18 Fevral 2015 10:59
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqil Lətifov

Əcəl yollarımı, yoxsa ölüm yollarımı deyim bu yollara, bilmirəm. Amma getdiyimiz bu yollar hər birimizi aparır: kimisini uğura, kimisini vaxtsız məzara, kimisini azara, kimisini bazara (bilən bilir hansı bazardır bu. Burada alış yox, ancaq veriş var)...

Yol qəzalarında neçə-neçə yaxınımızı, qohumumuzu, tanışımızı, ümumiyyətlə, daha nə qədər insanı itirəcəyik? Yol terroruna görə hər gün yeni-yeni soydaşımızın həyətinda mağar qurulur, həyatı qaralır, qəddi bükülür. Bu xəbərlərə görə hansısa yaxınımız uzaq yola çıxanda o qayıdana qədər, demək olar ki, biz ölüb-dirilirik. Təki biz ölüb-dirilək, özü də bir deyil, min dəfə ölüb-dirilək, amma onlar, sevdiklərimiz getdiyi yoldan sağ-salamat qayıda...

Bir çoxumuzun bu arzusu təəssüf ki, elə yolda vaxtsız itirdiyimiz yaxınlarımız kimi, zamansız dəfn edilir.
Sonra isə bəlkələr... Bəlkə, sürücü yatmasaydı, bəlkə, getməsəydilər, bəlkə, bəlkə, yenə də bəlkə... Ancaq cifayda. Artıq olan-olub, ölən-ölüb. Ölənlə ölünməz deyirlər, lakin onsuz yaşanmır da... Ölən ölüb canını qurtarıb bu dünyadakı iyrənclikdən, çoxüzlülükdən, yaltaqlıqdan, alçaqlıqdan... Bizsə daha bir dərdə bürünürük. Lakin həyat davam edir və biz bizi sevən yaxınlarımız, qohumlarımız, övladlarımız, valideynlərimiz, bəlkə də bizi sevməyənlər üçün də yaşamalı, bəzən qürurlu, bəzənsə qəddi düz görünməliyik. Onları unutdurmağa görəmi yaşamalıyıq, onları yaşatmağa görəmi?.. Bəs özümüz? Onları unutdura, onları yaşatdıra bilirikmi?..

Yol qəzalarından ən dəhşətlilərindən biri də yoldan çıxaraq uçurumdan dərəyə yuvarlanmaq və kimsəsiz məkanda, vahiməli meşələrdə ölüm-qalım savaşı verməkdir. Yardımlı-Masallı yolunda yol kənarında addımbaşı düzülən qərənfillər, ağaclara bağlanan qaralar məhz buradakı qəzaların xəbərçisidir. Bu yolları qət edərkən görünən bu mənzərə insanı az vahimələndirmir. Bəs biz bu yollarda daha nə qədər insan itirəcəyik? Olmazmı yolqırağı müəyyən sədlər çəkilsin. Ki, ən azından avtomobillər dərəyə yuvarlanmasın. Aidiyyəti qurumlar daha nəyi gözləyir? Yardımlıda yaşayan, burayla əlaqəsi olan beş-on nəfərin də bu yolda qırılmasınımı istəyirlər? Yol terrorunudamı böyük dövlətlər dəstəklədiyi üçün bu problemi həll edə bilmirik?

Düşmənimizmidir bu yollar? Yoxsa dərd ortağımızmıdır? Bəlkə, bu yollardan üz döndərək, heç getməyək, ayaq basmayaq, onu da bilmirəm. Bu yollara necə ayaq basmayaq, axı o yollarda yaxınlarımızın ruhu dolaşır. Axı yaxınlarımız yaşayır orada. Bəsdir, deyib, tüpürəkmi bu yollara, yoxsa yenə qurban verək? Onu da bilmirəm. Bildiyim bir odur: kimləri aparmadı ki, bu yollar... Amma nə onları aparmaqdan, nə də bizi yaralamaqdan doyur.


Müəllif: Aqil Lətifov