Cənubi Amerikadan və ya Skandinaviya ölkələrindən gələn siyasi xəbərlərin fotolarında biz tez-tez qadın baş nazirlərə, prezidentlərə, millət vəkillərinə rast gəlirik. Digər hallarda isə Almaniya federal kansleri Angela Merkeli çıxmaqla qadınlar əsasən ikinci-üçüncü postlarda qərar tuturlar.
Azərbaycanın siyasi tarixi yeni olduğu üçün hələ ki prezident, baş nazir və ya nazir səviyyəsində hansısa qadın təmsil olunmayıb. Amma ötən illərlə müqayisədə parlamentin və hökumətin tərkibində qadınlar tədricən müəyyən qədər yer tuta biliblər.
Hazırda Milli Məclisin rəhbərliyində Bahar Muradovanın timsalında bir qadın təmsil olunur. Parlament komitələrindən isə yalnız İnsan Hüquqları komitəsinin rəhbəri qadındır. İntizam komissiyasında isə iki qadın təmsil olunur. Ümumiyyətlə isə Milli Məclisdə 20-yə yaxın xanım millət vəkili var. Nazirlər Kabinetinin tərkibində isə yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır.
Partiyalara gəldikdə isə, hakim Yeni Azərbaycan Partiyasının sədrinin 4 müavinindən biri qadındır. Partiyanın Siyasi Şurasında 88 şəxsdən 12-si qadındır. 20 nəfərlik idarə heyətində isə 3 qadın təmsil olunur. 15 üzvü olan Mərkəzi Nəzarət-Təftiş Komissiyasında isə iki qadın təmsilçilikdədir.
Digər partiyaların saytında yetərli məlumat olmadığına görə, qadınların hansı səviyyədə təmsil olunduğunu müəyyən etmək olmur. Müsavat partiyasının saytında olan məlumata görə, 11 nəfər Divan üzvündən ikisi qadındır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədrinin heç bir qadın müavini yoxdur. Partiyanın Siyasi Şurasının 14 üzvündən yalnız biri qadındır. Mərkəzi İcra Aparatında isə 3 qadın təmsil olunur.
BAXCP sədri Qüdrət Həsənquliyevin də qadın müavini yoxdur. Partiyanın Ali Məclisində bir, həmçinin partiya MNTK-da da bir nəfər qadın təmsil olunur.
ADİP-in Siyasi Şurasında isə 4 qadın təmsil olunur.
Beləliklə, aydın olur ki, qadınların parlamentdə, hökumətdə, partiyalardakı təmsilçiliyi ölkənin siyasi tarixi üçün normal mənzərədir. Nəzərə alsaq ki, siyasət digər sahələrlə müqayisədə qadınların daha az maraq göstərdiyi sahədir, ona görə də rəqəmlərin hər seçkidən-seçkiyə ancaq müəyyən faizdə artması mümkündür. Ötən bələdiyyə seçkiləri göstərdi ki, qadınlar yerli səviyyədə idarəetməyə artıq geniş maraq göstərir. Bu baxımdan bu ilki parlament seçkilərində də qadınların iştirakının bir qədər artacağı gözləniləndir. Amma siyasətin mahiyyətindən, qadının təbiətindən doğan anlayışları göz önünə alsaq, qadınlar heç vaxt siyasətdə üstünlüyü ələ ala bilməyəcək.
Qadınların ən üst səviyyədə təmsil olunmasına gəldikdə isə, Azərbaycanda yalnız Lalə Şövkətin timsalında bir zamanlar aktiv qadın partiya sədri olub. Hazırda isə o, demək olar ki, siyasi fəaliyyətlə məşğul olmur.