Ağlınıza başqa şey gəlməsin. Bu, Novruz mövzusunun davamı deyil. Novruz oldu da, bitdi də, getdi. Bayram sonrası dietadan-filandan da danışmayacağam. Kim istər az yeyər, kim istər çox.
Kim 150 kilo olmağı tərcih edər, kim ac-yalavac gəzib günü-günə calamağı - hər kəsin şəxsi işi, doğal haqqı. Bizlik nə var ki? Məni narahat edənsə bu gün adı dillərdən düşməyən kreativlik məsələsidir. İş axtaranların saytına baxıram və ağlım gedir başımdan - demə, bu məmləkətdə işsiz qalanların əksəriyyəti kreativ düşüncəyə malik imiş ya da kreativ düşüncəyə malik olduğunu güman edirmiş. Sonuncu vaiant daha pis - kreativ olmayasan, amma və lakin kreativ olduğuna əmin olasan. Neyçün ki, belə bir durum gec-tez ağır nəticələrə gətirib çıxarır. Tünd olunca öz qabını çatladan sirkə misalı.
**
İndi bu kreativlik adı altında çox adamın torbasını tikmək mümkün. Və elə tikirlər də. Kimi bəyənmədin, özünü də pis eləmək istəmədinsə - de ki, pis adam deyil, amma kreativ düşünə bilmir. Vəssalam. Hesab elə ki, əlində tutarlı bir dəlil-sübutun var, adamın da torbasını tikdin, getdi. Çünki heç səndən xəbər alan olmayacaq ki, ay adam balası, kreativ düşüncə deyib də nişan verdiyin nə mənədi? Ölçüsü-meyarı, mizan-tərəzisi varmı? Narahat olma - soruşan olmayacaq.
***
Kreativlik - istənilən məsələyə qeyri-standart yanaşmadı, qəbul olunmuş trafaretlərdən çıxmaqdı, qəliblərə sığmayıb da yeni və maraqlı ideyalar irəli sürməkdi. Problemlərə başqa cür yanaşıb da qeyri-adi çıxış yolları tapmaqdı. Kreativ düşüncə, adətən, yaradıcı düşüncədi, bir az inqilabçılıq, yenilik gətirmək həvəsi var canında. Yəni adam, deyək ki, bəstəkardı, rəssamdı, modelyerdi - yox yerdən nəsə yaratmaq qabiliyyətinə malikdirsə, yazıçıdı, şairdi, jurnalistdirsə, və yalnız bəlli peşə sahibi deyil, həm də öz işinin peşəkarıdırsa, demək artıq kreativdi - yüzə yüz. Kreativliklə yaradıcılıq qoşa addımlayan nəsnələr. Kreativ düşünməyən nəsə yarada bilməz ki.
***
Ağıl - bilirik ki, yaşda deyil. Bəs kreativlik necə? Yaşın üstünə yaş gəlincə azalır, ya çoxalır? Amerika mütəxəssislərinin fikrincə, kreativliyin yaşa-başa dəxli yoxdu. İnsan yeniyetməlik dövründə də, ahıl yaşında eyni dərəcədə kreativ ola bilər. Yaşın bu məsələyə dəxli yox. Pablo Pikasso ən dəyərli rəsmlərini 26-30 yaş arası kətana köçürüb. 15 yaşından rəssamlıqla məşğul olan Pol Sezan isə ən dəyərli əsərini 61 yaşında çəkib. Yəni məhz o yaşda kreativ düşüncəsi pik həddə çatıb. Klint İstvud ən yaxşı rejissor nominasiyasında "Oskar" qazananda 74 yaşı vardı. Tarixdə belə misallar yüzlərcədi.
***
Bir də var kreativliyin əksini edənlər - yəni var adilər, var adilərdən çox yüksəkdə duran qeyri-adilər, bir də var adilərdən qat-qat aşağıda sürünən zaylar. Belələri üçün ümumiləşdirici bir təyin tapmağa da lüzum yox. Hadisə vaqe olub Rusiyanın İrkutsk vilayətində. "İnterfaks"ın yaydığı xəbərə görə, İrkutskdakı Kaçuqa rayonunun maarifpərvər başbilənləri uşaqlara bəzi kitabları qadağan ediblər - "Qoğal", "Karlson", "Düyməcik" kimi əsərlər zərərli ədəbiyyat kimi kitabxanalardan yığışdırılıb. Niyə? Demə, "Karlson" ailə dəyərlərini sarsıtdığına görə valideynləri hörmətdən salırmış. "Tom Soyyerin macəraları" uşaqları avaralanmağa təhrik edirmiş. "Qoğal" isə sadəcə qoğala qarşı zoru təbliğ etdiyindən ən təhlükəli ədəbiyyat sayılırmış. Belə qənaətə gələn təhsil rəhbərlərinə nə deyəsən? Geri zəkalı? Zay? Sərsəm? Ya da üçü birində? Bu üçü birində səlahiyyət sahiblərinin yaşları bəlli olmasa da, başlarının necə işlədiyi göz qabağında. Yaxşı ki dəvədən böyük fillər hələ bu cür sərsəm qərarları saf-çürük eləmək iqtidarında. Əks halda belə psevdo-kreativ vəzifə sahibləri rusun tək anasını yox, balasını da ağladacaqdılar.
***
Kreativ olmaq yaxşı göstəricidi, tanrı payıdı. İşinizin peşəkarısınızsa - harada olsaz, bəh-bəhlə yuxarı başa keçirəcəklər. Yox, əgər ilahidən belə bir qabiliyyətiniz yoxdursa, yapma kreativlik həvəsinə düşməyin. Yapma olan hər şeyin qopub düşüb məhv olacağı labüd. Sadəcə, geci-tezi var.