4 Fevral 2015 10:46
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqil Lətifov

Biz müsəlmanların əksəriyyəti son dərəcə sadəlövh, əcaib düşüncəli və bütün kənar qüvvələrin oyunlarını oynamağa hər zaman meyilli olub...

Əslində, adını müsəlman qoyan ölkə vətəndaşlarımızın müsəlman olub-olmamaları da müzakirəyə açıq mövzudur. Mən bu fikirdəyəm ki, müsəlman ölkəsi, habelə dinimizin İslam olmasına baxmayaraq, əksəriyyətimizə müsəlman demək olmaz. Çünki biz, sadəcə, dildə müsəlmanıq. Yəni əmələ gələndə bir çoxumuz İslam dininin tələb etdiyi qaydalara riayət etmirik. Başqa sözlə desək, dinimizin əksinə addımlar atırıq... Özümüzü müsəlman kimi təqdim etməyimizə baxmayaraq, bir çoxumuz hətta kəlmeyi-şəhadəti (islamın birinci şərti) belə bilmirik. Əksəriyyətimiz, sadəcə, ömrü boyu yalnız iki dəfə müsəlman olur: kişilərin sünnəti və dəfn ediləndə. Yəni çoxumuz, sadəcə, dünyaya müsəlman kimliyilə göz açır və müsəlman kimi dəfn olunur. Olumdan ölümə qədər arada keçən illərdə isə yalnız müsəlman kimi təqdim edilirik...

Cəmiyyətimizdə belə qəribə bir hal da müşahidə olunur. Kimsə dini inancının xristian, iudaizm, buddizm və s. olduğunu dedikdə buna normal yanaşır, üstündən səthi keçir, hansısa qeyri-adi fikirlərə düşmürük (əslində, belə də olmalıdır). Vay o günə ki, kimsə müsəlman olduğunu, üstəlik, namaz qıldığını, İslamın tələb etdiyi digər dini ayinləri yerinə yetirdiyini söyləyə, bax o zaman faciə başlayır. Kimsə "mən İslam dininə sitayiş edirəm" dedikdə sanki biz əsl müsəlmanın izinə düşürük. Görəsən, o, sünni, şiə, yoxsa vəhhabi, nurçu və ya digər islami məzhəblərdən hansının daşıyıcısıdır. "Namaz qılır, deməli, "aferistdir", yalançıdır, oğrudur", "müsəlmandır, yəqin, narkomandır, cinayətkardır" deyə inanclı şəxslər haqqında belə məzmunlu müxtəlif fikirlər irəli sürərək, hətta həqiqəti bilmədən onları mühakimə edirik. Bir az da irəli getsək, şiələri İranın, sünniləri Türkiyənin, digər məzhəb daşıyıcılarının isə ayrı-ayrı güclərin aləti kimi qəbul edildiyini görmək olar.

Azərbaycanın əksinə, Avropa və dünyada isə müsəlmana terrorist, vəhşi, başkəsən, barbar kimi yanaşırlar. Bunun isə sadə izahı var - böyük güclər müsəlmanların birliyini istəmir, onları dünyaya belə təqdim etməyə çalışır və bunu da "sapı özümüzdən olan baltalarla" artıqlaması ilə bacarırlar. Bu, öz yerində...
Görəsən, biz niyə əsl müsəlman axtarırıq və ya onu tapmırıq? Ölkəmizdə gerçək İslammı düzgün aşılanmır, yoxsa biz dini anlamaqda zorluq yaşayırıq? Cəmiyyətimiz niyə "dindaram" deyən şəxslərə oğru, yalançı ola biləcəyi şübhəsilə yanaşır? Bəlkə, müsəlmanlar hansısa pis yolun yolçusu olan və din adı altında öz çirkin əməllərini gizlədən şəxslərin, qüvvələrin güdazına gedir?

Haqlı olan belə suallar həddindən artıq çoxdur. Cavablar isə əksəriyyətə bəlli olsa da, cəmiyyət olaraq bu, ya bizə düzgün çatdırılmır, ya da biz bunu anlaya bilmirik.

Real məqamlardan biri budur ki, bizdə Türkiyədə, İranda və digər müsəlman ölkələrində olduğu kimi, gerçək dini təbliğat aparılmır. Bu, bir faktdır ki, dinin düzgün təbliğatı, mahiyyətinin cəmiyyətə çatdırılması üçün nüfuz baxımından ilk sırada telekanallar dayanır. Lakin bizdə telekanalların başı şou-proqramlara, əxlaq kodekslərinə zidd olan verilişlərə qarışıb... Əgər desək ki, ölkə telekanallarında müsəlman cəmiyyətimizin dinilə bağlı dürüst məlumat ala biləcəyi veriliş yoxdur, heç də yanılmarıq. Daha geniş kütləyə nüfuz edən televiziya və radiolarla yanaşı, ümumiyyətlə, mediamızda dini dəyərlərin düzgün təbliğatının lazımi səviyyədə olduğunu görmürük. İnsanların bu qaynaqlardan İslami dəyərlərlə bağlı lazımi məlumat tapmamaları özü-özlüyündə onları digər ünvanlara yönəldir. Nəticədə bu sahədəki boşluqdan faydalanan qara qüvvələr insanların dini inanclarından çirkin məqsədlərlə istifadə etməklə İslami dəyərlərə ağır zərbə vururlar. Bu isə bir çox hallarda dindarları ziyanlı olan dini cərəyanların, məzhəblərin quluna çevirir...

Məscidlərimizdəki vəziyyət də hər kəsə bəllidir. Bəzi məscidlərdə hansısa qüvvələrin əlaltısı olan və buraya gələn pak din adamlarının imam kimi qəbul etdiyi rəhbər şəxslərin zamanla insanların beynini "yeyərək" onların inanclarından başqa məqsədlər üçün istifadə etməsi də məlum, acı gerçəklikdir. Belə addımlar da İslamın sütunlarına böyük zərbə vurur və dinimizin cəmiyyət tərəfindən pis qarşılanmasına, yanlış qəbul edilməsinə səbəb olur.

Habelə din, "hacı" adı altında gizlənən şəxslər də öz çirkin əməllərilə cəmiyyətimizdə gerçək inanclı insanların adını ləkələyir.

Amma elə bilməyin ki, İslamın düzgün başa düşülməməsində yalnız medianın, aidiyyəti qurumların məsələlərə səhv yanaşmasının rolu var. Burada könlünü dinə bağlayan inanclı şəxslərin də kifayət qədər yanlışları mövcuddur. Belə ki, bir çoxumuz İslamı anlaya bilmirik. Faciə burasındadır ki, heç anlamağa da səy göstərmirik. Məhz dini savadsızlığımız digər oyunlara rahat şəkildə cəlb olunmağımıza zəmin yaradır. Necə ki, bir çox inanclı şəxs böyük güclərin alətinə çevrilir. Kənar qüvvələrin çaldığı havanı oynamağı xoşlamağımız isə əksər müsəlman ölkəsinin indiki durumunun real üzüdür...

Hazırda gerçək İslamın axtarışında olduğumuz bu dövrü belə xarakterizə etmək olar: sanki hər tərəfə qar yağıb və bütün məkan buz bağlayıb. Məqsədli qüvvələr isə ətrafın donduğu bu buzlu havadan istifadə etməklə İslami dəyərləri zədələyir və öz toxumlarını səpirlər...


Müəllif: Aqil Lətifov