2 Aprel 2015 11:01
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Ədilovu həmişə mənasız adam hesab etmişəm.

Eləcə də, onun maddi lideri Əli Kərimlini, mənəvi lideri Əli Şəriətini də doğru yolun yolçusu saymamışam.

Əgər iranlı Əli Sartrı oxuyub Şəriəti olmuşdusa, azərbaycanlı Natiqin Şəriətini oxuyub nə olacağı aydın idi.

Bir ara kommunizmə meyil edən bu adam ərəb baharı dönəmində qəfildən radikal şiəyə döndü, İrana qarşı açıq-aşkar sevgisini izhar elədi. Hətta “dualarımız İranladır”, - deyə Qumdakılara mesaj göndərdi.

Eləsin. Necə ki, Volter deyirdi ki, sənin fikirlərini bölüşməsəm də, fikrini müdafiə etmək üçün hər cür cəfaya hazıram. Necə ki, ölkədə İranı da, Turanı da sevən kifayət qədər şəxs var.

Əslində, Natiq Ədilov daşıdığı qafa ilə İrandan başqa bir ölkəni sevəcək durumda deyildi. Amma sonunda İrana da xəyanət edəcəyi aşkar idi.

Axı, Natiq Ədilov bu qədər İranı sevirdisə, niyə gedib Tehranda, Şirazda, sevdiyi mollaların çıxdığı Qumda özünə yurd-yuva salmadı?

Axı Natiq Ədilov bu qədər İslam təəssübkeşi idisə, niyə Yəməndə İranın dəstəklədiyi Husilərə qoşulub İmam Mehdi yolunda şəhidlik şərbəti içmək istəmədi?

Axı niyə Natiq Ədilov müsəlmanları qıran, İslam ölkələrini parçalayan, Fələstində körpələri öldürən İsrail dövlətinə qarşı cihada başlamadı?

Axı ona yaraşardı ki, günün birində Bəşər Əsədin yanında yer alsın, vəhhabi müxaliflərə, İŞİD-ə qarşı vuruşsun, müqəddəs torpaqları terrorçulardan azad eləsin.

Axı müqəddəs Quranda deyilir ki, yəhudi və xristianları özünüzə dost tutmayın, onlar ancaq bir-birilərinin dostudur.

İndi Ədilov yoldaş nədən müsəlmanları təhqir edən bir jurnalın çap olunduğu ölkədən nicat istəyir, o ölkəyə sığınır.

Axı İslam yolunda çarpışan Allah əsgərləri Kabildə, Bağdadda, Dəməşqdə, Yəməndə cənnət eşqi ilə kafirlərlə mübarizə aparır.

Axı həmin Fransa deyilmi ki, erməni “soyqırımı”nı tanımayan vətəndaşlara cəza kəsir, müsəlman qadınların hicabına sataşır, zamanında Əlcəzairdə milyonlarla din qardaşımızı qətlə yetirib?

Axı Fransa o dövlət deyilmi ki, iyirmi ildir ATƏT-in Minsk qrupunda təmsil olunur, amma bir yaralı barmağı hələ də sarmayıb.

Ola bilər ki, Natiq Ədilovun Məşhəd-Paris turunda ağası Xomeyni kimi gizli islami inqilab hissləri yatsın.

Keçmiş kommunist, dünənki dindar, sabahkı liberal Ədilovun iddialarına gəldikdə isə.

Bildirir ki, niyə bizdə yüz minlik mitinqlər olmur.

Bir şey ki, bu barədə indiyə qədər min sifət dəyişən sən və liderin danışırsa, 2-3 min adamın çıxması da gərəksizdir.

Milli Şura adlı qurumun Rusiyanın layihəsi olduğunu uzaq Çindəki yəcuc-məcuclar da artıq bilir, amma bu qurumda insanları mitinqə çağıran zavallıları hələ də var.

Mitinq siyasətdə bir vasitədir, amma bu xalq o vasitəyə qoşulacaqsa, öncə vasitəçiyə baxacaqdır.
Siz bir özünüzə baxdınızmı?


Müəllif: Dilqəm Əhməd