15 May 2014 10:28
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən tur “Qarabağ”ın “Sumqayıt”a uduzması xeyli söz-söhbətlər yaratdı. İddialara görə, rəqib qarşısına ikinci heyətlə çıxan ağdamlılar oyuna da qeyri-ciddi yanaşaraq məğlub olublar. Buna səbəb isə “Sumqayıt”ın son pilləyə düşməmək uğrunda mübarizə apardığı əsas rəqibi “Rəvan”ı qabaqlamasına yardım göstərmək olub. Vallah, imanımı yandıra bilmərəm, babalı deyənlərin boynuna, ancaq nəsə bu söhbətlər heç də qulağa yad gəlmir.

Fakt budur ki, bu qalibiyyətlə sumqayıtlılar həmin turda “Neftçi”yə yenilən əsas rəqibini üç xal üstələyərək bir pillə önə keçməyi bacardı. Ancaq bu hal müvəqqəti ola bilər.

Uşaq vaxtı məhəllədə dalaşdığımız yaşıdımız böyük qardaşını, ya da qohumlarını çağırırdı köməyə, bax onda biz də varsa böyük qardaşımız, yoxdusa qohumdan-zaddan kimisə gətirirdik ki, o da bizə kömək eləsin. İndi təxmini belə bir vəziyyətdir.

Ötən tur “Sumqayıt”ın “Qarabağ”dan aldığı “qohum yardımı”nı bu dəfə də “Rəvan” “Bakı”da ala bilər. Necə? Çox sadə. Baxın, görün nə deyirəm.

“Rəvan” çempionatın son oyununda “Bakı” ilə qarşılaşacaq. “Zolaqlılar”ın artıq heç bir titula iddiası qalmayıb. “Rəvan”a isə 3 xal hava-su kimi lazımdır. Bu durumda onsuz da yaxın əlaqələri ilə tanınan klubların birinin o birinə görüm-baxım eləməsi real görünür. Klub prezidentləri arasında quda qohumluğunun olması faktı da iddiaları gücləndirən əsas səbəblərdən biridir.

Belə baxanda niyə də olmasın? Necə olur ki, çempionluğu iki tur əvvəldən “bron” eləmiş “Qarabağ” “Sumqayıt” qarşısında əvəzedici və ehtiyat oyunçularla çıxa bilir, “Bakı” eyni addımı ata bilmir?
Mən deyirəm ki, eləyər də, hələ o yana da keçər. Bilmirəm, bu yazını hər iki klub rəsmilərindən oxuyan olacaqmı, ancaq mənim onlara bir təklifim var. Necə ki, “Qarabağ” sonradan söz-söhbətə haqq qazandırmaq üçün əsas oyunçularını vaxtından əvvəl istirahətə yollayıb ehtiyat heyətlə oynadı, siz də eləcə eləyin.

Lap baxdınız dar məqamdı, alınmır, deyin ki, onsuz da bizim oyunçuların maliyyə baxımdan problemləri var idi, acıq eləyib oyuna çıxmadılar. Vəssalam. Buraxın meydançaya cavan-cavan oyunçuları, özlərinə də tapşırın çox dirəşməsinlər. Yaxşı deyil axı, arada qohumluq var, dostluq var.

Kef eləyin, cənablar, kimsə sizə "gözünüz üstündə qaşınız var" deməyəcək. Baxın, işin ən asan yolunu da göstərdim sizə. Di qalanı qaldı sizin oyunçuların “fərasəti”nə.

Bu biri tərəfdən də qəti narahat olmayın. “Sumqayıt”ın qabağına elə rəqib çıxıb ki, əgər çox böyük bir idman möcüzəsi olmasa, “Qəbələ” bu oyunu uduzmayacaq. Çünki ilk dəfə mükafatlara bu qədər yaxınlaşmış “Qəbələ”yə üçüncülük üçün 3 xal hava-su kimi lazımdır. Onların gözünə nə “Sumqayıt” görünür, nə PFL, nə də Elxan Məmmədov. Yuri Syomin və yetirmələri öz xeyirləri naminə üzərlərinə düşən işi yerinə yetirəcəklər.

Ordan “Rəvan” udub, burdan da “Sumqayıt” uduzsa, xallar olacaq bərabər. Bu durumda isə şəxsi oyunlardakı nəticələrə görə “Rəvan” üstün tərəf olacaq.

Daha bundan sonrası da qalacaq AFFA rəhbərliyinin qərarına. Son qərarı onlar verəcəklər. Kim gedəcək, kim qalacaq, vaxtında bəlli olacaq.

Əsas odur ki, siz tüpürün bütün futbol maraqlarına. Vecinizə də almayın idman əxlaqını. “Fair-play”-zad hamsı avropalı işbazların uydurmalarıdır. Təki hədəfə gedən yolda büdrəməyin siz.

Uğurunuz xeyir olsun!


Müəllif: Zaur Xudiyev