14 Mart 2015 17:35
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoxsa 11 uşaq anasının çöldə-yamacda nə azarı? Gəl gör bu hadisə bizdə olsa, nə qiyamət qopardı. Əlüstü adamın adına ad qoyacaqdılar - ya deyəcəkdilər dəli olub, dərələrə düşüb və dərələrdən çıxa bilmir, ya bir başqa qulp qoyacaqdılar ki, bəs kiməsə pul-filan atıb, indi aradan çıxıb izi azdırmaq istəyir, ya da vedrə bağlayacaqdılar ki, bəs filankəsin arvadı kiməsə aşiq olub, qoşulub da gedib, əlqərəz, pozğunun, avaranın biridi. Bax, bizim yanaşmamız bu. Neyçün ki, düşüncəmiz dardı, hələ burnumuzdan o yanı görmək iqtidarımız yoxdu.

***

Şükür, 11 uşaq anası deyiləm və maşallah, namxuda 68 yaşım da yoxdu (və o yaşa çatıb-çatmayacağımı da bir Allah bilər), amma və lakin o qadının keçirdiyi halı, düşdüyü vəziyyəti hər bəndə kimi mən də anlayıram. Bu getmək məsələsi ki var, bu iş qızın-qadının xislətinə yad məsələ deyil. Bax hələ, dünyaya gözünü açandan bəslənib əzizləndiyi ata ocağı ki var - günün birində qız uşağı o məkanı heç uf demədən rahatcana tərk eləyir. Hələ köçüb gedəndə gözünə dəyən hər dəyərli əşyanı yığıb-yığışdırıb aparanlar da var. Sonra ər evinin qaydalarına uyğunluq prosesi gedir. Bu prosesdən də azacıq narazı qalanlar eyni rahatlıqla geri - ata evinə qayıdır, bu dəfə də qoltuğunda doğub-törədiyi çolma-çocuğunu gətirirlər. Yəni qadın xeylağının məkana bir o qədər bağlılığı yox. Qadını rəncidə edən əsas nəsnə münasibətdi. Canı narahat olunca başını götürüb gedir. Könlü harada xoşluq tapdısa asanca oraya salır meylini. Bu dəfə getməyə qərar verdimi - birdəfəlik gedir - geri dönməmək şərtilə.

***

O isə gedəndə bilirdi ki, qayıdacaq. Zatən arzusu-niyyəti sağ gedib salamat qayıtmaq idi. Kim, hara və necə? Maraqlı hadisədi - danışım, xəbəriniz olsun.

***

Hadisə baş verib ötən əsrin 55-ci ilində. Okeanın o tayında Ohayo ştatında yaşayan Emma Geytvudun əlinə bir jurnal keçir. Jurnalda oxuyur ki, Amerikada bir çətin, keçilməz yol varmış, adına Appalaçi deyərmişlər. Bu dağ yolunu keçib getmək hər oğulun hünəri deyilmiş. 3500 kilometrlik yola çıxanlar gedər-gəlməzə hazırlaşanlar kimi tədarük görərmişlər. Və bu yolu gedib də qayıtmaq əsl şücaət sayılırmış. Həmin yazı xanımın yuxusunu da ərşə çəkir. Düşünüb daşınıb bu qərara gəlir ki, həmin yolu qət eləsin, həyati məqsədinə çevirir bu istəyi. O qədər aludə olur ki istəyinə - günün birində heç kəsə bir söz demədən evdən çıxıb yola düzəlir. Az gedir üz gedir, düz 142 gün yol gedir, tək-tənha, dağların-daşların arasıyla təhlükəli bir yol. Yağışa da düşür, vəhşi heyvanla da üz-üzə gəlir, ac qaldığı da olur, ayaqyalın, başıaçıq vəziyyətdə gəzib dolaşdığı da. Amma istəyinə çatır. 142 günə 3500 kilometrlik yolu tək-tənha qət eləyir. Bu məsafə sizə az gəlməsin - Bakı ilə Moskvanın arası təxminən 3000 kilometrdir. O boyda yolu - tək, köməksiz, piyada. Və bu hadisədəki ən maraqlı fakt - amerikalı Emma yola çıxanda onun düz 68 yaşı olub. Emma 11 uşaq anası olub, 23 nəvəsi, 30 nəticəsi varmış. Amma həyatının məqsədinə, məramına bax.

O yolu ilk qət edən qadın kimi adı tarixə düşüb - Amerika tarixinə. Bir dəfəylə kifayətlənməyib ki. 75 yaşın tamamında qadın bir də həmin yola düzəlib. Yenə eyni marşrutu eyni çətinliklə qət edib. Bu israrına, istəyinə və əzminə görə bir ömür sadə kəndli qadın kimi yaşayan Emma Geytvud olmazın şöhrət qazanır, ölkəsinin sayılan-seçilən adamlarından birinə çevrilir. Tək bir əməl və bu əmələ verilən dəyərə görə. Normal cəmiyyətlərdə hər hərəkət bax belə - adekvat şəkildə dəyərləndirilir.

Bu maraqlı tarixçədə məni maraqlandıran nədir, bilirsiz? 68 yaşı olanda nolar? Bəlkə, o xanım elə dərd əlindən dağa çıxırmış? Bəlkə, bir elə oğul-uşaq, külfət arasında ünsiyyət, anlaşma tapmadığından çöllərə düşürmüş. Adi sıradan bir insanın qəlbində birdən-birə şöhrət həvəsi haradan yaransın ki? Kim bilir... Mənbələr onu da xəbər verir ki, bu qadın ömür boyu kötək yeyib, ərinin qapazı onun başından əskik olmazmış.

***

Nəticəni özünüz çıxarın. Qapaza, kötəyə öyrəşdirməyin əlinizi. Yanınızdakı gedər və bir daha geri qayıtmaz. Lap 68 yaşı olsa belə.


Müəllif: Afaq Vasifqızı