23 Aprel 22:57
3 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Böyük Millət Məclisinin yaranmasının ildönümüdür. Məclisdə təmsil olunan azərbaycanlılar arasında Ağaoğlu ailəsinin üzvləri məşhur olsa da, bir neçə başqa azərbaycanlı da yer alıb. Onlardan biri Azərbaycanda Mustafa Lütfi İsmayılov (Şirvanski) kimi tanınan müəllim, şair, jurnalist, naşir olan şəxsdir. Türkiyədə isə o, Mustafa Lütfi Azər olaraq bilinməkdədir.

Bu iki şəxsin eyni adam olması son dövrlərə qədər məlum deyildi. Adətən, Mustafa Lütfi haqqında aparılan araşdırmalar 1910-cu illərlə yekunlaşırdı. 2018-ci ildə türk dosent Uğur Üçüncünün yazdığı “Siverek məbusu Lütfi Azər bəy və TBMM-dəki fəaliyyətləri” adlı məqalə bu mövzunun geniş şəkildə bilinməsinə səbəb oldu. Biz də bu yazıda həmin məqalədən istifadə etmişik.

Mustafa Lütfi bəy 1878-ci ildə Şirvanda doğulub. Əli Şamilin yazdığına görə, Mustafanın atası Hacı Sədrəddin əfəndi nəqşibəndi şeyxi, Qafqazdakı müridizm hərəkatının mənəvi babalarından olan, İsmayıl Kürdəmiri, İsmayıl Şirvanlı kimi tanınan bir pirin müridlərindəndir. Anasının adı Səfurədir. İlk təhsilini atasından alıb, ərəb, fars, türk dillərini öyrənib. Daha sonra Şamaxı mədrəsəsində oxuyub, ardınca İstanbula gedərək Fatih mədrəsəsində dağıstanlı Əbdülfəttah əfəndinin şagirdi olub. 1905-ci ildə isə müəllimlik məktəbini bitirib. 1907-ci ildə Azərbaycana qayıdan Mustafa Lütfi bəy ictimai-siyasi fəaliyyətə başlayıb, üç il Peterburq məclisində təmsil olunub.

Mustafa bəy bir müddət Həştərxanda yaşayıb, orada “Şurayi-İslam” cəmiyyətini yaradıb, “Darül-ədəb” və qızlar üçün “Nümuneyi-tərəqqi” adlı yeni tipli məktəblər açıb. 1906-cı ildə “Bürhani-tərəqqi”, 1907-ci ildə “Həmiyyət”, 1911-ci ildə “Haqq” qəzetlərini nəşr etdirib. “Bürhani-tərəqqi”nin 5 ildə (1906-1911) 146 nömrəsi işıq üzü görüb. Abdulla Tukayın “Mustafa” şeiri Mustafa Lütfiyə həsr olunub. Onun Əli bəy Hüseynzadənin çıxardığı “Həyat” qəzetində də məktubları dərc olunub.

Bu dövrdə gördüyü işlərə görə çar hökuməti onu həbs edib. Azad edildikdən sonra yenidən İstanbula qayıdıb, 1912-ci ilin sentyabrında Ergani edadisinə müəllim olaraq təyin edilib. Bundan sonra ömrünü Türkiyəyə həsr edən Şirvani 1917-ci ilin sentyabrında Urfa Sənaye Məktəbinin müdiri vəzifəsinə layiq görülüb. 1918-ci ilin mayında isə Siverek edadisində əvvəlcə müavin, bir il sonra isə müdir olaraq fəaliyyətə başlayıb. Bu vəzifədə ikən o, 8 iyun 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinə Siverekdən millət vəkili olaraq seçilib.

Deputat fəaliyyəti bitdikdən sonra 1925-ci ilin martında Bursa İmam Xətib Məktəbinin tarix və coğrafiya müəllimi olub. Eyni zamanda Bursa Oğlan Liseyində farsca və din dərsləri də keçib. 1928-ci ilin oktyabrından isə Bursa Qız Müəllim Məktəbində din dərsləri verməyə başlayıb. 1931-ci ildə din dərslərinin proqramdan çıxarılmasından sonra işini itirib, nəticədə 1 aprel 1932-ci ildə təqaüdə çıxıb. Ömrünü Urfada keçirən Mustafa Lütfi Azər 14 avqust 1939-cu ildə bu şəhərdə vəfat edib. İki övladı olub.

