15 May 2014 21:02
1 796

Ölkədə bəzi siyasətçilərin və yaxud siyasətbazların-iqtidarda və müxalifətdə olsun, fərq etməz-işləri çətinə düşdümü, bir müddət unuduldularmı Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyi tənqid, bir çox hallarda təhqir etməklə özlərini gündəmə soxurlar. Bu mənada növbə YAP Siyasi Şurasının üzvü, "Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərova çatıb. Virtualaz.orq saytına müsahibə verən Ağabəy Əsgərov ötən əsrin 90-cı illərində baş verən hadisələrdən danışıb, cəbhəçilərlə kommunistləri müqayisə edib, sonra isə Elçibəyi təhqirə keçib: "...Mən də Akademiyada işləyirdim. Bu sistemi yaxşı bilirəm. Ölkənin ən böyük işsiz-gücsüz avarası Əbülfəz Əliyev idi. Mən onunla eyni institutda işləyirdim. Əbülfəz Əliyev bizim şöbənin rəhbəri idi".

Ağabəy Əsgərovun kommunist sevgisini və o illərə həsrətli olduğunu bir kənara qoyuram. Zatən bu sevginin daşıyıcıları yetərincədir...

Ancaq o, hansı haqla həyatını Azərbaycan dövlətinin, millətinin, xalqının azadlığına və müstəqilliyinə həsr edən və bu amal uğrunda şəxsi həyatını ikinci planda görən, son nəfəsinə kimi öz prinsiplərinə, əqidəsinə sadiq qalan, bu gün isə sıralarımızda olmayan, dünyasını dəyişən Elçibəy haqqında belə təhqir dolu ifadələr işlədir? Azərbaycan türkünün milli dəyərləri sırasında həm də kişi olan bəndənin başqa kişinin arxasınca danışmaması ön yerlərdən birində dayanır. O da ola ki, həmin kişi dünyasını dəyişə.

Bu yerdə Ağabəy Əsgərovun yaddaşını təzələmək istərdim. Elçibəy Kələkiyə gedəndən sonra Milli Məclisdə bəziləri onun əleyhinə danışdılar və hətta təhqirə keçdilər. O zaman mərhum prezident Heydər Əliyev onların ağızlarının üstündən vurdu və bildirdi ki, Əbülfəz Elçibəy bu ölkənin ali insanıdır...

...Ağabəy Əsgərovun təhqir etib "avara" adlandırdığı Elçibəyi bütün dünaya tanıyırdı və dəyər verirdi. O həmin Elçibəydir ki, dövlətə rəhbərliyi dövründə birinci olaraq sovet qoşunlarının ölkədən çıxarılmasına nail oldu. Milli valyutanın dövriyyəyə buraxılmasını reallaşdırdı. Rüşvət yoluyla ali məktəblərə daxil olmağın qarşısını almaq məqsədilə test imtahanları keçirilməsinin bünövrəsini qoydu. Bir çox layihələrin, o cümlədən Bakı-Tiflis-Ceyhanın gerçəkləşməsi üçün əməli fəaliyyətə başladı. Bu zaman dünyanın super güclərini məcbur elədi ki, Azərbaycanın maraqlarıyla hesablaşsınlar. Elçibəy ən başlıcası öz fəaliyyətilə əsil demokratiyanın, fikir plüralizminin nə olduğunu bu xalqa göstərdi.

Nə yazıq ki, Elçibəyin bu keyfiyyətlərini zamanında anlaya bilmədik. Mübaliğəsiz deyirəm, Elçibəy öz düşüncələri, dünya görüşü, demokratikliyi və şəxsi keyfiyyətləri ilə millətdən xeyli irəlidə gedən bir şəxs idi. Bəzən deyirlər ki, Elçibəy hardasa 20-30 ildən sonrakı Azərbaycana rəhbərlik etməliydi. Çünki onun ideyaları, düşəncləri zamanı qabaqladığı üçün sovet rejimindən qurtulmuş bir millətə rəhbərlik etməsi mümkün deyildi. Birdən-birə azadlıq, müstəqillik, demokratiya qazanmış bir milləti idarə etmək olduqca çətin idi. Bu işi tədricən görmək, azadlıq, müstəqillik, demokratiyanı zərrə-zərrə millətə dadızdırmaq lazımıydı. Ancaq Elçibəy millətini sevdiyindən azadlığın, müstəqilliyin, demokratiyanın qapılarını bu xalqın üzünə taybatay açmışdı. Bizlər nə etdik? Hər birimizin məişətdə belə qarşılaşdığımız problemin səbəbkarı kimi Elçibəyi gördük. Başladıq onun idarəçiliyinə şübhə etməyə, ideyalarını ələ salmağa və s.

Bu gün isə Ağabəy Əsgərov kimiləri bu iyrənclikləri davam etdirir. Adama deyən lazımdır ki, sən bir öz fəaliyyətinə kənardan bax, sonra dünyasını dəyişən bir kişiyə çamur at. Ölkənin reket jurnalistlərinin və qəzetlərin demək olar ki, əksəriyyəti "Azərbaycan" nəşriyyatında cəm olub bu dövlətin, eləcə də mənsub olduğu hakimiyyətin əleyhinə çalışır, yalan və böhtanlar atır, təhqir dolu məqalələr yazırlar. Ancaq nədənsə Ağabəy Əsgərov bunlara göz yumur...

...Azərbaycan dövləti Əbülfəz Elçibəyə eks-prezident kimi dəyər verib. Yəni prezident İlham Əliyev ötən ilin iyununda Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya Qanununun təsdiqlənməsi haqqında fərmanimzalayıb. Ancaq Ağabəy Əsgərov eks-prezidenti təhqir edir...


Müəllif: