bilərsə niyə istəmir?


Müəllif: Niyazi Mehdi