Mustafa bəy TBMM-də olduğu dövrdə maarif və xarici işlər komissiyalarında çalışıb, təklif etdiyi 8 qanun təklifindən üçü qəbul edilib, ikisi rədd edilib, üçü ilə bağlı icra prosesi tamamlanmayıb. O, üçü gizli iclasda olmaqla 18 dəfə parlamentdə çıxış edib. Bu iclasdakı çıxışlarından biri əsl Qafqaz ruhuna bağlı nitqdir. Belə ki, 10 iyul 1920-ci ildə Burdur deputatı İsmayıl Sübhi bəy yunanların Bursanı işğal etdiyi zaman törətdikləri vəhşilikdən bəhs edərkən Mustafa Lütfi bəy ayağa qalxıb, hər kəsdən dəsmallarını ciblərinə qoymasını rica edib, ağlamağın qadınlara yaraşdığını, kişilərin isə belə çətin zamanlarda ürəklərində ağlamaqla yanaşı aslan kimi kükrəmələrini istəyib.

Osmanlının ümumi hərbdə 5 il zərfində İngiltərə, Fransa, Rusiya, Rumıniya kimi ölkələrə savaşdığını bildirib və bu sualı məclisə ünvanlayıb: “O güclü dövlətlərdən qorxulmayıbsa, indi yüzlərlə il Osmanlı idarəçiliyində qalan ermənilərdən və rumlardanmı qorxacağıq?”.

Mustafa Lütfi bəy TBMM-də bir neçə dəfə azərbaycanlı olduğunu ifadə edib. Belə ki 1920-ci ilin iyulunda etdiyi bir çıxışında özünü Azərbaycan müsəlmanı olaraq göstərib, Azərbaycanda 80 min nəfərlik İslam Şurası ordusunu quraraq rəhbərlik etdiyini, dörd-beş qəzet çıxartdığını, yeddi ildir ki Osmanlı vətəndaşı olduğunu söyləyib. Çıxışında Azərbaycandan gəlib Qurtuluş savaşına qatılanlarla fəxr etdiyini bildirib. O, Sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanovun ən yaxın dostu olduğunu, Həştərxanda onunla üç il çalışdığını ifadə edib. Onun Türkiyənin Azərbaycanla yetərincə maraqlanmadığı tənqidinə qarşı isə Mustafa Kamal paşa etiraz edib, Türkiyənin Azərbaycana dəfələrlə yardım etdiyini bildirib. Paşa Azərbaycandakı əvvəlki hökumətin Türkiyəyə ordu göndərmədiyini də ifadə edib. Lütfi bəy isə Azərbaycanın bugünkü vəziyyətə düşməsində türk zabitlərinin rolu olduğunu deyib, Azərbaycanda onlara artıq salam da verilmədiyini iddia edib.

22 noyabr 1920-ci il tarixli bir çıxışında isə Rusiyadakı türklərlə bağlı fikirlərini ifadə edib. Bu zaman Diyarbəkir deputatı Hacı Şükrü ona “Əfv edərsiniz, rusiyalımısınız?” sualını ünvanlayıb. O isə qarşılığında bu cavabı verib: “Bəli, rusiyalıyam, əcdadım da rusiyalıdır, bəndəniz də rusiyalıyam. Rusiyada millətimə göstərdiyim fədakarlıqdan dolayı bəndənizi 1328-də 9 ay həbsdə qaldıqdan sonra hüdud xaricinə çıxartdılar”. Daha sonra Lütfi bəy hazırda Osmanlı vətəndaşı olduğunu və bununla qürur duyduğunu ifadə edib.

Mustafa Lütfi bəyin parlamentdəki aktivliyi onun həyat hekayəsinin yenidən öyrənilməsini vacib edir. Ümid edirik ki, Şirvandan Urfaya, Həştərxandan Ankaraya uzanan bu maraqlı həyat yolu haqqında yeni bilgilər əldə ediləcək.


Müəllif: Dilqəm Əhməd