13 May 2014 10:14
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan çempionatı başa çatmaq üzrədir. Artıq çempion bəllidir. Avroliqada ölkəni kimlərin təmsil edəcəyi də aydınlaşıb. Son turlar isə əsasən, autsayderin kimliyinə aydınlıq gətirəcək.

"Qarabağ" bu mövsüm layiqli çempionluq qazandı. Bu fikri hər kəs birmənalı şəkildə qəbul eləyir.

Ağdamlılar bütün komandalarla keçirdiyi görüşlərdə ən yaxşı olduqlarını hər kəsə sübut elədilər. Qurban Qurbanovun yetirmələrinin Avropada uğurlu çıxış edəcəyinə şübhə eləyənlər azdır. Əsas odur ki, bütün Azərbaycanın dəstəyini alan komanda hər zamankı kimi qazandığı zəfərlərlə diqqətə çıxacaq gücdədir.
İkinci yerin sahibi isə "İnter" oldu. "Bankirlər" də bu mövsümdə yaxşı oynadılar. Təsadüfi deyil ki, Kaxaber Tsxadadzenin yetirmələri həm vurulan, həm buraxılan qollarla, eyni zamanda qazanılan xallara görə yalnız çempion "Qarabağ"dan geri qalırlar ki, bu da onların ən yaxşı ikinci komanda olduğunu göstərir. Ancaq ağdamlılardan fərqli olaraq "bankirlər" avrokuboklarda o qədər də inamlı təsir bağışlamırlar.

Ümid edirik ki, "İnter" yerli birincilikdə göstərdiyi keyfiyyətli oyunu Avropa komandaları ilə qarşılaşmalar zamanı da nümayiş etdirə biləcək. Belə olan halda mərhələ adlamaq da asan olacaq.
Ölkəni Avropa arenasında təmsil eləyəcək klublardan biri də "Neftçi"dir. "Ağ-qaralar" bu vaxta qədər heç bir Azərbaycan klubunun qazanmadığı nəticəni qazanmış, UEFA Avropa Liqasının qrup mərhələsində oynamış yeganə klubdur. Əgər mövcud heyətə müəyyən əlavələr olsa flaqmanın yenidən uğurlarla irəli çıxacağına inanmaq mümkündür.

Bu il ayrıca diqqət cəlb eləməyi bacarmış daha bir klub haqqında geniş danışmağa ehtiyac var.
"Qəbələ" yarandığı vaxtdan bura peşəkar idarəçilik baxımından nümunəvi klublardan biri kimi tanınır. Bəzi digər klublar kimi tez-tələsik çempionluq sevdasına düşüb pullarını havaya sovurmur.

Xüsusilə, uşaq futboluna göstərilən qayğıya, diqqətə görə bu klub ən öndə gedənlərdəndir. Komandanın nəzdində Uşaq Futbol Akademiyasının yaradılması, Azərbaycanın müxtəlif bölgələrindən istedadlı oyunçuların bura cəlb olunması gələcək adına gözəl işdir.

Üstəlik, hər il təşkil olunan turnirlər uşaq futbolunun inkişafı naminə atılan mütərəqqi addımlardır. Bir çox tanınmış Avropa komandlarına mənsub şaq kollektivlərinin Azərbaycana dəvət olunaraq burada müxtəlif yarışların keçirilməsi həm ölkəmizin idman nüfuzuna fayda verən, həm də beynəlxalq arenalarda tanınmamıza xidmət göstərən əvəzsiz qərarlardı.

Klubun həm də əsas komandası daim iddiaçılar sırasında olur. Son illərdə müxtəlif səbəblərdən Avropa arzusunu gerçəkləşdirə bilməyən kollektiv nəhayət, bu il tarixində ilk dəfə Avroliqa oyunlarında iştirak eləyəcək.

Yaxşı heyət formalaşdırmış, Avropada iş təcrübəsinə malik baş məşqçisi olan klub nəhayət, bu mövsümdə arzusuna çatdı.

İndi qalır Avropada layiqli çıxış eləmək və bacardıqca uğur qazanmaq. Bu o qədər də əlçatmaz görünmür... Yuxarıda da qeyd etdiyimiz kimi, səviyyəli legionerlərin və seçmə yerli oyunçuların ahəngindən yaranmış kollektiv Avroliqada müəyyən uğur qazanmaq potensialına malikdir.

Mövsüm başa çatdıqdan sonra heyətə göz gəzdirilməsi və əyər-əskiyi olan mövqelərin gücləndirilməsi nəticəsində rəqabətə davamlı və uğur qazana biləcək kollektiv yaratmaq mümkündür.
Sonda hər bir klubumuza Avropa arenalarında uğur arzulayaq. Yetər ki, Azərbaycanın idman nüfuzu yüksəlsin.


Müəllif: Zaur Xudiyev