Biz mühakimə etməyi çox sevirik. Mühakimə edərkən də çox zaman nədənsə obyektiv deyil, subyektiv yanaşma ortaya qoyuruq. Bu, o anlama gəlir ki, insanlara düzgün qiymət verməyi ya bacarmır, ya da bunu etmək istəmirik. Bütün sahələrdə, o cümlədən idmanda, mədəniyyətdə, siyasətdə, hətta insanlar arasındakı münasibətlərdə belə, bu, fərqli deyil. Toplum olaraq ciddi çatışmazlığımızdan biridir bu.
Yəqin, bu "müstəsna" xüsusiyyətimizə görə bir göz qırpımında kimlərinsə "qələmini qırırıq". Həmin an onun gördüyü işləri, həyatımızda oynadığı rolu, cəmiyyətimizdə tutduğu mövqeyi belə gözardı edirik.
Bununla bağlı kifayət qədər misal gətirmək, müzakirələr açmaq olar. Amma mən çox uzağa getməyərək, son zamanlar diqqət çəkən iki məsələyə toxunacam ki, bunlardan biri Elnur Hüseynovla bağlıdır. Biz onu bəyənmədik, haqqında xoşagəlməz çox ifadələr işlətdik (bu gəncin gələcək fəaliyyətinə stimul vermək yerinə), o isə çəkildi bir kənara, susdu, sonra isə getdi və nəticə göz qabağındadır. Əslində, Elnurun səsini musiqi mütəxəssislərimiz, elə adi dinləyicilər də yüksək qiymətləndirir, onun qeyri-adi istedada sahib olduğunu söyləyirdilər. Lakin bir çoxu onun, türklər demiş, taşfırın erkək olmasını istəyirdi. Çox qəribə yanaşmadır, vallah. Məgər bizə Elnurun səsi, sənəti deyil, başqa yetənəkləri lazımdır? Görünən o idi ki, kimlər üçünsə sonuncu daha vacib imiş...
***
Toxunacağım digər məqam isə Röya ilə əlaqədardır. Daha dəqiq desək, onun mini ətəyi ilə bağlı. Məhz bu yaxınlarda ciddi müzakirə olunan məsələlərdən biri də Röyanın telekanallardan birində hansısa verilişə mini ətəklə qatılması oldu. Əksər "başbilənlər" bir ağızdan Röyanı qınadı ki, o, niyə bu geyimdə efirə çıxıb, milli mentalitet filan... Mini geyinib deyə o, yerdən-yerə vuruldu. Axı niyə? Nə olsun, geyinib, geyinib də. Ağlı olan onsuz da öz düşüncəsi ilə hərəkət edəcək. İstəyir Röya lap geyimsiz çıxsın səhnəyə. Unutmaq lazım deyil ki, onlar məhz bu yolu seçərək sənətə gəliblər. İndi deyin, görüm sizə Röyanın və ya digər müğənnilərin sənəti lazımdır, yoxsa geyimi və ya digər xüsusiyyətləri? Şəxsən məni onların geyimi qəti maraqlandırmır, sadəcə, sənət nümayiş etdirsinlər, yetər. Kim başqa şey nümayiş etdirmək istəyirsə, özü bilər. Puluna minnət, efirlər də açıqdır...
***
Bir də bu gerçəkliyi unutmaq lazım deyil ki, müğənnilər məhz tamaşaçıları əyləndirmək üçün səhnəyə çıxır, sözün başqa mənasında bunun üçün müxtəlif oyunlardan çıxırlar və çıxmalıdırlar da. Bunun örnəklərini xarici ölkələrə nəzər yetirsək, görərik. Yox, əgər deyirsinizsə, biz əylənmək istəmirik, o zaman kanalınızı "tərbiyəvi hesab etdiyiniz" seriallara kökləyin.
***
Əgər bu gün sorğu keçirsən, 90 faiz insan Röyanın sənətinin heyranı olduğunu çəkinmədən söyləyər. Bura məmurlar, millət vəkilləri, tanınmış simalar da daxildir. Yəni bu şəxslərin əksəriyyəti Röyanın səsinin heyranıdır (amma bəziləri nədənsə bunu etiraf etməkdən çəkinir). Bəli, məhz səsinin. Çünki bir çoxları onun səhnədə özünü aparmasını bəyənmir. Amma o, Azərbaycanda məhz belə Röya kimi sevilib, qəbul edilib. Röya artıq Türkiyə və bir çox digər ölkələrdə də kifayət qədər tanınan barmaqla sayılacaq Azərbaycan müğənnilərindəndir. Hətta deyərdim ki, məhsuldarlıq baxımından ölkəmizin ən öndə olan müğənnisidir. Və yaradıcılıq uğurlarına görə heç də fəxri adı olan sənətçilərdən geri qalmır, əksinə, bir çoxundan öndə durur.
***
Nə isə, uzun sözü qısası, öz sənəti, yaradıcılığı, musiqi istedadı, məhsuldarlığı ilə seçilən bir Röyamız var, onu da qovaqmı Elnur kimi? Vallah, biz düzgün qələmləri qırmırıq... Necə ki, Elnuru bəyənmədik, getdi və türklər ona qucaq açaraq başlarının üzərinə aldılar.