17 May 2014 18:01
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu da sonuncu tur. Futbol üzrə Azərbaycan çempionatının rəsmi adı ilə Topaz Premyer Liqasında son tura bu gün yekun vurulacaq. Bununla da 10 komandanın iştirakı ilə başlayan və 4 dövrəli sistemlə keçirilən uzun marafon sona yetmiş olacaq.

Komandalar son oyunlarına çıxmamışdan əvvəl artıq demək olar ki, çempionatda bütün mükafatçılar və titullar bəllidir. Bəlli olmayan cəmi iki məsələ qalıb. Birincisi və ən əsası, sonuncu pillənin sahibi bu turda müəyyənləşə bilər. Bu barədə bir az sonra danışacağıq.

İkinci məsələ isə üçüncü yerin sahibinin kimliyinə aydınlıq gəlməlidir ki, bu barədə də aşağıda geniş bəhs edəcəyik.

Beləliklə, başlayaq çempionun oyunundan. Artıq iki tur əvvəldən çempionluğu dəqiqləşmiş “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşacaq. Bu oyun hər iki komanda üçün elə də böyük əhəmiyyət kəsb eləmir.
Ağdamlıların çempionluğu dəqiqləşib, lənkəranlılar isə artıq heç bir hədəf uğrunda mübarizə aparmırlar. Məhz bu səbəbdən hər iki klubun və PFL-in də razılığı ilə əslində Lənkəranda keçirilməli olan oyun Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Bu qarşılaşmadan sonra çempion komandaya kubok və medallar təqdim olunacaq. Oyunun necə keçəcəyi haqqında onu demək olar ki, hər halda nə cənublular rəqiblərinin, nə də ağdamlılar öz çempionluq bayramlarını korlamaq istəməyəcəklər.

Məkanı dəyişdirilmiş digər bir oyun isə əslində Şüvəlanda baş tutmalı olan, ancaq “Şəfa” stadionunda keçiriləcək AZAL-"İnter" qarşılaşmasıdır. Bu oyunun da yerinin dəyişdirilməsi səbəbi gümüş medalları dəqiqləşdirmiş “İnter”in mükafatlandırılma mərasimidir.

“Simurq”-"Neftçi" qarşılaşması isə zaqatalalılar üçün əhəmiyyətsiz hesab olunsa da, hər halda üçüncülük uğrunda “Qəbələ” ilə mübarizə aparan “ağ-qaralar” üçün vacib oyundur. Ancaq deyəsən, “Neftçi” artıq bürünc medallara sahib olmaq həvəsində deyil. Çünki son məlumatlara görə, komandanın bir sıra əsas heyət oyunçuları və baş məşqçi Böyükağa Hacıyev Zaqatala səfərində komanda ilə birlikdə olmayacaqlar.

Deyəsən, Zaqatalanın yolunun uzaqlığı bizim baş məşqçiləri yaman qorxudub. Keçən tur Mustafa Dənizli də şimal-qərb səfərindən imtina eləmişdi. Nə deyək, özləri bilən məsləhətdir.

“Qəbələ”-"Sumqayıt" oyunu isə bəlkə də, turun ən vacib qarşılaşmasıdır. Çünki yeganə cütlükdür ki, hər ikisinin hədəfi var və heç biri hədəflərindən əl çəkmək niyyətində deyillər. “Qəbələ” tarixində ilk dəfə mükafatların bir addımlığındadır. Bu şansı heç kim qaçırmaq istəməz.

“Sumqayıt” isə mövcud reqlamentə görə sonuncu olub Premyer Liqanı tərk etməmək üçün bu oyunda məğlubiyyətdən qaçmalıdır. Çünki “Rəvan”ın potensial qələbəsi “gəncləri” son sıraya sala bilər ki, bu da yolun sonu deməkdir.

Maraqlı və gərgin mübarizənin vəd olunduğu qarşılaşmada hər iki komanda var gücü ilə mübarizə aparacaq. Son sıraya düşməməkdən ötrü bütün gücünü səfərbər edən sumqayıtlılar çempionatın sonuna yaxın əməlli-başlı təhlükəli rəqibə çevriliblər.

Ancaq onu da qeyd eləmək lazımdır ki, ikinci dövrənin gedişatında bir az büdrəmələr olsa belə, “Qəbələ” son turlar yaxşı oyun nümayiş etdirir.

“Bakı”-"Rəvan" oyunu haqqında ötən yazılarımızda geniş bəhs olunduğundan təkrarçılıq olmasın deyə yazmaq istəmirəm.

Hər halda “Rəvan” bu oyuna son şans kimi baxır və qalib gəlmək üçün bütün vasitələrdən istəfadə eləyəcək kimi görünür.


Müəllif: Zaur Xudiyev