Bu gün ölkəmizdə qadınların işlə təmin olunması, məşğulluğu, təhsili, təlimi, bacarıqlarının inkişafı istiqamətində bir çox layihələr, işlər həyata keçirilir. Lakin təəssüf ki, fərdi və toplum olaraq qadına münasibət birmənalı deyil. Əgər əsrlər əvvəl doğulan qız uşaqları diri-diri basdırılırdısa, 21-ci əsrdə bunun digər forması yanaşma ilə həyata keçirilir.
Toplum var ki, əri dünyasını dəyişən qadının yenidən ailə qurmasına pis yanaşır, qınayır, mənəvi, psixoloji təzyiqlərə məruz qoyurlar. Toplum var ki, qadın boşana bilməz, boşanan, nişanı qayıdan qadına "əxlaqsız" damğası vurulur.
Toplum var ki, oğlan övladı dünyaya gətirməyən qadına "sonsuz" deyilir, ana ola bilməyən, ailə qurmayan qadın bədbəxt hesab olunur. "Ağ gəlinliklə çıxdığın evə yalnız ağ kəfənlə dönə bilərsən!" sözü yəqin ki, hamınıza tanışdır. Təkcə bu söz qadına olan ayrıseçkilik, haqq və hüquqlarının pozulması, mənəvi, psixoloji və sonda fiziki şiddətə gətirib çıxaran nəticələrə səbəb olur.
"İkinci güllə" filmindəki kimi qadınların həyatı sözün hər ikisi mənasında bir güllədən asılı olan toplum var. Qadının əxlaqı, namusu bir güllə ilə obasına bəyan edilir. O güllə açılmayanda da, açılanda da qadın ölür.
Vaxt var idi ki, maşın sürən, şalvar geyinən qadınlara yaxşı yanaşılmırdı. Bəzi yanaşmalar zamanla sıradan çıxsa da, bəzi yanaşmalar formasını dəyişir, bəzi yanaşmalarsa əsrlər boyu davam edir.
Digər təəssüfləndirici hal mediada qadınlara olan bu ayrıseçkiliyin başqa formada həyata keçirilməsidir. Gün ərzində bir neçə dafə "qadın, xanım, ana, bacı, həyat yoldaşı" sözləri olan başlıqlara və sərlövhələrə rast gəlirik. Bəs biz - cəmiyyət, media olaraq bunun qarşısını necə ala bilərik?
”Mediada gender həssaslığının artırılması” mövzusunda Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyinin təşkil etdiyi təlimdə bu mövzularda faydalı müzakirələr, fikir mübadilələri aparıldı, çıxış yolları təklif edildi.
Ölkənin aparıcı media qurumlarının təmsiçilərinin və tanınmış bloqerlərin iştirakı ilə 3 günlük təlimə “Xəbər lentinin yaradılması. Gender bərabərliyində haradayıq?”, “Gender-həssas xəbər necə olmalıdır?”, “Mediada gender əsaslı ayrıseçkiliklə mübarizə”, “Mediada gender-həssas görüntülərdən istifadə” və başqa mövzularda Derya Birincioğlu, Ayşe Karabat, Gülnaz Ələsgərova bilik və təcrübələrini bölüşdülər.
BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev gender bərabərliyinin təşviqində medianın təsiretmə gücə malik olması fikrindədir: “Gender bərabərliyi cəmiyyətimizin davamlı inkişafı və rifahı üçün vacib bir amildir və bu mövzuda medianın rolu əvəzedilməzdir. Medianın fəaliyyəti yalnız informasiyanı çatdırmaqla məhdudlaşmır, o, həm də cəmiyyətin fikrini formalaşdırır, davranışlarına təsir edir və sosial dəyişikliklərə yol açır. Bu baxımdan, medianın gender məsələlərində daha həssas və məlumatlı olması olduqca əhəmiyyətlidir”.