11 Fevral 2015 10:50
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi balacadan-böyüyə istənilən bir şəxsə torpaqlarımızın kim tərəfindən işğal edilməsi ilə bağlı sual versən, bu barədə az məlumatlı olan kəs belə ən azından zəkasını bir qədər zorlayaraq deyəcək ki, ermənilər ərazilərimizi zəbt edib.

Təəssüf ki, əksəriyyət işğal faktı ilə bağlı yalnız bu məlumata sahibdir. Bir çoxu hətta hansı rayonlarımızın erməni əsarəti altında olduğunu belə bilmir. Torpaqlarımızı düşmən tapdağından azad etmək üçün bu bilgilər yetərlimidir? Məncə, yox. Çünki biz ərazilərimizi geri qaytarmaq istəyiriksə, erməni vandalizmi ilə bağlı bütün məlumatlara sahib olmalı, əsarət altında olan rayonlarımızın işğal gününü, bunun hansı şəraitdə baş verdiyini, nə qədər şəhid verdiyimizi dəqiqliyi ilə bilməli və düşmənimizi iliyinə qədər tanımalıyıq. Çünki torpaqlarımızı geri qaytarmaq üçün biz yenidən bu düşmənlə qarşılaşmaq məcburiyyətindəyik. Təbii ki, şəhid və qəhrəmanlarımızı tanımalı, ermənilərə qarşı onların gücündən ilham alaraq hər an torpaqlarımızın azad edilməsinə hazır olmalıyıq. Bunun üçünsə ilk növbədə gənclərimizə vətənpərvərlik ruhu aşılanmalıdır.

Vətənpərvərlik - Vətənə məhəbbət və öz şəxsi maraqlarını hər an Vətən yolunda qurban verməyə hazır olmaqdır. Bu bağlılığı həm də mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürur hissi kimi də dəyərləndirmək olar. Vətənin və öz millətinin marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsidir.

Bəs biz necə, vətənpərvərikmi? Bu sahədə ölkəmizdə düzgün təbliğat aparılırmı, vətənpərvərlik hissləri gənclərimizə düzgün aşılanırmı? Müharibə şəraitində yaşayan bir ölkə üçün bütün bu sualların müsbət cavablandırılması son dərəcə vacibdir.

Əfsuslar olsun ki, bizdə bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Bu gün gündəlik həyatımızda nadir hallarda vətənpərvərliklə bağlı təbliğatla rastlaşırıq. Elə bunun nəticəsidir ki, işğal edilən ərazilərimizin geri qaytarılmayacağı fikri ilə barışanlar da az deyil.

Kimsə hansısa rayonun işğal tarixini bilmədikdə o dəqiqə həmin şəxsi mühakimə edirik. Amma bunun unudulması üçün həmin adamlar nə qədər qınanılarsa, aidiyyəti qurumlar, telekanallar, media da bir o qədər qınanmalıdır. Çünki bu gün nə sosial mediada, nə küçədə yerləşdirilən reklam lövhələrində, nə də ki, telekanallarda və digər media vasitələrində vətənpərvərliklə, ümumiyyətlə, işğal faktı ilə bağlı hansısa məlumatla, xəbərlə rastlaşmırıq.

Vətənpərvərlik duyğularının təbliği baxımından telekanallar daha böyük topluma nüfuz edir. Amma bu gün telekanallarımızda hansı verilişlərin yayımlanması hamıya məlumdur. Bu gün əksər saytlar İP arxasına düşərək bir çox məqamlara göz yumduğu kimi, telekanalımız da istəmədiyimiz, milli mentalitetimizə zidd, bayağı verilişlərlə evimizin sevilməyən qonağına çevriliblər. Təəssüf ki, bir çox televiziya və radio kanalları gənclərimizi işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, restoranlara, barlara çağırır. Onlar mənasız, bayağı şoular təşkil edərək kosmopolit düşüncə və əxlaq tərzini təbliğ edirlər. Bu, bir faktdır ki, əgər telekanallarda xəbərlər proqramına baxmasan, Azərbaycanın müharibə şəraitində olduğunu belə unudarsan. Bəzən cəbhədə ermənilər tərəfindən atəşkəs pozulub, müəyyən gərginlik yaranarkən “yaxşı ki, bu, baş verdi” deməkdən də çəkinmirsən. İnanın, belə hallar baş verməsə, bir çox telekanalarımızda, media vasitələrində erməni vəhşiliyi ilə bağlı bir cümlə belə tapa bilmərik. Bəzi media qurumlarımız isə vətənpərvərlik təbliğatı qalsın bir yana, ordu ilə cəmiyyət arasında uçurum yaradaraq ordunun imicini ləkələməkdən belə çəkinmir...

Bu sahədə media ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük iş düşür. Ölkəmizdə yüzlərlə qeyri-hökumət təşkilatının fəaliyyət göstərməsinə baxmayaraq, onların vətənpərvərliyin təbliğ edilməsi ilə bağlı gördüyü işləri qənaətbəxş hesab etmək olmaz. Halbuki onlar hərbi-vətənpərvərlik klublarının təşkili qayğılarını öz üzərilərinə götürüb, bu mühüm işə layiqli töhfələr verə bilərlər.

Təkcə media vasitələrində deyil, ümumiyyətlə, küçə reklamlarında da vətənpərvərliklə bağlı hansısa təbliğat məlumatı ilə rastlaşmırıq. Hazırda marşrut avtobusları, taksilər üzərində, habelə mərkəzi küçələrdə çoxsaylı reklamlar yerləşdirilir. Amma orada vətənpərvərliyin təbliği ilə bağlı bir dənə də məlumat öz əksini tapmır. Tutaq ki, ölkəmizə hansısa xarici qonaq gəlib. O, Azərbaycan həqiqətləri ilə bağlı haradan informasiya əldə edəcək? Olmazmı ki, yol qırağında reklam lövhələrində işğal faktı ilə bağlı da müəyyən məlumatlar əks olunsun?

Bu məsələlərdə hər şeyi dövlətdən gözləmək də düzgün deyil. Qeyri-hökumət təşkilatları, media, sivil institutlar bir arada olmalı, layihələr həyata keçirməli və bütün məlum həqiqətlər gənclərimizə xatırlanmalıdır ki, onlarda Qarabağı qaytarmaq əzmi heç zaman ölməsin, eləcə də, vətənpərvərlik təbliğatı və intiqam hissimiz hər zaman yüksək səviyyədə olsun.

Olmazmı ki, hansısa məhsulun reklamına bu qədər pul xərcləyən şirkətlər, reklamlardan kifayət qədər vəsait qazanan media vasitələri vətənpərvərliklə bağlı da bir iş görsünlər?

Son olaraq qeyd edim ki, artıq Milli Məclisdə reklam haqqında qanun müzakirə olunur. Orada vətənpərvərliklə bağlı bəndlər də var. Amma o bəndlərə əməl etmək vacib deyil. Fikrimcə, nə qədər ki, müharibə şəraitində yaşayırıq, vətənpərvərliklə bağlı istər televiziya, istərsə də küçə reklamlarının nümayişi məcburi qaydaya gətirilməlidir. Əgər bu addım atılmasa, pul qazanmaqdan gözü doymayan qurumlar vətənpərvərliklə bağlı bir addım belə atmayacaq, nəticədə biz öz gənclərimizi heç bir vəchlə vətənpərvərlik ruhunda böyüdə bilməyəcəyik.


Müəllif: Aqil Lətifov