5 Mart 2015 13:25
2 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlu Azərbaycanı beş aylıq tərk edib.

Başqanlığa sabiq namizəd bildirib ki, onun Vaşinqtona belə uzun müddət səfər etməsində məqsəd əsası ABŞ Konqresi tərəfindən qoyulan, Federal Hökumət tərəfindən dəstəklənən və Demokratiya Naminə Fond tərəfindən himayə olunan proqram çərçivəsində Azərbaycan tipli ölkələrdə demokratiyanın inkişafının, insan haqlarının və azadlıqlarının qorunmasının təşviqi məqsədi güdür.

Əlbəttə, Azərbaycan yeni cümhuriyyətdir və dünyanın siyasi xəritəsində bizim kimi transformasiya dönəmində yaşayan xeyli dövlət var.

O da məlumdur ki, ABŞ dünyanın super dövlətidir, onun demokratiya təcrübəsinin öyrənilməsi və yayılması - əgər yayılmanın məqsədi sadəcə demokratiyadırsa- son dərəcə faydalıdır.

Zira, Qubad İbadoğlunun ABŞ-a bu səfəri xeyli dərəcədə təccüb doğurur və bir qədər geniş izah tələb edir.

Çünki Qubad İbadoğlunun daşıdığı titul hazırda Müsavat başqanlığına keçmiş namizəd və QHT lideri deyil.

Əgər sadəcə bunlar olsaydı, o zaman partiyada başqan seçilə bilməyən, arxasında Müsavatdan xaric edilən bir QHT sədrinin ölkəni nəinki beş aylıq, hətta daha uzun müddətə tərk etməsini təəccüblə qarşılamağa dəyməzdi.

İş ondadır ki, Qubad İbadoğlu hazırda Azərbaycan Demokratiya və Rifah ismi verilmiş və təşkilatlanma mərhələsində olan yeni bir siyasi qurumun lideridir.

Müsavat Partiyasında İsa Qəmbərin perspektivinə inanmayan, Arif Hacılını qıcıqla qarşılayan adamların əksəriyyəti Qubad İbadoğlunun başına yığışıb, onu özlərinə rəhbər görüb və ümid edirlər ki, yeni təşkilatda bi yana çıxa biləcəklər.

Qubad İbadoğlu savadlı insandır, Azərbaycan siyasətində öz həm öz intellekti, həm də intellegentliyi ilə seçilir.

Onun bir üstünlüyü də odur ki, Qubad İbadoğlu Elçibəy hakimiyyətində post tutmamışdı və Müsavatın məhz müxalifətdə olduğu dönəmdə tanınmış, pariyanın rəhbərliyində təmsil olunmuş, hətta başqanlığa iddia edəcək qədər güc sahibi olmuşdu.

Ya zəlzələdən, ya vəlvələdən, İbadoğlu bu seçkini uduzdu və daha sonra öz həmfikirlərini toplayıb yeni təşkilatın yaradıcılığına başladı.

Bu mərhələdə Qubad İbadoğlunun üzərinə düşən bir sıra vəzifələr vardı:

1) ADR-in təşkilatlanmasını parlament seçkilərinə qədər başa çatdırmaq;
2) Partiyanın siyasi spektrdə yerini müəyyənləşdirmək və bunu cəmiyyətə, diplomatik korpusa izah etmək.
3) “Müsavatın yarısı” olmaq yox, Müsavatı qəbul etməyən seqmentlərdən dəstək almaq üçün ardıcıl mesajlar vermək və sıralarına yeni siyasi aktyorlar cəlb etmək;
4) Marginallaşmış və heç bir intellektual məhsul ortaya qoya bilməyən müxalifət düşərgəsində çeşidli proqram, təklif və rəylər hazırlamaqla siyasi iddialarını “beyin mərkəzi” cazibəsi ilə ortaya qoymaq.
5) Parlament seçkilərinə hazırlıq üçün xalqın içinə çıxmaq, öz proqramlarına, dəyərlərinə məqsədlərinə tərəfdar toplamaq.

Qubad İbadoğlu bütün bunları etmədi və beş aylıq xaricə getdi.

Qubad İbadoğlu Bakıya avqustda gələcək və apolitik ovqatın yüksək olacağı yayın o cırhacırında uzaqbaşı bir-iki iclas keçirməyə müvəffəq olacaq.

Daha sonra isə parlament seçkiləri kampaniyası başlayacaq və bu kampaniyaya qatılmaq zorunda olan ADR yeni bir siyasi təşkilat olaraq yox, Qubad İbadoğlunun, Vurğun Əyyubun və digərlərinin Müsavatda topladığı xallarla çıxış edəcək.

Halbuki, ayrı-ayrı ölkələrin təcrübəsində seçki ilində yaranan və təşkilatlanmasını qısa zamandan başa vuran təşkilatlara rast gəlirik ki, onlar hakimiyyətə gələ, parlamentdə yerlərin çoxunu tuta bilməsələr də öz əzmləri və yenilikçi çıxışları ilə ənənəvi müxalif qüvvələri sıxışdırır, onlardan önə keçir.

Bu gün Azərbaycanın müxalif siyasi spektrində güclərini nə qədər itirmiş olsa belə, radikal ovqatın daşıyıcısı olan AXCP və Müsavat var. Bu partiyalar arasında üslub fərqi ola bilər, amma eyni sosial xarakterə malikdirlər.

Parlament müxalifətinin sıralarında dinə meyl edən Fazil Mustafa və sekulyarlığın təssübkeşi Qüdrət Həsənquliyevin partiyaları daha çox nəzərə çarpır.

Qarşıdan gələn seçkilərdə sədri İlqar Məmmədovun hələ azadlıqda olduğu zaman verdiyi qəzəbli açıqlamalarından çox Erkin Qədirlinin intellektual obrazı ilə maraq doğuran REAL-da artıq ictimai rəyin formalaşmasında real tərəf olaraq çıxış edir.

Bütün bu konfiqurasiyanı təhlil etdikdə bir daha o qənaət hasil olur ki, Qüdrət Həsənquliyev və BAXCP qarşıdakı seçimlərdə “ana müxalifət” rolunu ifa etməyə ən şanslı namizəddir.

Fəqət normal məntiqlə, qarşıdakı yarışda ADR AXCP və Müsavatdan daha yuxarı nəticələr göstərmək kimi bir məqsədə sahib olmalıdır.

REAL ən azı bui məqsədi qarşısına qoymuş kimi görünür.

Odur ki, Qubad İbadoğlunun rəqibi artıq sadəcə Arif Hacılı deyil.

Zənnimcə, bir siyasi lider kimi formalaşmaq və rəqabətdə erkən əzilməmək istəyirsə, o Vaşinqtondan dərhal Bakıya qayıtmalıdır.


Müəllif: Taleh Şahsuvarlı