Əvvəl evdəkilərdən xəbər alıram. Ertəsi gün iş yoldaşlarımla çay söhbətini bu mövzuya yönəldirəm ki, həmkarların fikrini öyrənim. Bu da kifayət etmir. Düşüncəsinə və rəyinə hörmətlə yanaşdığım dostlarımın münasibətini soruşuram. Hamı eyni fikirdədir - “O adamlar xəstədirlər”.
İlk gənclik yaşlarımızda, hələ Bakıda bu qədər şəxsi avtomobilin olmadığı vaxtlarda, qadınların, qızların taksiyə tək minməsinə pis baxıldığı dövrlərdə, hamının ictimai nəqliyyatdan total şəkildə faydalandığı zamanda və ən əsası, öz təhlükəsizliymizi qorumaq iqtidarında olmadığımız çağlarda, yəni lap gənc ikən bu təcavüzlə, demək olar ki, hamımız qarşılaşmışıq - biz, zərif cinsin nümayəndələri. “Bimədim, görmədim” deməyin lütfən. Lap öz başımıza gəlməsə də, belə halları gördüyümüz olub. İctimai nəqliyyatda adamların gur yerində hansısa qızın, qadının şarappıltlyla gəlib arxadan ona yapışan birisindən necə utana-utana, pörtmüş halda aralanmaq istədiyini dəfələrcə görmüşük. Söhbət nəqliyyat təcavüzündən gedir. Biz bu haqda danışmağı ayıb bilsək də, fakt bu ki, belə hallar olub və bəlkə, indi də var. Niyə ayıb? Bir qayda olaraq belə təcavüzdən zövq alanlara maniakal insan kimi baxılıb. Yəni kişi bu təhər qadına təcavüz etmək istəyində bulunursa, hamının gözü qabağında ayıb iş tutursa, demək, anormaldır. Anormal şeylər haqda danışmaqsa bizdə həmişə yasaq sayılıb. Tabudu, vəssalam.
***
Göz şahidi deyiləm, söz şahidiyəm. Bugünlərin söhbətidi. Rəfiqəm danışır - deyir yol gələndə görüb, avtobusda bir cavan oğlan gənc bir qızın biləyinə ikicə barmağını toxundurmaq üçün dəridən-qabıqdan çıxırmış. Qar yağan gün, qız, təbii, paltoda, papaqda, çöldə qalan tək bir əli olub. Yanında duran oğlan əli qızın əlinə dəysin deyə həkk gəlib özünə. Avtobusun tutacağı boyu o qovub, bu qaçıb, bu qaçıb, o qovub. Gülməli vəziyyət alınıb.
***
Bu, bir könül məsələsi də ola bilir. İlk baxışdan insanlar arasında simpati-filan yaranması ehtimalı yox deyil. Avtobusda tanış olub əsl sevgi yaşayan, evlənib bir ömür xoşbəxt olan cütlüyü şəxsən tanıyıram - qibtəolunacaq bir münasibət. Amma və lakin bugünkü mövzum qadına təcavüzdü. Bu, zorlanma deyil, namus ləkəsi deyil, cinayət hesab olunmaz, gəl ki qadının məhz cinsi mənsubiyyəti ucbatından qarşılaşdığı bir rahatsızlıq, əks cinsin növbəti bir təzyiqi, saldırısı. Niyə axı? Biz ki sizi narahat etmirik.
Əslində, xırda küçə-nəqliyyat təcavüzünə dünyanın hər yerində rast gəlinir. Amma sivil dünya bilir ki, qadınla hər kəs istədiyi kimi davrana bilməz. Qadının zorla diqqətini çəkmək olmaz. Heç bir qadının azadlıq və ya düşüncə məkanına soxulmaq yaramaz. Qadın qadın olduğu üçün kiminsə acgöz baxışlarından özünü qorumalı deyil. Qadın kiminsə ov obyektinə çevrilməkdən qorxmasın gərək.
Tanımadığı insanların üzünə gülümsəmək zorunda da deyil. Qadın kişiləri əyləndirib məmnun etmək üçün gəlməyib dünyaya. Kişilərinsə bax belə - yeri düşdü-düşmədi, harada gəldi qadına təcavüz cədlərinin kökündə yalnız cinsəl maraq yox, həm də öz üstünlüyünü nümayiş etdirmək istəyi durur. Elə prosesin ən aşağılayıcı məqamı da bax budur.
***
Təcavüz - nəyisə əldə etmək, nəyəsə malik olmaq xatirinə gerçəkləşən zorakı əməldir. Qadına təcavüz edib də azadlığını əlindən alan, namusuna toxunan, ləyaqətini alçaldan insanlar var, belələri hər zaman da olub. Cani xislətli insan üçün zaman nə, məkan nə? Bu, bəlli. Bəs söylədiyim hadisəni - “əslində, bu, elə bir hadisə deyil” deyənlər də olacaq, olsun - bu faktı, bu olayı nə cür dəyərləndirək? Əlini qızın əlinə toxundurmaq istəyən o qaqaşın hərəkətinin adı nədir? Kiminsə əlinə əlin toxunursa, nə olur ki? Bu ani toxunuşdan nə qazanırsan? Həyatın həzzi budurmu, səncə? Ya o əl dönüb də sifətinə bir şilləylə qayıtsa?
***
Əslində, bu, xırda hadisə deyil. Bu, qadının məhz qadın olduğuna görə yaşadığı başağrısıdı. Belə başağrıları dama-dama çoxalınca bir nadürüstə görə qadının bütün kişilərə nifrət etməsi gəlir. Adın qadındırsa görüb görməzdən olmalısan. Adın qadındırsa, susub çevrilib getməlisən. Adın qadındırsa, haqqına girməlidirlər. Niyə axı? Təkcə cinsi fərqə görəmi? Və “adın qadındırsa, belə mövzulardan yazmamalısan”. Bu son məsləhəti konkret mənə verdilər. Və sözü deyən, təbii, kişi idi.. Eşitsəm də, eşitməz oldum.